Namazgah, yoxsa casus yuvası

İran molla rejiminin nədən işğalçı Ermənistanın strateji müttəfiqi olduğunu isə gizlədirlər.

İranda teokratik sistemin “vətəndaş cəmiyyəti” adı altında bir neçə strukturu mövcuddur. İlk öncə hər bir yaşayış məskənində “bəsici” dəstələri yaradılır. Bu imkansız dindar ailələrə yerli məscidlər tərəfindən aylıq yardımların sayəsində formalaşdırlan bir sistemdir. Yəni kasıblar həmin məscidlərdən asılı olduqları üçün, məscidin imamı asanlıqla idarə olunan yeni nəsil yetişdirməklə məşğuldur. Beləliklə həmin məhəllə sonda mollanın əsgərinə çevrilir. Hər şey ideoloji, siyasi, dini, ictimai və hətta iqtisadi baxımdan həmin məhəllə mollanın nəzarəti altına keçir.

Faktiki olaraq, Azərbaycan Respublikasında da qonşu dövlətin müəyyən çevrələri tərəfindən idarə olunan “bəsici”lik şəbəkəsi yaradılıb. İmkansız inanclı vətəndaşa aylıq maliyyə yardımlarının olunması “bəsici”lik şəbəkəsi deməkdir. Dəhşət saçan başqa bir mənzərə isə, öz alnın təri ilə pul qazanan imanlı vətəndaşların məscidlərə etdikləri yardımların sayəsində bunlar başa gəlir. Bakıdakı “Hüseyniyyə” namazgahı ilə bağlı sənədlər dəhşət saçır. Çünki namazgah İranın Qum şəhərindən idarə olunan “Dünya Müsəlmanları Dini Lideri”nin Bakıdakı nümayəndəliyinin başçısı tərəfindən yönləndirilir. Cümə namazı zamanı Azərbaycanın hər yerindən “Hüseyniyyə” namazgahına gələrək “moizələri” dinləyən imkanlı inanclı dindarlar “xüms”-“zəkat” vermək üçün yarışa girirlər.

“Bəsici”lik teokratiyanın-kahin sisteminin “şapalaq vuran” sosial gücü deməkdir. İstənilən yaşayış məntəqəsində rejimin nümayəndəsi olan mollanın bir fitvası ilə “bəsici” adlanan kəsimin vasitəsilə hər şeyi alt-üst edə bilər. Din pərdəsi altında yüksək rütbəli kəşfiyyatçı zabitləri Azərbaycan və Gürcüstanda “bəsici”lik ideyası ilə şəbəkələşməyə çalışırlar. Elə buna görə də hər iki respublikada fəaliyyət göstərən diplomatlar “ həmin zabitləri görəndə dördqat əyilib “bəçeşm ağa” (gözüm üstə) deyərək təzim edirlər.

“Xüms-zəkat”lar haraya gedir

Apardığımız müşahidələr onu deməyə əsas verir ki, indiki məqamda kəşfiyyatın formalaşdırdığı “bəsici” sistemi zahirən passiv görünür. Onların qarşısında duran vəzifə dini tədbirlərdə iştirak etmək, cənub qonşumuza bağlı ticarət şəbəkələrində işləmək, dini mərasimlərdə, xüsusən də məhərrəmlikdə fəallıq göstərmək, vilayəti-fəqih sistemini yürüdən mollaların nüfuzunu yüksəltməkdən ibarətdir. Beləcə İrandakı bəlli çevrələrin strateji hədəflərinə uyğun nizam addım-addım formalaşır. Bu proses “Hüseyniyyə” namazgahı üzərindən idarə olunur. İmkanlı dindarlar dini elmləri bilmədikləri üçün əldə etdikləri gəlirlərindən “xüms-zəkat” verməklə bu prosesdə iştirakçıya çevrilirlər.

Əvvəllər Bakıda fəaliyyət göstərən “İmdad Xomeyni” Komitəsinin funksiyasını bu gün “Hüseyniyyə” namazgahı icra edir. Buna inanclı imkansız vətəndaşlara maddi yardımlar etməklə, “xüms-zəkat”lar paylamaqla onları öz alətlərinə çevirmək deyilir. Namazgah tərəfindən ayda 250 ruhaniyə maaş verilməsi, 381 nəfərə “ islamı”n(yəni vilayəti fəqih modelinin) təbliği üçün yardımların edilməsi, 3 min 200 nəfər dindarın bu prosesdə “xüms-zəkat” ödəməsi ən adi faktlardan biridir. Bu, hələ aysberqin görünən tərəfləridir. “İran Mədəniyyət Mərkəzi” adlı strukturda fəaliyyət göstərən 400 nəfərlik ştat cədvəlinin funksiyası daha mübhəmdir.

Çünki “Hüseyniyyə” namazgahında özünü “sədaqət” baxımından isbat etmiş insanlar həmin mədəniyyət mərkəzində təlimlər alırlar. Yüksək səviyyədə “etibar” qazananlar isə cənub qonşumuzdakı mollaxanalarında təlim almaq üçün göndərilirlər. “Hüseyniyyə” namazgahının zəkat-xüms adı altında illik dövriyyəsi azından 700 min manatdır. Bu qədər maliyyə inanclı vətəndaşlara paylanaraq, “bəsici”lik və “hizbullahçı”lıq siyasəti üçün yönləndirilir. Beləliklə də, dünyanın ən ucuz qiymətə başa gələn casusluq şəbəkəsi yaradılıb. Bu strukturlaşma adi bir məhəllədə nələrin baş verdiyi və həmin məkanı savadsız kütlənin vasitəsilə idarə etmək sistemi deməkdir.

Dini təbliğatların arxa baxçası

Bu gün Azərbaycan Respublikasında 2050 məscid fəaliyyət göstərir. Cənub bölgəsində 546, Aran bölgəsində 332, Şimal-Qərb bölgəsində 274 məscid gündəlik fəaliyyət göstərirlər. Faktiki olaraq, hər həftə cümə namazlarında iştirak edənlərin ortalama sayı 500 min nəfərə yaxındır. Bu qədər məsciddə iştirak edənlərin demək olar ki, 90 faizi cəfəridirlər. İran molla rejimi bütün bunları diqqətlə incələyərək öz casus şəbəkəsini qurur. Xüsusən də dini və yas mərasimlərində İranın nüfuz agentlərinə çevrilmiş bəzi mollalar məhz “Hüseyniyyə”də hazırlanmış moizələr əsasında təbliğatlar aparırlar. Çünki, müftəxorcasına yaşamaq prinsipi bunu tələb edir. Onlar bir yandan “Hüseyniyyə” mərkəzindən, o biri yandan yas mərasiminin sahibindən pul qoparmaqla özlərini çox rahat hiss edirlər. Paytaxt Bakıda belələri sakti davransalar da, Azərbaycanın bölgələrində onlar özlərini daha sərbəst aparırlar. Hətta dini və yas mərasimlərində daha qabarıq şəkildə meydan sulayırlar. Sovetski adlanan yerdə məscid kimi istifadə edilən köhnə anbarın sökülməsi zamanı bir göz qırpımında məhllə sakinlərinn tanımadığı bir qrup radikalın peyda olub, “etiqad” naminə barrikadalşması çox mətləblər gün üzünə çıxırdı.. Yerli əhalinin dini savadsızlığı ucbatından mollalar asanlıqla fəallıq göstərirlər. Məscidlərdə, yasxanalarda, namazgahlarda “geopolitik moizələr” oxunur, “Mərg bə Əmrika, mərg bə İsrail” (Amerikaya ölüm, İsrailə ölüm) tipli sloqnalrı da səslənir. İran molla rejiminin nədən işğalçı Ermənistanın strateji müttəfiqi olduğunu isə gizlədirlər. Guya “İranın daha dərin strateji hədəfləri var” deyərək verilən suallardan yayınırlar.

Ə.Yusifoğlu