“Ümumrusiya Azərbaycan Konqresi” nədən susduruldu? “Ümumrusiya Azərbaycan Konqresi” nədən susduruldu?

Diaspor siyasətində avantüraya yer yoxdur

“Ümumrusiya Azərbaycan Konqresi” nədən susduruldu?

Azərbaycan Respublikasında anadan olmuş və bu gün Rusiya Federasiyasında məskunlaşmış soydaşlarımız xaricdə yaşayan ən iri diasporumuzu təmsil edirlər. Bu gün demək olar ki, Rusiyanın elə bir bölgəsi yoxdur ki, soydaşlarımız orada yaşamasınlar. Bütün bunlara həm də təbii baxmaq lazımdır. Müasir dünyada insanlar qloballaşan bir aləmlə üz-üzədirlər. İnsanlar harada doğulmağından asılı olmayaraq, təhsil almaq, daha çox gəlir əldə etmək, peşə maraqlarına görə dünyanın istənilən bölgəsinə rahatlıqla köçüb gedərək bəzən elə həmin ölkədə yaşamaq qərarını verirlər. Azərbaycan diasporu da məhz bu amillə bağlı yaranmışdır.

Milli diasporumuzun dönüş nöqtəsi

Rusiya Federasiyasında “Ocaq”, “Azərbaycan Cəmiyyəti” (Moskva), “Azərbaycan və Türkiyə Xalqları Cəmiyyəti” (Kirov vilayəti), “Nizami Gəncəvi Cəmiyyəti” (Ulyanovsk vilayəti), “Odlar Yurdu” (Stavropol vilayəti), “Abşeron” (Kalininqrad vilayəti), “Dostluq” (Tula şəhəri), “Dalğa” (Perm şəhəri), “Xəzri” (Novosibirsk şəhəri), “Azərbaycan Mədəniyyət Mərkəzi” (Buryatiya), “Ozan” (Çelyabinsk şəhəri) və digər onlarca sayda diaspor təşkilatlarımız mövcuddur. Bu təşkilatlar vaxtilə “Rusiya Azərbaycanlıları Konqresi”ndə bir araya gəldilər. Bunun ardınca “İqtisadi İnkişaf Fondu”, “Hüquqi Müdafiə Mərkəzi” strukturlarını, “Azərbaycan Konqresi”, “Millətin səsi”, “Sərbəst kürsü”, “Ozan” qəzetlərini, “İnter-Azərbaycan” Tv kanalını, “İrs” elmi-publisist jurnalını və digər çoxsaylı qurumları yaratdılar. Bütün bunlar ilk dönəmdə qürurverici addımlar idi. Çünki, milli maarifçilik hədəfləri ön sırada idi. Rusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə “Azərbaycan” qeyri kommersiya sərgi mərkəzinin açılması isə əsil möcüzə sayılırdı.

1999-cu il oktyabrın 1-də isə, “Rusiya Federal Azərbaycan Milli Mədəni Muxtariyyatı” (AzərRoss) yaradıldı. Bunun ardınca dərhal Rusiya Federasiyasının əksər bölgələrində “AzərRoss”un yerli nümayədəlikləri formalaşdı. 2001-ci ildə “Rusiya Azərbaycanlıları” adlı mətbu orqan “AzərRoss”un əsas söz tribunasına çevrildi. “Azərmedia” nərşlər evini yaratmaqla Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi məclisi də fəallaşdı. Belə ki, Rusiyada yaşayan, Azərbaycan və rus dillərində yazıb-yaradan şair və yazıçılarımız bu ədəbi birliyin inkişafı üçün öz tövhələrini verirdilər. Perm, Tver, Yaroslavl, Komi, Sankt-Peterburq, Kostroma, Saratov, Həştərxan, Voronej, Arxangelsk, Novosibirsk və digər şəhərlərdə yaşayan soydaşlarımız bütün bunları təqdir etməklə yanaşı, əllərindən gələn dəstəyi də verirdilər. “AMOR” (Rusiya Azərbaycanlı Gənclər Təşkilatı) isə möhtəşəm işlər görürdü. Faktiki olaraq bütün yarıdıcı azərbaycanlı gənclər qurumun proyektlərində yaxından iştirak edirdilər. Biz bütün bunları “keçmiş” zamanda ona görə qeyd edirik ki, indi Azərbaycan diasporu adına genişmiqyaslı möhtəşəm addımlar atılmır.

“Ümumrusiya Azərbaycan Konqresi” nədən susduruldu?

2017-ci ildə fəaliyyəti dayandırılan bu təşkilatla bağlı ağla gəlməyən informasiyalar hələ də baş alıb gedir. Ona görə də ən iri diasporumuz ətrafında baş verən intriqalar davam etməkdədir. Akademik Fazil Qurbanov “Ümum Rusiya Azərbaycan Konqresi”nin rəhbəri seçildikdən sonra, Rusiya Federasiyası Ali Məhkəməsinin qərarını əsas gətirərək Ədliyyə Nazirliyi bu qurumun fəaliyyətinin durdurulması qərarını verib. Yaranmış problemdən çıxış nöqtəsi kimi akademik Fazil Qurbanov bu dəfə “Rusiya Azərbaycanlıları Liqası” və ya “Rusiya Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası” adlı yeni qurum yaratmağa cəhd edir. Köhnə komandada təmsil olunanlar bu məsələdə Fazil Qurbanova öncələrdə olduğu kimi dəstək verirlər.

Belə bir məqamda digər nüfuzlu diaspor xadimi professor Məmməd Əliyev yeni qurum yaradılmasına mane olmağa başlayıb. Məhz onların şikayətləri əsasında “Ümum Rusiya Azərbaycan Konqresi”nin bağlanılması ilə bağlı fikirlər səsləndirilir. Akademik Fazil Qurbanov yeni təsis edəcəyi təşkilatın Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi məsələsində çox ümidlidir. Fazil Qurbanovun mərhum qardaşı və Azərbaycan diasporunun parlaq nümayəndələrindən biri sayılan Aydın Qurbanov milli diaspor quruculuğunda çox böyük işlər görmüşdü. Mərhum Aydın Qurbanov soydaşlarımızla işbiriyini məharətlə qurmaq bacarığı var idi. Rusiyanın regionlararası inteqrasiyası prosesində diaspor təşkilatlarımızın fəal şəkildə iştirakını təmin edə bilirdi.

Moskvada diaspor gərginliyi kimə lazımdır?

Mərhum prezident, görkəmli dövlət xadimi Heydər Əliyev vaxtilə Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatları ilə paralel şəkildə onlara isti münasibət göstərirdi. Hər bir diaspor təşkilatına fərdi yanaşaraq, onların Rusiya və Azərbaycan arasında körpü rolunu oynamaları konsepsiyasını izah edirdi. Rusiyada yaşayan soydaşlarımız həm fəaliyyət göstərdikləri bölgə xalqları ilə, həm də Azərbaycanla bağlı gərəkən addımları atırdılar. Beləliklə postsovet məkanında xalqlararası dostluq və inteqrasiyanın təməlini yeni dövr standartları çərçivəsində formalaşdırırdılar.
Rusiyada tatar, özbək, udmurt, çeçen, çərkəz, osetin və digər xalqların vahid platformada çıxış edən milli təşkilatları mövcudur. Azərbayhcanlıları təmsil edən və bu istiqamətdə fəaliyyət göstərməyə çalışan “Ümum Rusiya Azərbaycan Konqresi”nin Ədliyyə Nazirliyi tərəfindən yasaq edilməsi son iki ildə azərbaycanlıların vahid hədəflər çərçivəsində addımlar atmasına zərbə vurub. Onu da unutmamalıyıq ki, 21-ci əsr həm də sürət əsridir. İqtisadi, sosial, mədəni və digər sahələrdə inteqrasiya olduqca böyük sürətə malik addımların atılmasını tələb edir. Fikrimizcə bu prosesin inkişafına dəstək olmaq üçün, 21-ci əsrin standartlarını elmi konseptual şəkildə bilən kadrlardan ibarət “Ümum Rusiya Azərbaycan Konqresi”, “Rusiya Azərbaycanlıları Liqası”, Rusiya Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası” və ya başqa bir ad altında diaspor təşkilatlarımız vahid komanda ilə bir araya gəlməlidirlər. Öz komprador maraqları ilə diaspor təşkilatlarının rəhbərliyində təmsil olunanlar dərhal uzaqlaşdırılmalıdırlar. Ukrayna, Qazaxstan, Özbəkistan və digər dövlətlərdə olduğu kimi, diasporumuzu təmsil edənlər Rusiya Federasiyası Dövlət Dumasında, Federasiya Şurasında, yerli idarəetmə və bələdiyyələrdə təmsil olunmaq üçün birikdə həmrəylik nümayiş etdirməlidirlər. Sadəcə ictimai təşkilat formasında deyil, yaşadığı ölkənin qanunları çərçivəsində inteqrasiyanın yeni formalarına üz tutmalıdırlar. Belə olduğu təqdirdə, diasporumuzu təmsil edənlər Azərbaycanın lobbiçiliyini daha səmərəli səviyyədə həyata keçirə bilərlər. Süni şəkildə öz xarizmasına söykənərək diasporumuz adına iddialar sərgiləməyin zamanı çoxdan ötüb. Nəsillərin dəyişməsi, savadlı, təcrübəli gənclərin diaspor təşkilatlarımızın rəhbərliyinə gətirilməsinin zamanı çatıb. Biz Abbas Abbasov kimi keçmiş iriçəkili məmurların Moskvada sərgilədikləri avantüraların hamılıqla şahidiyik. Ona görə də iki dost ölkə arasında yeni nəsli təmsil edən gənclərin milli diasporumuz adına dəstəkləməli və onlara geniş meydan verməliyik. Bu arada Rusiya mediasında vahid Azərbaycan diasporunun formalaşıb Bakıdan idarə olunmasına imkan verilməyəcəyini təhdid kimi səsləndirildiyi yazılar peyda olmaqdadır. Belə təhdidlərin səbəbləri və neytrallaşdırılam yolları haqqında birgə düşünməliyik

Ə. Yusifoğlu