Gürcüstandan ermənilər niyə köçürlər?

Abxaziya və Cənubi Osetiya separatizmi ermənilərə ən böyük zərbə oldu.

2003-2005-ci illərdə Gürcüstanın Türkiyə sərhədlərindəki ən strateji yüksəklik sayılan Ahısqa vilayətinin (indi bölgə gürcücə Samtsxe Cevaxetiya adlanır) Axalkələkidəki Rusiya hərbi birləşmələrinin çıxarılmasından sonra, ermənilərin Gürcüstana qarşı “İkinci Qarabağ Cəbhəsi” ideyaları da puça çıxdı. Çünki Ahısqa vilayətinin Axalkələki rayonu mərkəz olmaqla Ninotsminda, Adıgün, Aspindza, Tsalka, Borjomi və Axalts rayonlarını bir araya gətirərək “Erməni Cavaxk Respublikası”nın yaradılması ideyası ətrafından böyük bir plan qurulmuşdu. İndi ermənilərin bu ideyaları tamamilə puç olmuşdur.

Süni təşkilatlanması siyasəti

1991-ci ilə kimi Gürcüstanda 350 min nəfər erməni yaşayırdısa, 2014-cü ildə əhalinin siyahıya alınması zamanı bəlli olmuşdur ki, ölkədə 168.1 min erməni (respublika əhalisinin 4.5%-i) yaşayır. Ancaq, bu statistik göstərici hər dəfə olduğu kimi qeyri rəsmi xarakter daşıyır. Çünki Gürcüstanda vətəndaşlığı olan ermənilərin əksəriyyəti Rusiya, Ukrayna, Qazaxıstan və digər postsovet respublikalarında müvəqqəti işçi kimi yaşayır və ailələrinə aylıq pul vəsaiti göndərirlər. Avropa Birliyinin üzvü olan ölkələrə Gürcüstan vətəndaşlarının vizasız gediş-gəliş qərarı çıxdıqdan sonra, bu dəfə ermənilər Fransa, İspaniya, İtaliya, Hollandiya, Portuqaliya və digər dövlətlərə köç etməyə başlamışlar. Türkiyənin iri sənaye şəhərlərinə Gürcüstandan köçüb gedən ermənilərin sayı çoxdur. Son 28 ildə ermənilər gürcü cəmiyyətinə təsir vasitəsi kimi çoxsaylı təşkilatların adı altında bir sıra layihələrə imza atmağa çalışmışlar. Guya Gürcüstanda ermənilərin 40-dan çox milli təşkilatı vardır. Halbuki bu təşkilatların ümumi sayı 20-dir.

Ahısqa vilayətindəki “Virk” Erməni Partiyası 2005-ci ilə qədər Gürcüstanı ən çox təhdid edən etnik separatçı qurum kimi tanınır. Bu partiyanın əsas məqsədi Ahısqa vilayətində yerli qubernatorluğu, bələdiyyələri, prokurorluq, polis, məhkəmə, maliyyə, vergi, gömrük, tikinti və təmir, kommunal, digər sahələrin tamamilə ermənilər tərəfindən idarə olunmasını təmin etmək idi. Yəni mənşəcə gürcü və ya digər xalqın nümayəndəsi bölgədə çalışmamalı idi. Bu həmin “Virk” Partiyasıdır ki, Dağlıq Qarabağda könüllü döyüşmək istəyən erməni silahlı qruplarının təşkilatçılarından biri idi. Bununla yanaşı, ermənilər Gürcütanda “Erməni Kilsələr Şurası”, “Vernatun - Erməni Yazıçılar Birliyi”, “Erməni dilli KİV-lər İttifaqı”, “Gürcüstan Erməni Gəncləri Təşkilatı”, “Gürcüstan Erməni Kulinarlar Birliyi”, “Gürcüstan Erməni Qadınlar Şurası”, “Gürcüstan Erməni Cəmiyyəti”, “Ayratun-Erməni Mədəni-Maarif Mərkəzi”, “Gürcüstan Erməniləri İttifaqı”, “Samtsxe-Cevaxetiya Erməni İctimai Təşkilatları Şurası”, “Kvemo-Kartlı (Borçalı) Erməni Gəncləri Təşkilatı”, “Gürcüstan Xalqlarının Demokratik İttifaqı”, “Gürcüstan Erməni Milli Konqresi”, “Gürcüstan Erməni Rəssamları Birliyi”, “Gürcüstan Erməni Ziyalıları Birliyi”, “Gürcüstan Erməni Musiqiçiləri İttifaqı”, “Gürcüstan Erməni Tələbləri İttifaqı” və digər təşkilatlar ermənilərin gürcü cəmiyyətində çoxsəsli xor kollektivi görüntüsü yaratmaq taktikası ilə hərəkət etdiklərini sübut edən faktorlardan biridir.

Erməni kilsəsinin “Yeparxiya” düsturunun iflası

Ermənilər çar Rusiyası, Sovet İttifaqı və son 28 ildə çox çalışıblar ki, Gürcüstanda “Erməni Apostol Kilsəsi”ni təsis etsinlər. Ancaq Gürcüstan Xristianları Patriarxlığı daim bu hədəflərə qaşrı çıxıb. Ona görə ki, dünyada əksər xristian ölkələrində Yeparxiya və Apostol kilsəsi anlayışına çox həssaslıqla yanaşılır. Gürcüstan kimi balaca dövlətdə XIX-XX yüzilliklərdə rusların özləri “Rus Apostol Kilsəsi”nin yaradılması təşəbbüsünü irəli sürməmişlər. Ona görə ki, bu addım gürcü cəmiyyətində olduqca neqativ hal kimi qarşılanacaqdı. Məşhur gürcü armenoloqu Bondo Arveladze dəfələrlə ermənilərin kilsə siyasətini kəskin şəkildə tənqid etməklə, bütün gürcü cəmiyyətini bu məsələdə həssas olmağa dəvət edib. Erməni kilsəsinin uğursuzluqlarından biri də, onların ikiyə bölünməsi, “Erməni Katolik Kilsəsi” və “Erməni Ortodoks Kilsəsi”nə ayrılmasıdır. Beləliklə də gürcü cəmiyyətində “erməni kilsəsi” strateji hədəfləri fiaskoya uğrayıb.

Abxaziya və Cənubi Osetiya separatizmi ermənilərə ən böyük zərbə oldu

1989-1993-cü illərdə Abxaziya və Cənubi Osetiyanın Gürcüstan dövlətinə qarşı etnik separatizm siyasətininn yürüdülməsində “Marşal Baqramyan adına Erməni Ordusu”, “Hnçak Erməni Silahlı Könüllüləri” (Abxaziya), “Erməni Kazak Ordusu” (Krasnodar vilayəti) və “Erməni İntiqamçı Gəncləri” (Cənubi Osetiya) silahlı birliklərinin müstəsna rolu olmuşdur. 1997-ci ildə Gürcüstan Baş Prokurorluğu tərəfindən yaradılmış xüsusi istintaq qrupu Abxaziya və Cənubi Osetiyada erməni silahlı qruplaşmalarının gürcü xalqına qarşı törətdikləri terror cinayətləri barəsində şahidlərin, jurnalistlərin çəkdikləri video süjetlər və fotolar, ermənilərə məxsus təşkilatların hesabatları, erməni KİV-lərində qeyd olunan faktlar əsasında 720 cild sənəd hazırlamışlar. Bu sənədlər indiyə kimi Baş Prokurorluqda dövlət əhəmiyyətli qrifi ilə saxlanılır.

Gürcü siyasi publisisti Ramaz Sakvarelidze bildirir ki, Ermənistanın başlıca məqsədi Abxaziyadan keçməklə İrəvan-Rusiya dəmir yolunun daimi olaraq çalışdırılmasıdır. Gürcüstan isə çox haqlı olaraq, Ermənistanın bu təşəbbüslərinin qarşısını alır. Onlar (ermənilər) unudurlar ki, Gürcüstana qarşı etnik təmizləmə siyasətini yürütməklə həm də ölkənin ərazi bütövlüyünü zərbə altına qoyolumasında yaxından iştirak ediblər. Bunu isbat edən ən mühüm fakt isə, Abxaziyada və Cənubi Osetiyada əlində silah sadə gürcü əhalisini soyqırım edənlərin İrəvanda “milli qəhrəman” kimi qarşılanmasını gürcü xalqı heç bir zaman unutmayacaq.

Tanınmış yeni nəsil gürcü politoloqlarından biri olan Tornike Şaraşenizde qeyd edir ki, Smtsxe-Cevaxetiya (Ahısqa vilayəti) bölgəsində bir zamanlar Rusiyaya məxsus 102 saylı hərbi hissənin gücünə arxalanaraq, Gürcüstan dövlətini daim təhdid edən erməni separatizmi ideyaları yaxın keçmişin acı mirasıdır. Min dəfələrlə təəssüflər olsun ki, erməni cəmiyyəti bir dəfə də olsun gürcü xalqından buna görə üzr istəməmişdir. Etnik separatizmin liderlərindən biri olan Vahan Çaxalyanın (Virk Erməni Partiyasının lideri) cinayətlərinin həddi-hüdudu yoxdur.

Cinayətkar erməni qrupları necə zərərsiszləşdirilir

2010-cu ildə Gürcüstanda hüquq mühafizə orqanlarının həyata keçirilən “Enver” antiterror əməliyyatı nəticəsində Rusiya lehinə çalışan 13 nəfər saxlanılıb. Onların arasında iki erməni – Armen Gevorkyan, Ruben Şikoyan da var idi. A.Gevorkyan neft və neft məhsullarının keyfiyyətini yoxlayan "Saybolt" kompaniyasının baş direktoru olub və Rusiyaya Gürcüstan Silahlı Qüvvələri və digər ölkələrlə əməkdaşlığına dair məlumatları ötürüb. Rusiya Federasiyasının vətəndaşı olan hər iki şəxs Batumidə yaşayıb. “Cavaxk” təşkilatının üzvü Ruben Torosyanın verdiyi məlumata görə, A.Gevorkyan Acarıstanda Aslan Abaşidzenin hakimiyyəti zamanı erməni diasporunu idarə edib. Tiflisdə Avrotlantik Tədqiqatlar Mərkəzinin direktoru Mamuka Neberidze məsələyə dair fikrini bu cür ifadə edir: “Qəribədir, həbs olunanlar Gürcüstan hakimiyyəti ilə problemi olan Acarıstanın keçmiş lideri A.Abaşidzenin keçmiş işçiləri olub”.

Gürcüstan Parlamentinin “Dil haqqında qanun”u müzakirə etməsindən sonra “Cavaxk Erməni İntiqamçıları” təşkilat Ninotsminda rayonunda yerli inzibati binanın üzərində aşağıdakı hədələyici və separatçı müraciətlə çıxış edib: “Biz şovinist gürcü millətinin antierməni fəaliyyətinə səbir etməyəcəyik, cavab isə sərt və nöqsansız olacaqdır. Sizi sonuncu dəfə xəbərdar edirik – ağıllı davranın və ehtiyatlı olun, Cavaxkdan əl çəkin. Əgər unutmusunuzsa, xatırlayın və bilin: Cavaxkın sahibləri və müdafiəçiləri var. Anlamadınızsa – öz günahınızdır. Cavaxk vilayətində hər şey erməni dilində idarə olunacaq”.

“Azadlıq İnstitutu”nun əməkdaşı Zurab Çeaberaşvili Cavaxetiyada belə bir təşkilatın fəaliyyətindən xəbərdar olduğunu bildirib. “Qafqazda Sülh, Demokratiya və İnkişaf İnstitutu”nun əməkdaşı Marina Elbanidze isə “Axali taoba” qəzetinin 27 sentyabr tarixli sayında dərc etdirdiyi məqaləsində qeyd edir ki, Cavaxetiyada 16 erməni silahlı qruplaşması fəaliyyət göstərir.

Başqa bir misal: “Yerkir” Analitik Mərkəzinin eksperti Eduard Abramyan Samtsxe-Cavaxetiya əhalisini hakimiyyətdən muxtariyyət tələb etməyə çağırıb. Onun bildirdiyinə görə, bu, əhalinin haqqıdır. Separatçı “ekspert” qurulacaq muxtar respublikanın qədim adı ilə, yəni “Zabax” adlandırılmasını, paytaxtının Axalsıx rayonunun olmasını təklif edib. Onun fikrincə, muxtariyyətin idarəçi orqanı, paramenti təşkil edilməli və muxtariyyətin illik büdcəsini təyin etməlidir. E.Abramyan regionun atributlarının, milli polisin yaradılma zərurətini qeyd edib. Separatçının fikrincə, adı çəkilən fəaliyyətlər icra olunduqdan sonra Gürcüstanda milli məsələ, separatizm təhlükəsi azala bilər və Gürcüstanın dövlət kimi öz suverenliyini qoruması üçün yeganə çıxış yolu məhz federasiyaya çevrilməkdir.

Təbii olaraq, bunları gürcü cəmiyyəti görür və həssaslıq şəraitində gərəkən addımları da atır. Ona görə də zamanla etnik nifaqların salınmasında təqsirli bilinən ermənilər ailəlikcə Gürcüstandan köçüb getmək zorunda qalırlar. Bu minvalla ermənilərin sayı hər ötən ildə daha da azalmağa doğru gedir.

AzNews

Tiflis-Bakı