Belə davam edərsə, ciddi şəkildə uduzan tərəf ermənilər və Ermənistan olacaq Belə davam edərsə, ciddi şəkildə uduzan tərəf ermənilər və Ermənistan olacaq

Rusiya ilə münasibətlərin gərginləşməsi Ermənistanı xaosa sürükləyəcək - Toğrul İsmayıl

Belə davam edərsə, ciddi şəkildə uduzan tərəf ermənilər və Ermənistan olacaq

AzNews.az analitik-informasiya portalının suallarını Ankara Universitetinin professoru Toğrul İsmayıl cavablandırır:

- Toğrul bəy, Rusiyanın Ermənistandan uzaqlaşmasına səbəb nədir?

- Mən Rusiyanın Ermənistandan uzaqlaşdığını düşünmürəm. Səbəbi də budur ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov açıqlamasında Ermənistanın Rusiyanın müttəfiqi olduğunu açıq şəkildə ifadə etmişdi. Azərbaycanla isə arada sadəcə yaxşı əməkdaşlıq olduğunu ifadə etmişdi. Digər yandan Rusiya ilə Ermənistan eyni Avrasiya İqtisadi Birliyində, Kollektiv Əməkdaşlıq Müqaviləsi təşkilatına yer alırlar. Rusiyanın Ermənistanın Gümrü şəhərində hərbi bazası var. Eyni zamanda, Rusiya ilə Ermənistan 2017-ci ildə qərargahı İrəvanda olan ortaq ordu qurmuşdular. Bununla birlikdə, Rusiya Ermənistanın dəmir yollarına, qaz şəbəkəsinə, digər iqtisadi məsələlərinə ciddi nəzarət edir.

Sadəcə Putininin Paşinyanı görəsi gözü yoxdur. Bunun da səbəbi bəllidir. Paşinyan bu gün Ermənistanda açıq şəkildə Rusiyaya qarşı əks mövqedə Qərbyönümlü siyasət yeritməyə çalışır. Yəni hər şeydə Rusiyanı günahlandırır, bir növ bacarıqsızlığını Rusiyanın üzərinə yıxmağa çalışır ki, bu da Rusiya üçün xoş deyil. Həmçinin, Rusiyanın Ermənistana Qarabağ məsələsində dəstək vermədiyini düşünmək də doğru deyil. Çünki burada Azərbaycanla Türkiyənin birlikdə əməkdaşlığı var. Eyni zamanda, Azərbaycanın yürütdüyü diplomatik münasibətlər çərçivəsində həmlələri var. Müqayisə üçün demək lazımdır ki, bu gün Ukrayna müharibəsi çərçivəsində baxdığımız zaman Rusiya üçün Türkiyə ilə Azərbaycanın əhəmiyyəti Ermənistanın əhəmiyyətindən daha çoxdur. Paşinyan Qərblə münasibətlərdə Rusiyaya qarşı müttəfiq kimi davranmır, ona "xəyanət edir". Ən son xanımının Kiyevi ziyarət etməsi, orada humanitar yardım dağıtması da, Rusiyanı ciddi şəkildə narahat etmişdi. Ümumiyyətlə, burada Ermənistandan daha çox Paşinyanla Putin arasında münasibətlər çox da xoş deyil.

- Sizcə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan Parlamentində təsdiqlənərsə, rəsmi Moskva Ermənistana qarşı hansı addımları atacaq?

- Əlbəttə müvafiq işlər görəcəklər. Amma burada əsas məsələ bu qanunun keçməsindən daha çox Rusiya və Ermənistan siyasi liderlərinin arasındakı münasibətdir. Biz hazırkı şərtlərdə Paşinyanın Rusiyaya qarşı müttəfiq kimi davranmadığını görürük. Bunun müxtəlif səbəbləri var, amma ən əsas səbəb odur ki, ilk gündən Paşinyan özünü hər zaman anti-rus göstərməyə çalışırdı. Əslində bir göstərici də odur ki, Rusiya getdikcə zəifləyir və Ermənistan bunu hiss edərək ğzünü qurtarmağa çalışır. İndiyə qədər yürütdüyü siyasətlərlə, digər vasitələrlə həmişə Rusiyanın himayəsində olan Ermənistan, indi özünə başqa ağalar axtarır.

- İki ölkə arasında gərginləşən münasibətlər fonunda Cənubi Qafqazda hadisələr necə cərəyan edəcək, itirən və udan tərəflər kimlər olacaq?

- Cənubi Qafqazda hadisələr necə cərəyan edəcək dediyimizdə, bəlkə də bu münasibətlərin bölgəyə təsirini düşünürük, amma, məncə, iki ölkə arasında münasibətlərin gərginliyi çox vacibdir və buna baxmaq lazımdır. Əlbəttə, bu münasibətlərin gərginləşməsi, Ermənistanın daha da ağır vəziyyətə düşməsinə səbəb olur. Çünki burada iqtisadi bağlantılar var. Rusiya ciddi şəkildə Ermənistan üçün bir ticarət qapısıdır. Enerji qaynaqlarının alınma məsələsində yenə Rusiyanın Ermənistana uyğuladığı güzəştlər var ki, bu güzəştlər də ləğv edilə bilər. Bu günkü şərtlərdə, yəni qonşularla problemi olan, ərazi iddiası olan, dövlət iqtisadiyyatı zəif olan, intriqaların içini bürüdüyü bir Ermənistanın Rusiya ilə münasibətləri gərginləşdirməsi ölkəni daha da xaosa sürükləyəcəkdir. Ermənistan ciddi şəkildə iqtisadi böhranla qarşı-qarşıya qala bilər. Sonda isə Ermənistan əgər bu problemdən qurtulmaq istəyirsə, mütləq Azərbaycan və Türkiyə ilə qalıcı sülh müqaviləsi imzalamalıdır. Amerikaya, Fransaya, bölgədən kənardakı güclərə güvənərək varlığını davam etdirmək olduqca çətindir. Bunu erməni siyasiləri də anlamalıdır. Belə davam edərsə, sonda çox ciddi şəkildə itirən, uduzan tərəf kimi ermənilər və Ermənistan olacaq.

Rəfiqə NAMAZƏLİYEVA