Bu işin təşkilində əsas rolu Hacı Zeynalabidin Tağıyev oynayır... Bu işin təşkilində əsas rolu Hacı Zeynalabidin Tağıyev oynayır...

Bakıdakı bu abidələr 100 il əvvəl niyə tikilib? – Araşdırma

Bu işin təşkilində əsas rolu Hacı Zeynalabidin Tağıyev oynayır...

Yəqin 1981-ci ildə çəkilmiş “Üzeyir ömrü və ya uzun ömrün akkordları” filmindən Üzeyir Hacıbəyovla aktyor Hüseynqulu Sarabskinin görüş səhnəsi xatirinizdədir. Filmin 44-cü dəqiqəsində əvvəlcə Bakı küçələrindən bir mənzərə, yoldan ötən insanlar, quyudan su çəkən cavan oğlan göstərilir. Sonra isə balaca bir tikilinin pəncərəsindən mahnı oxuyan Sarabskinin başı görünür. O, səhənglə su götürməyə gələnlər üçün kranı açır, səhəng dolandan sonra yenidən kranı bağlayır. Həmin görüş zamanı Üzeyir bəy Sarabskiyə yaxınlaşıb deyir: “Dünən axşam sizi tamaşada gördüm, yaxşı oxuyurdunuz”. Sarabskinin cavabı: “Gündüz də ki, görürsünüz də nə işlə məşğulam. Neyləyəsən, bizim zəmanədə müsəlman artistlərin gün-güzəranı budur”.

Bəs görəsən, aktyor Hüseynqulu Sarabski nə işlə məşğul idi? Onun sığındığı balaca tikilinin təyinatı nə idi və hazırkı durumu necədir?

Sarabskinin işlədiyi yer su köşkü adlanırdı. Ona başqa adlarla su yayma qülləsi, su qovşağı da deyirdilər. Ötən əsrin əvvəllərində bu cür köşklər Bakı şəhərinin müxtəlif yerlərində, xüsusən küçə kəsişmələrində tikilirdi. Xarici görkəmcə səkkizüzlü formada olan bu qurğuların damı gümbəzlə tamamlanırdı. Şərq memarlıq üslubunun əlamətlərini daşıyan bu qurğular, beləliklə təkcə texniki cəhətdən deyil, estetik cəhətdən də əhəmiyyətə malik idilər.

XIX əsrin ortalarında neftin sənaye əhəmiyyətinin artması ilə Bakı sürətlə inkişaf etməyə başladı. Rusiyanın, eləcə də dünyanın müxtəlif ölkələrindən varlanmaq istəyənlərin, neft mütəxssislərinin, mühəndislərin, fəhlələrin şəhərə axını sürətləndi. Nəticədə Bakı şəhəri əhalisinin sayında kəskin artım yaşandı. Şəhərin neft mərkəzinə çevrilməsi onu bir tərəfdən gözəlləşdirsə, abadlaşdırsa da digər tərəfdən özü ilə müxtəlif problemlər gətirirdi. Bu problemlərdən biri də su çatışmazlığı idi. Şəhər uzun müddət bu problemlərlə baş-başa qalır.

İqlim şəraiti ilə bağlı Bakı uzaqda yerləşən su mənbələrindən asılı vəziyyətdə idi. Su təchizatı əsas etibarı ilə aşağı keyfiyyətli quyu suyu əsasında qurulmuşdu. İçməli suyun həcmi sutkada 150-200 min vedrədən artıq deyildi. Bu da adambaşına cəmi 16 litr təşkil edirdi. Buna görə də yeni mərkəzləşdirilmiş su kəmərinin çəkilməsi zərurəti yaranmışdı. Bu işin təşkilində əsas rolu məşhur sahibkar və mesenat Hacı Zeynalabidin Tağıyev oynayır.

1879-cu il yanvarın 11-də Şəhər Dumasının iclasında şəhərdə su çatışmazlığının ən yüksək həddə çatdığı bildirilir. Hacı Zeynalabidin Tağıyev belə bir fikir irəli sürür: “Dumanın lazım olan məbləği ayırması üçün yeni su kəmərinin ilkin layihəsi və təxmini smetası lazımdır". O, bunun üçün 1000 manat ayrılmasını təklif edir. Duma səs çoxluğu ilə Tağıyevin təklifini qəbul edir. Məşhur mesenat tədqiqat işləri üçün lazım olan məbləği ayırır və bu məqsədlə mütəxəssislər dəvət edilir. Bu dəvətə cavab verənlərdən biri də ingilis mühəndis Uilyam Qarleyn Lindley olur.

1889-cu ilin oktyabrın 6-da Quba qəzasına və Samur dairəsinə gələn və Bakının 185 kilometrliyində Şahdağ ətrafında yeraltı bulaq sularının axtarışı məqsədilə quyular qazılmasını təklif edən mühəndis bu suyun yüksək keyfiyyətli olduğunu iddia edir və kəmərin çəkilməsinin vacibliyini göstərir.

Bakı Şəhər Dumasında Lindleyin təklifini yalnız H.Z.Tağıyev müdafiə edir. Bundan sonra xüsusi komissiya Dumaya Bakının su ilə təchizatı üçün mühəndis U.Q.Lindleyin tərtib etdiyi Bakı quberniyası Quba qəzasının Şollar və Fərzəlioba mənbələrindən Şollar su kəmərinin çəkilməsi layihəsini qəbul etməyi və su kəmərinin tikintisi üçün 23.500 min manat məbləğində istiqrazın buraxılmasını tövsiyə edir.

Bakının su təchizatı tarixində ilk və əhəmiyyətli dövr - Şollar su kəmərinin layihələşdirilməsi və tikintisi başlanır (1899-1917-ci illər). 1916-cı ilin yanvarın 22-də mühəndis Lindley Şollar suyunun ilk şırnağını bu kəmərə buraxır. Bəzi kiçik əyər-əskiklər düzələndən sonra su kəməri 1917-ci ilin yanvarında təhvil verilir.

Nəhayət, Bakı-Şollar su kəmərinin təntənəli açılışı 1917-ci il fevral ayının 18-də “Naxır” bulağının üstündə baş verir. İlk kranı açmaq şərəfi Hacı Zeynalabidin Tağıyevə nəsib olur.

Şahdağın buz bulaqlarından götürülən su kirəmit borularla şəhərə gətirilirdi. Burdan isə adını yuxarıda çəkdiyimiz qurğular vasitəsilə paylanılırdı. Bu tikililər də Şollar layihəsinin bir hissəsi kimi ucaldılmışdı.

Vaxtilə olduqca vacib qurğular olan bu su köşkləri ötən əsrin ortalarında mənzillərin su ilə təminatı tam reallaşdıqdan sonra öz funksionllağını itirdi. Öz fəaliyyətini başa vuran bu tikililərin bir hisəsi diqqətsizlikdən məhv oldu, digər hissəsi başqa təyinatla istifadə edildi; kommersiya köşkünə, zibil qutusuna çevriləni, söküləni oldu. Bu cür laqeydliyə baxmyaraq su köşlərinin bəziləri hələ də varlığını sürdürməkdədir.

İllərin sınağından salamat çıxmış, Şollar su kəmərinin tarixinin bir parçası olan bu abidələr qorunurlarmı, yoxsa baxımsızlıq ucbatından məhv olmaqdadırlar?

Məsələ ilə bağlı Bakı şəhər İcra hakimiyyəti ilə əlaqə saxlayırıq. İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov bildirir ki, su qovşaqlarının varlığından xəbərdardır. Lakin bu qurğular Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində deyil. Bununla bağlı “Azərsu” ilə əlaqə saxlamaq lazımdır.

Biz də adı çəkilən ünvana üz tuturuq. "Azərsu" ASC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı əvvəllər bu qurğuların Bakıda çox olduğunu təsdiqləyir. O, bildirir ki, qurğulardan bəziləri hazırda Bakının bir neçə yerində qalsa da istifadə edilmir: “Su köşkləri Bakıya Şollar su kəmərinin çəkilməsi ilə əlaqədar 1914-1917-ci illlərdə tikilib. Kimlərin ki, evlərinə su xətti çəkilməmişdi, onlar su idarəsindən xüsusi talonlar alır, onun əsasında gəlib su köşklərindən vedrə ilə su götürürdülər. Lakin 1940-cı illərdən sonra bu köşklər öz fəaliyyətini dayandırdı. Hazırda bu tikililərdən Bakı ərazisində üç-dörd yerdə qalıb. Həmin tikililər Azərsunun balansında olsa da tarixi abidə kimi Mədəniyyət Nazirliyinin tərəfindən qorunur”.

Bu dəfə üz tuturuq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə. Qurumun mətbuat katibi Fariz Hüseynov bizə ümidləndirici xəbər verir: “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer alan bir tarixi abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur”.

O, bildirir ki, hazırda həmin abidə - Şamil Əzizbəyov və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən su yayma qülləsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil olunub.

Fariz Hüseynovun sözlərinə görə həmçinin ölkəmizdə daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması istiqamətində monitorinqlər davam etdirilir: “Monitorinqlər “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarixi, mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə” Dövlət Proqramına uyğun olaraq aparılır”.


Fariz Hüseynov bildirib ki, aparılan monitorinqlər nəticəsində 1500-dən çox tarixi abidə siyahıya alınması üçün qeydiyyata götürülüb. Hazırda Bakıda yerləşən 3 belə su yayma qülləsi də yeni aşkar olunaraq tarixi abidlər siyahısına əlavə olunub: “Monitorinqlər başa çatdıqdan sonra həmin abidələr də daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer alaraq dövlət tərəfindən qorunacaq”.

Memar Fəxrəddin Miralay su köşklərinin tarixi abidə kimi qorunub-qorunmadığını dəqiq bilməsə də saxlanılmasının faydalı olacağını bildirib. Fəxrəddin Miralay təklif edir ki, şəhərin abadlaşdırılması ilə əlaqədar mane olan köşkləri başqa yerlərə köçürmək də mümkündür. Bunun üçün o, ən uyğun yer kimi parkları və yaşıllıqları məsləhət görür: “Bunlar balaca tikililərdi, qoruyub saxlamaq üçün elə böyük maliyə də tələb olunmur. Onları köçürmək də o qədər çətin deyil, Füzuli küçəsindəki nəhəng bina köçürüldü, bu kiçik qurğuları köçürməyə nə var. Ən azı texnologiya tarixi kimi bu tikililərin əhəmiyyəti böyükdür və düşünürəm ki, qorunub saxlanılmalıdır”.

Bizdən nə gedir? Sadəcə ümid edə bilərik... Monitorinq tezliklə yekunlaşsın və tarixi Şollar su kəmərinin bir hissəsi olan bu qurğular hansısa vandalların “qurban”ına çevrilməmiş nəzarətə götürülsün.

Mirmehdi Ağaoğlu
AzNews.az