Hazırda ikinci əl bazarında avtomobil satan çox, alıcı isə azdır. Hazırda ikinci əl bazarında avtomobil satan çox, alıcı isə azdır.

Avtomobillər maydan bahalaşacaq

Hazırda ikinci əl bazarında avtomobil satan çox, alıcı isə azdır.

Ona görə də mart və aprel ayları avtomobil almaq üçün ən yaxşı vaxtdır. May ayından avtomobillərin qiyməti bahalaşacaq.

"Avtomobil sektorundakı mövcud vəziyyət”ə həsr olunan müzakirələrdə ekspertlərin açıqlamalarına görə, indi 23 min manata deyilən avtomobili 20-21 minə almaq olur, ancaq iki aydan sonra maşın bazarında tələbat yüksələcək və bu qiymət endirimləri olmayacaq.

Təhlükəsizlik tərəfi də var

Bu il yanvarın 1-dən avtomobillərə aksiz markasının dəyərinin 50% bahalaşması yerli bazarda ciddi geriləməyə səbəb olub. Xüsusən mühərrik həcmi yüksək olan avtomobillərə sifarişlər kəskin azalıb.
Avtomobil sahəsində tanınmış ekspert Eldəniz Cəfərin sözlərinə görə, mühərrik həcmi iki min kub sm-dan yuxarı olan avtomobillərin alışı kəskin düşüb. Bu isə xüsusən rəsmi dilerlərin fəaliyyətinə mənfi təsir göstərib:

"Aksiz vergisinin qalxması nəticəsində 15-20 min manat həcmində avtomobillərə tələbat artdı. Xüsusən kiçik mühərrikli avtomobillərə yönəldilər. Düzdür, bu addım Bakının yollarında iri qabaritli avtomobillərin sayının artmasını azaldacaq, ancaq bu məsələnin bir də təhlükəsizlik tərəfi var. Çünki avtomobilin bahalı olmasında həm də onun təhlükəsizlik sistemləri mühüm paya malikdir”.

Təhlükəsizlik sisteminə mütləq zərər verəcək

Qeyd edək ki, bir müddət əvvəl iri qabaritli avtomobillərin qiymətində kəskin ucuzlaşma vardı. Amma hazırda bu avtomobillərin qazla işləməsi üçün əlavə funksiyalar qoyulduğundan "Infiniti”, "Gelandewagen” kimi markaların qiymətinin düşməsi dayanıb.
Deyilənlərə görə, onlara qazla işləmək funksiyasının əlavə edilməsi cəmisi 1500 manat tutur, bu isə benzinə qənət etməyə imkan verir ki, nəticədə "benzini su kimi içən” bu avtomobillər ekonom vəziyyətə salınır.

Ekspertin sözlərinə görə, qeyri-sənaye üsulu ilə qoyulan əlavə sistemlər avtomobillərin təhlükəsizlik sisteminə mütləq zərər verəcək.

"Adi ksenol lampaların qoyulması və ya əlavə elektrik işləri gələcəkdə avtomobilə mütləq fəsad verir. Məsələn, təzə avtomobil işlədiyi yerdə alışır. Sığorta şirkətlərinin araşdırmasına görə, avtomobilə zavod istehsalı olmayan lampa yerləşdirilib, əlavə şunurlar çəkilib. Ona görə də zavod buraxılışına belə əlavələrin mütləq pis fəsadı olur. Mən şəxsən məsləhət görmürəm”.
Köhnə avtomobilləri dövriyyədən necə çıxarmaq olar?

Bildiyiniz kimi, "2019-2024-cü illər üçün Azərbaycan Respublikasının Avtomobil yollarının təhlükəsizliyi ilə bağlı dövlət proqramı”nda köhnə avtomobillərin dövriyyədən çıxarılması tədbirləri də var. "Bu, necə həll oluna bilər?” sualı hələ də gündəmdədir.
"Biz utilizasiya haqqında düşünmüşdük, amma bu gün Azərbaycanda bu məsələ real deyil. Ölkəmiz avtomobil istehsalına yeni başlayıb. Utilizasiya prosesində avtomobil istehsal edən şirkətlər də yaxından iştirak edir, çünki dövlət bu məsələdə maliyyəyə ehtiyacları həm də onların hesabına kompensasiya edir.

Hesab edirəm ki, bu məsələni dövlət tək üzərinə götürməməlidir. Utilizasiyanın əvəzinə, avtomobil kreditləri üzrə bank faizlərini azaltmaqla köhnə maşınları yavaş-yavaş dövriyyədən çıxarmaq olar”.
O da məlumdur ki, Azərbaycanda utilizasiyanın olmaması ehtiyat hissələrinin qiymətinə də təsir edir. Ehtiyat hissələri Gürcüstanda daha ucuz olmasının səbəblərindən biri də məhz "ölüxana” üçün gətirilən maşınlara gömrük rüsumlarının həddən artıq aşağı olmasıdır.

"Sizə adicə misal çəkim, hibrid avtomobilləri Gürcüstandan alıb gətirənlər çoxdur, ona görə ki, hibrid avtombillərinə gömrük rüsumu Gürcüstanda o qədər aşağıdır ki, hamı onu almağa çalışır. Avropa İttifaqı standartlarına keçidlə bağlı orada hibrid avtomobillərə qoyulan gömrük rüsumu simvolikdir.
Avropa ekologiya və digər sahələrdə belə islahatlara gedən ölkələrə büdcə ayıracaq və Gürcüstan da bu datasiyalardan yararlanmağa çalışır. Əslində, bunu biz etməli idik, çünki Avropanı Qafqaza Azərbaycan gətirib. Azərbaycanın bu sahədə potensialı Gürcüstandan da, Ermənistandan da yüksəkdir. Biz hibriddə də, elektromobildə də digər ölkələrdən öndə olmalıyıq”.

Hibridlərə gömrük rüsumları 50 faiz azaldılsın

Hibrid avtomobillərdən söz düşmüşkən, hazırda dünyada bu avtomobillərə tələbat sürətlə artır. Hibridlər həm benzinlə, həm də elektriklə işləyir. Bu maşınlarda iki mühərrik olur: biri avtomobilin benzinlə olan əsas mühərriki və digəri elektriklə çalışan avtonom mühərrikdir. Avtomobil sənayesinin "ağıllı texnologiya”sı adlandırılan bu avtomobillər xüsusən də şəhərdaxili hərəkətlərdə, atmosferin çirklənməməsində böyük üstünlüklərə malikdirlər.

Məsələn, "Toyota Rav4”lər sürət həddi 50-55 km/saata qədər olduqda ümumiyyətlə benzin işlətmir və bu halda onun avtonom elektrik matoru işləyir. Yalnız bu sürət həddini keçdikdə maşının benzinlə işləyən əsas mühərriki işə düşür. Elektrik cərəyanı isə avtomobilin hərəkəti zamanı toplanır, yəni avtomobil hərəkətdə olduqda o cərəyan yığır və bununla da idarə olunur.

Avtonom mühərrik çox dözümlüdür və uzunömürlüdür, üstəlik, avtomobilin səssiz işləməsi 50 faiz artır və bu da böyük şəhərlərdə yaranan akustik problemin həlli deməkdir. Deyilənə görə, Corolla Hibrid 100 km-ə 3.4 litr yanacaq sərf edir. Amma bu maşınların qiyməti ucuz deyil, məsələn, Bakıya təzə gələn "Rav4”lərin qiyməti 35 min dollardan başlayır.

Mütəxəssislərin fikrincə, hidrid avtomobillərə münasibətdə digər ölkələr kimi Azərbaycan da fərqli gömrük tarifi tətbiq etməlidir. Məsələn, bu avtomobillərə gömrük rüsumları 50 faiz azaldılsa, təhlükəsiz və ekoloji cəhətdən sağlam avtomobillərə keçid sürətlənə bilər.
Avtomobil kreditləri çox bahadır

E.Cəfər hesab edir ki, Azərbaycanda avtomobil kreditləri çox bahadır və şərtlər ağırdır. Belə ki, banklar avtomobil kreditlərinin 40-50 faizi həcmində ilkin ödəniş tələb edirlər, bu isə Azərbaycan istehlakçılarının köhnə maşınlardan can qurtarmasına imkan vermir.

"Kreditlə avtomobil almaq istəyənlər çoxdur, amma 10 müştəridən cəmi ikisi ala bilir, səkkizi isə ilk ödənişdən narazı qalaraq, fikrindən daşınır. Ona görə də müvafiq qurumların avtomobil kreditləri ilə bağlı banklar qarşısında qoyduğu tələbləri yumşaltmasına ehtiyac var”.

Nəqliyyat parkı nə qədər "qocalıb”?

Məlumat üçün bildirək ki, Azərbaycanda avtomobil vasitələrinin yaş strukturuna nəzərə salsaq, "qocalmış nəqliyyat vasitələri”nin sayı daha çoxdur. Dövlət Statistika Komitəsinin bu barədə son məlumatı 2017-ci ilin yekunlarını əhatə edir.

Rəqəmlərə baxsaq, Azərbaycanda olan 1 miyon 147 min 437 ədəd minik avtomobilindən 830 min 731 ədədi 10 ildən çoxdur ki, istismar olunur. Bu isə o deməkdir ki, ümumi minik avtomobillərinin 72%-nin istifadə yaşı 10 ildən çoxdur.

Beş ildən 10 ilə qədər istismar olunan avtomobillərin sayı 213 mindir. Azərbaycanda cəmi 141 min avtomobilin beş yaşı var. Bu mənada, avtobus parkının vəziyyəti daha acınacaqlıdır. Ölkədə cəmi 30 min 788 avtobus var, bunun da 23 min 586-nın istifadə müddəti 10 ili ötüb.(iqtisadiyyat.az)

AzNews.az