Vətəndən uzaqda yaşamağın görünməyən çətinlikləri - Psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə

Son illərdə təhsil və karyera məqsədilə ölkədən kənara köçən gənclərin sayı artmaqdadır. Bu proses yeni imkanlarla yanaşı, psixoloji çətinliklər də yaradır. Mövzunu dərindən anlamaq üçün psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə etdik:

– Dilbər xanım, hazırda bir çox gənclər təhsil, iş və ya sosial səbəblərlə miqrasiya edir. Psixoloji baxımdan bu proses ilk olaraq hansı çətinlikləri yaradır?
Ən böyük çətinlik kimlik böhranıdır. İnsan doğma mühitdən uzaq düşəndə “Mən kiməm?” sualı daha kəskin hiss olunur. Yeni mühitdə dillə bağlı baryer, sosial qaydalar, gündəlik vərdişlər fərqli olur və beyin daima uyğunlaşmağa məcbur qalır. Bu isə yorğunluq, tənhalıq və bəzən özünü dəyərsiz hiss etmə ilə müşayiət oluna bilər.

– İnsanların çoxu vətəndən uzaqda tənhalıqdan şikayətlənir. Bu nədən qaynaqlanır?
Çünki sosial dəstək şəbəkəsi parçalanır. Burada ailə, yaxın dostlar, qonşular yoxdur. Yeni münasibətlər qurmaq vaxt və enerji tələb edir. İnsan isə eyni anda həm yeni şəraitə adaptasiya olur, həm də münasibətlərini sıfırdan qurmağa çalışır. Bu balansı tapmaq çətindir.

– Bəs miqrantların adaptasiya dövrünü asanlaşdırmaq üçün hansı psixoloji üsullar tövsiyə oluna bilər?
Bir neçə sadə, amma təsirli üsul var:
-Kiçik hədəflər qoymaq: Məsələn, hər gün bir yeni kəlmə öyrənmək, ya da yeni bir tanışla salamlaşmaq.
-Əlaqəni qorumaq: Vətənlə əlaqəni kəsməmək, ailə və dostlarla onlayn görüşlər keçirmək.
-İcma dəstəyi: Eyni taleyi yaşayan insanların toplandığı dərnəklərə, icmalara qoşulmaq. Bu həm özünü daha güvənli hiss etdirir, həm də praktik olaraq dəstək verir.
-Özünə qayğı: Fiziki sağlamlığa diqqət etmək-idman, düzgün qidalanma və yuxu psixoloji adaptasiyada böyük rol oynayır.

– Bəzi insanlar illərlə yaşasa da, yenə də özünü yad kimi hiss edir. Bunun qarşısını necə almaq olar?
Adaptasiya sadəcə “Dil öyrənmək” deyil, həm də “Özünü qəbul etdirmək”dir. İnsan yeni ölkədə yalnız “Qonaq” kimi qalsa, heç vaxt rahat hiss etməyəcək. Amma “Mən də bu cəmiyyətin bir hissəsiyəm” baxışı formalaşdırıldıqda balans yaranır. Bu da zaman, səy və psixoloji elastiklik tələb edir.

– Sonda, miqrasiyanı düşünən və ya hazırda bu prosesi yaşayan oxucularımıza nə məsləhət görərdiniz?
Ən önəmlisi odur ki, çətinliklərin normal olduğunu bilsinlər. Çünki heç kim doğma yurdu tərk edib başqa bir mədəniyyətdə dərhal rahatlaşmır. Özünüzə zaman verin, kiçik uğurlarınızı qeyd edin və unutmayın: Adaptasiya qısa zamanda həll edilməli məsələ deyil, bir prosesdir.

Nuray,

AzNews.az