Sovet İttifaqı dağıldıqdan sonra, Rusiyanı parçalamağı hədəfləyən bir sıra təsisatlar ortaya çıxdı. Sovet İttifaqı dağıldıqdan sonra, Rusiyanı parçalamağı hədəfləyən bir sıra təsisatlar ortaya çıxdı.

Şimali Qafqazda nüfuz uğrunda savaşın gizlinləri - III yazı

Sovet İttifaqı dağıldıqdan sonra, Rusiyanı parçalamağı hədəfləyən bir sıra təsisatlar ortaya çıxdı.

Sovet İttifaqı dağıldıqdan sonra, Rusiyanı parçalamaq, Avrasiya məkanı məsələsində Moskvanı pərdə arxasında qalmağa məcbur etməyi hədəfləyən bir sıra təsisatlar ortaya çıxdı. Qərb pərdə arxasında gizli qalmaq üçün yaxın müsəlman ölkələrini bu prosesə cəlb etməkdə maraqlı idi. Şimali Qafqazda Türkiyənin rolunun daha üstün səviyyədə olacağı gözlənilirdi. Ona görə ki, 1761-1860-cı illərdə yaşanılan “Yüz illik Qafqaz Müharibəsi” əslində Osmanlı və Çar Rusiyası arasında bölgədə nüfuz savaşı kimi dəyərləndirilir və bu gün də Şimali Qafqazəsilli çoxlu sayda mühacir Türkiyədə yaşayır.

Nurçuların Qafqaz yürüşü

1991-1992-ci illərdə gözlənilmədən “Fətullah Hoca”nın təşəbbüsü ilə yağışdan sonra göbələk kimi Şimali Qafqazın Dərbənd, Mahaçqala, Xasavyurt, Buynaksk (Dağıstan), Qroznı (Çeçenistan), Nalçik, Baksan (Kabarda-Balkar), Çerkassk və Karaçay (Qaraçay-Çərkəz), Maykop (Adıgey), Karabulak və Maqas (İnquşetiya) şəhərlərində, orta məktəblər və islam universitetləri şəbəkəsi yaradıldı. Bu təhsil ocaqlarında daha çox din pərdəsi altında nurçuluq təliminin əsasını qoymuş Səidi Nursinin “Risaleyi-Nur” kitabları tədris olunurdu. Bununla yanaşı, Türkiyədən dərs deməyə gəlmiş “hocalar” mənsub olduqları dövlətin qurucusu Mustafa Kamal Atatürkə həqarətləri yağdırmağı da unutmurdular. Hər dəsrdə bu barədə şagirdlər və tələbələrdən “Atatürkün din düşməni və mason olması” barəsində verilən ev tapşırıqlarını soruşurdular.

Bununla yanaşı, Şimali Qafqazda ənənəvi islam dini inancı ilə bağlı nəqşibəndi, şazili, qadiriyyə sufi ordenlərinə də nurçular diqqət yetirirdilər. Türkiyə vətəndaşı olan və Şimali Qafqazla bağlı çərkəzlər (kabarda, çərkəz, adıgey, abaza, abxazlar) vahid ideya ilə bir araya gəlməyə çalışırdılar. Onları çərkəz mənşəli Burcu Nəcməddin İsmayil adlı birisi idarə edirdi. Çünki nurçular istənilən anda təriqətlərini gizlədərək asanlıqla başqa bir cərəyanın nümayəndəsi kimi özlərini təqdim etməyi bacarırlar. Beləliklə, həm də süleymançılıq təriqəti nurçuluqla paralel təbliğ olunurdu. Fətullah Gülənin əmri ilə təsis edilmiş “Serhat”, “Eflak” təşkilatları, “Toros”, “Tolerans” və “Ufuk” fondları Şimali Qafqazı ələ keçirməyə can atırdılar.

Onlar özlərindən o qədər razı idilər ki, az qala hamını bu qurumların əbədi güc olduğuna inandıra bilmişdilər. Türkiyədə fətullahçılıq siyasətinə dəstək verən nəşrlər demək olar ki, hər ay xüsusi müxbirlərini Şimali Qafqaza göndərərək, “nurçu” məktəblərini reklam edirdilər. Ramazan Öztürk, Özərdəm Hüseyn Bəngüc, İlhan Duman, Əhməd Qumus Emer, İlyas Kuş, Hasan İldırımer və digərlərinin reportajları sayəsində həm də Türkiyədə “Fətullah Gülən heyranları”nın sayı artırdı. Çünki Türkiyədə Şimali Qafqaz əsilli 2.3 milyon nəfər insan yaşayır, onların duyğularından və “Qafqaz sevgisi”ndən sui-istifadə etmək lazım idi. Beləliklə, Fətullah Gülən çetesi Şimali Qafqazda açdığı məktəblərə görə yerli əhalidən yaxşıca “təhsil haqqı” toplamaqla yanaşı, bu faktı gizlədərək Türkiyədəki Şimali Qafqaz mənşəli imkanlı şəxslərdən (firmalar və məscidlər) külli miqdarda pul toplayırdı. Gülən icmasının qısa bir zamanda bunca varlanmasının sirlərindən biri də bu idi.

Radikalların “antiimperiya” nizamı

Şimali Qafqazda İran və körfəz ölkələrinə məxsus radikal dinçi çevrələr dünən olduğu kimi, bu gün də “nüfuz” uğrunda yarışdıqlarını gizlətmirlər. Çox təəssüf ki, Türkiyənin demokratik dəyərlərə malik qurumlarının heç biri indiyə Şimali Qafqaz məsələsində fəal olmayıb.

Ancaq “Ahmediye Cemaati”, “Aziz Mahmud Hüdayi Vakfı”, “Din Felsefesi Derneği”, “EuroNur - Avrupa Nur Cemaati”, “Habibullah Kuran Kursu Derneği”, “İsmet Efendi Camii Derneği”, “Kur'an Araştırmaları Vakfı”, “Nur Mektebi”, “Risale-i Nur Enstitüsü”, “Süleymaniye Vakfı”, “Yeni Asya Vakfı”, “Aziz Mahmud Hüdayi Vakfı”, “İmkander”, “Sadaka Taşı Derneği”, “Ensar Vakfı”, “İHH İnsani Yardım Vakfı” kimi qurumlar, fondlar Şimali Qafqazda elmi məntiqə söykənməyən təriqətlərin, məzhəblərin ixracı ilə məşğul olublar. Bu qurumların hamısı Türkiyədə bilgisiz insanlarının dini etiqadlarını parazitcəsinə istismar edərək özləri üçün geniş imkanlara malik bir məişət qurdular.

“İŞID” və “Qafqaz İmarət” dövlətlərinin xəyalı

1999-cu ildə ilk dəfə olaraq Çeçenistanda “Qafqaz İmarəti” (əmirlik) dövləti yaradılması ideyası irəli sürüldü. Şimali Qafqazın hər bir respublikası bu dövlətin vilayəti kimi təsdiq edildi. “Şəriət qanunları adı ilə imkanlı şəxslər oğurlanıb təhdid edilir, dövlət büdcəsi talan olunur, beləliklə də, külli miqdarda vəsait əldə edirdilər. Bununla yanaşı, Yaxın Şərqdəki islamçı fondlardan da böyük məbləğdə pul qoparılırdı.

2000-2015-ci illərdə “Qafqaz İmarəti”nin liderləri Doku Umarov, Malik Sadullayev, Yuri Bitsuev, Muhammad Süleymanov, Əliasxab Kebekov, Robert Zankişiyev, Əmir Talibov, Zalim Şebzuxov və digərləri antiterror əməliyyatları nəticəsində öldürüldükdən sonra, bu hərəkatın üzvlərinin bir çoxu Yaxın Şərq ölkələrinə, o cümlədən Türkiyəyə qaçmağa məcbur olmuşdular. “Cihad” ideyası dışında heç nəyi qavramayan bu şəxslər 2016-cı ildə dəhşət saçan radikal qrupda birləşdilər. Onun adı “İŞID” idi. 17 dekabr 2016-cı il tarixdə “Qafqaz İmarəti” “İŞID” lideri Əbu Bəkr əl Bağdadiyə biət etmək haqda qərar verdi. Bu məqsədlə Çeçenistanın dağlıq bölgələrinin birində bütün Şimali Qafqaz radikal dini cərəyanlarının liderləri bir araya gəlmiş, indi həyatda olmayan İbrahim Majaev, Xamatxan Mintaev, İstambul Mamaev, Əhməd Akraşev, Asxab Yusupov, Məhəmməd Rəşidov, Yunus Mukaev, Beşto Emediev, İsmail Berqoev və digərləri Əbu Bəkr əl Bağdadiyə sədaqət andı içmişdilər. Təkcə Çeçenistan və Dağıstandan 3 min nəfər “Qafqaz İmarəti” tərəfdarı Suriyada “cihada” qatılmışdılar. Əlavə olaraq Şimali Qafqazın digər bölgələrindən də 5 min nəfərə yaxın islamçı “Allahu Əkbər” şüarı ilə suçsuz insanların kəllələri almaq yarşına girişmişdilər. Guya bu addımları ilə dünyaya öz güclərini nümayiş etdirirdilər.

Əbu Ömər Şişaninin qəflət yuxusu

Gürcüstanın Əhməd(Axmeti) rayonunun Pankisi vadisinin Duisi kəndində anadan olmuş Tarxan Baturaşvili (kistin çeçen) Əbu Ömər Şişani (ərəbcə çeçenlər şeşen adlanırlar) ayaması ilə gündəmə gəlməklə Şimali Qafqazdan olan radikal islamçıları öz komandanlığı altında Suriya və İraqda savaşlara qatdı. O, həm də “İŞID” lideri Əbu Bəkr əl Bağdadinin sağ əli hesab olunurdu. Səlahəddin Şişani (Feyzulla Marqoşvili), Umar əş Şişani, Müslüm Şişani, David Sviakauri, İsrafil Tsatiaşvili, Cəbrail Tsatiaşvili, Quram Qumaşvili, Beso Kuştanaşvili, Ruslan Maçalkaşvili, Xalid Açişvili, Bekxan Toxosaşvili, Həmzət Açişvili, Rüstəm Gelaev, Əbdül Məlik Mutoşvili, Məhəmməd Xanqoşvili, Məhəmməd Əhmədov, Məhəmməd Əbdürəhmanov, Hüseyn Baliev, Surxo Elmurzaev, Movsar Beluev, İslam Qonikaev, Hüseyn Abubakarov, Mansur Saydullaev, Turpal Buxiev, İsmayıl Qapurov, Əhməd Çataev, Həsən Sanqariev, Xadi Alasxanov, Əhməd Çataev, Əshab Alxazov, Həsən Aydəmirov və digər səhra komandirləri Suriya-İraq çöllərində “İŞID” dövlətinin qəflət yuxusunda canlarını verdilər. Guya cihad etməklə cənnətə getdilər. Onlar minlərlə dinc sakinlərə əzablar-işgəncələr verdilər, suçu olmayan insanları yurd-yuvalarından didərgin saldılar.

Bu gün Şimali və Cənubi Qafqazda sabitliyin hökm sürməsi yönündə Rusiya, Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində bir sıra uğurlu addımlar atılıbdır. İlk öncə radikal islamçı təsisatların qarşısı alınıb. Faktiki olaraq, indi bu yöndə fəaliyyət göstərən heç bir qurum qalmayıb. Keçmişdən qalmış bəzi şəxslər müəyyən təşəbbüslər göstərsələr də, indi onlar kimsənin maraq dairəsində deyillər. Faktiki olaraq geosiyasi maraqlarını cihadla həll edən bəzi müsəlman dövlətlərinin Şimali Qafqaz siyasətini insanlar dərindən dərk etməyə başlayıblar. Suriya, İraq, Misir, Tunis, Əlcəzair, Oman, Sudan, Yəmən və digər dövlətlərdə son illərdə yaşananlar “dinçi” radikalların əsl simasını faş etdi.

Şimali Qafqazda bu qurumların toruna düşən minlərlə günahsız insanın aqibətinin necə acınacaqlı olması bir həqiqətdir. Qafqazlı dindarlar islami dəyərlər adı ilə Qərbə, Rusiyaya qarşı Don Kixotun “Yel dəyirmanı”na qılınc siyirməsi kimi dirənişçi siyasətə sürükləndilər. Halbuki İslam aqressiyyanı deyil, ətraf xalqlara komplimentar sülhü təbliğ etməkdədir.

Həmid Məmmədli
AzNews.az

image description image description