“Sovet hökuməti qurulanda Bərdədəki mülklərini itirsə də, burdan apardığı qızıllarla Türkiyədə yenidən böyük pullar qazanıb” “Sovet hökuməti qurulanda Bərdədəki mülklərini itirsə də, burdan apardığı qızıllarla Türkiyədə yenidən böyük pullar qazanıb”

Qarabağın varlı bəyinin sərvətinə Türkiyədə sahib çıxdılar - İşə Rusiya prezidenti qarışdı

“Sovet hökuməti qurulanda Bərdədəki mülklərini itirsə də, burdan apardığı qızıllarla Türkiyədə yenidən böyük pullar qazanıb”

Qurbanalı bəy Qarabağın ən varlı kişilərindən olub. Bu barədə Sputnik Azərbaycan-a Qurbanalı bəyin nəvəsi Lyudmila Xəlilova danışıb.

O bildirib ki, babası Bərdənin Otuzikilər kəndində yaşayıb: “Kəndin torpaqları və ona yaxın geniş ərazi babamın mülkü olub. Un üyütmək üçün dəyirman, iki mərtəbə mağazası fəaliyyət göstərib. Həm torpaq əkib-becərib, həm də ticarətlə məşğul olub. Rusiyaya, Avropa ölkələrinə gedir, oradan mal gətirib satırmış. At ferması, ilxısı, mal-qoyun sürüsü varmış. İndinin özündə də kənd camaatı haranı göstərmək istəyirsə, “ora Qurbanalının yeridir”, yaxud da “Qurbanalının meşəsidir” deyirlər".

Milyonçunun nəvəsi babasının aşan-daşan sərvətindən misqal qədər belə, xeyir görmədiyindən heyfsilənir: "Yaxınlarda Bərdənin icra başçısının yanına gedib, babamın mülkü olmuş Otuzikilər kəndindən 5 sot torpaq istədim. Dedi ki, mümkün deyil. Kəndə gedəndə gördüm ki, başçı məndən qabaq çatıb ora. Yəqin fikirləşib ki, özbaşına torpaq ölçüb götürərəm".

L.Xəlilovanın sözlərinə görə, babası 1932-ci ildə Azərbaycanı tərk edib: “Ona Ağdamın milis rəisi olmuş dostu xəbər yollayıb ki, “filan vaxtı “NKVD” gəlib, səni aparacaq, bir tədbir fikirləş”. Babamın da yaxşı atı varmış. Qızıllarını ata yükləyib İrana gedir. Orda Sovet hökumətinin xəfiyyələrindən qorunması çətinləşib, İranın hökumətindən təhlükəsizliyə təminat almadığına görə Türkiyəyə keçib".

"İzmir şəhərində yaşayıb və İzmir bələdiyyəsində məsul vəzifədə çalışıb. Apardığı sərvəti Türkiyədə yeni iş sahələrinin qurulmasına yatırıb. Yenidən orda zəngin olub. 1963-cü ildə dünyasını dəyişəndə bütün var-dövlətini atam Kərimə miras qoyub. Burdakılar bu xəbəri Azadlıq radiosundan eşidiblər" - müsahibimiz danışır.

O bildirir ki, babası Azərbaycanı tərk edəndən sonra geridə qalan qohumları üçün çox çətin olur: "“NKVD”-nin əməkdaşları Qurbanalı bəyin oğlu Kərimi, yəni atamı meşədə ayağından asaraq cəzalandırıblar. Sonra da bəy oğlu olduğuna görə sürgünə göndərilib. Atam 1965-ci ildə Ukraynadan Azərbaycana ailə qurduğu rus xanımla qayıdıb. İki qızı, bir oğlu olub. Babam Türkiyədə dünyasını dəyişəndə var-dövlətini atama miras qoysa da, o, bunu açıb-ağartmadı. Ona çatacaq sərvətə sahib durmağa cəsarət etmədi. Hətta Moskva vasitəsilə vəsiyyətnamə ona gəlib çatsa da, vəsiyyətnaməni cırıb atdı. Ancaq 1997-ci ildə atam dünyasını dəyişəndə vəsiyyət etdi ki, babamızdan qalan var-dövlətə biz sahib çıxaq”.

L.Xəlilovanın sözlərinə görə, SSRİ dağılandan sonra babalarının var-dövləti ilə bağlı iddia qaldırıblar: "Atamın ölümündən sonra Bərdə Rayon Məhkəməsinə müraciət etdim. Vəkil Yusif Səfərəliyev Türkiyənin müxtəlif qurumlarına yazıb, babamın vəsiyyətini doğrultmağa çalışdı. 2002-ci ildə Türkiyədən bizə qonaqlar gəldi, babamın ailə vəkili olduqlarını dedilər. Təkliflərini etdilər, biz də düşünəcəyimizi dedik. İkinci dəfə isə gördük tamam başqa fikirlə gəldilər. İmamzadə qəbiristanlığına gedib, atamın məzarına baş çəkiblər, çəkiliş aparıblar. Sonra bizim ölümümüz haqqında raport hazırlayıblar, guya babamın burdakı vərəsələrin hamısı ölüb".

"Vəkilimiz bunlardan xəbərdar olandan sonra Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazdı. Məktubdan sonra həmin adamlar üçüncü dəfə gəldilər. Bu dəfə bizə pul, Türkiyədə yaşamaq təklif etdilər. Anam dedi ki, “ərimdən sonra vərəsə mənəm, uşaqlarımdı, mən də heç nə istəmirəm, nə pulunuzu, nə varınızı, biz burda təkik, heç kimimiz yoxdur, problem yaşaya bilərik”. Biz də onlara bir rəqəm dedik, çıxıb getdilər" – deyə həmsöhbətimiz əlavə edir.

Baş verənlərdən sonra Lyudmila xanım özü Türkiyəyə gedib: “Orda oteldə olarkən zəng edib bizi ölümlə hədələdilər, Türkiyədən getməyimizi tələb etdilər, nalayiq sözlər söylədilər. Buna baxmayaraq, mən Türkiyədə qalıb, məhkəmə yolu ilə babamın vəsiyyətinin yerinə yetirilməsini tələb etdim. Bu məsələ ilə bağlı 12 nəfər vəkilim olub, ancaq sonda onlar qarşı tərəflə sövdələşərək, məni müdafiə etməkdən imtina ediblər. Ancaq geri çəkilmək fikrim yoxdur. İstanbul məhkəməsi işi uzadır, mənim qanuni haqqımı təmin etmir. Bu da məndə Türkiyə ədalət sisteminin düzgünlüyünə şübhə yaradır".

İstanbul məhkəməsində qanuni maraqlarının təmin olunmasına nail ola bilməsə də, həm Azərbaycan hökumətində, həm də Rusiyanın hakimiyyət orqanlarında Lyudmila Xəlilovaya yüksək dəstək göstərilir. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin adından, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev və Rusiya Federasiyası Arxiv İdarəsinin müdiri Andrey Artizovun imzası ilə Türkiyə hökumətinə bu məsələ ilə bağlı məktub ünvanlanıb.

Məktubda V.Putinin adından və təlimatı ilə Lyudmila Kərim qızı Xəlilovaya 1962-ci ildə vəfat edən babası Qurbanalı bəyin qəbrinin göstərilməsi, onunla qohumlarının görüşdürülməsində istənilən yardımın verilməsi və dəstəklənməsi tələb olunur. Habelə, babasından qalan mirasın aidiyyatı orqanlara müraciət etmədən, ailə daxilində Türkiyə Cümhuriyyətinin qanunlarına uyğun olaraq həll olunması istənilir.

Məktubda o da vurğulanır ki, Lyudmila Kərim qızı Xəlilovanın qanuni haqları təmin edilməsə, Rusiya Federasiyası Sovet Sosialist Respublikaları İttifaqı adına qanuni haqq sahib olduğu üçün bu tarixi dramın həll olunması istiqamətində Beynəlxalq Hüquq normalarına uyğun olaraq bütün imkanlardan istifadə ediləcək. Sonda məktub müəllifləri Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi, gücləndirilməsi istiqamətində peşəkar fəaliyyət və anlayış gözlədiklərini bildirirlər.

Lyudmila xanım babasının Türkiyədə ailə qurduğunu, orada iki qızı, bir oğlu olduğunu bildirib. Ancaq onların nə adını bilir, nə də özlərini görüb. Tanış olmaqdan çəkinirlər. O, babasının qəbrini görmək istəsə də, ona bu imkanı da yaratmayıblar.

Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin qərarı ilə Lyudmila Kərim qızı Xəlilova və onun bacısı Elmira Kərim qızı Xəlilova babaları Qurbanalı Xəlil oğlu Hacıyevin hazırkı varisləri kimi tanınıblar.

Onu da əlavə edək ki, yaşlı kənd sakinlərinin dediyinə görə, 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Qarabağa gələndə, onu qarşılayanlar arasında Qurbanalı bəy də olub.

Musa Muradlı,
Sputnik Azərbaycan