“Ermənistan-Azərbaycan qarşıdurmasında daha nələr “həll olunmayıb”? “Ermənistan-Azərbaycan qarşıdurmasında daha nələr “həll olunmayıb”?

“Valday” eksperti Qarabağdan yazıb: “Yeni status-kvo yaranıb”

“Ermənistan-Azərbaycan qarşıdurmasında daha nələr “həll olunmayıb”?

İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatın həyata keçirilməsinə həsr olunmuş üçtərəfli görüş mahiyyətli olmaqla yanaşı, həm də rəmzi bir hadisədir. Bu göstərir ki, keçən ilin sonunda Qafqaz bölgəsindəki status-kvoda köklü dəyişikliyə baxmayaraq, çoxdan bəri davam edən etno-siyasi münaqişənin həlli 2021-ci ildə birbaşa Bakı və Yerevan, eləcə də Moskva üçün təcili bir vəzifə olaraq qalır.

AzNews.az “Valdai Club”-a istinadla xəbər verir ki, sözügedən beynəlxalq forumun saytında dərc edilmiş təhlil məqaləsində bildirilir:

“1994-cü ildə Yerevan və Stepanakertdə (Xankəndidə) çoxları düşünüb ki, Azərbaycanın məğlubiyyəti, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), həm də ətraf ərazilərin itirilməsi ən azından, son olmasa da, uzun müddət vəziyyəti dəyişməyəcək. Ermənilər zamanla dünyanın, Kiprdə olduğu kimi, yeni status-kvoya alışacağına əmin idilər. Bununla belə, 2008, 2010, 2014, 2016 və xüsusilə 2020-ci il hadisələri bu iddiaların illuziya olduğunu ortaya çıxarıb. Qarabağdakı hərbi-siyasi vəziyyət kökündən dəyişib. Keçmiş “təmas xətti” itib; yalnız keçmiş DQMV-ni əhatə edən 7 rayon deyil, daha əvvəl onun tərkibində olan bir sıra ərazilər (Şuşa, Hadrut, Martuni və Mardakert bölgələri) Bakının nəzarətinə keçib. Və bu gün Azərbaycan rəsmiləri Qarabağdakı münaqişədən keçmiş zamanda danışırlar, açıqlamalarında demək olar ki, yalnız məhv edilmiş və baxımsız ərazilərin bərpası üçün sosial-iqtisadi planlara yönəlirlər”.

Müəllif qeyd edir: “Ermənistan-Azərbaycan qarşıdurmasında daha nələr “həll olunmayıb”?

Əvvəla, 9 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı sənədin, jurnalistlərin tez-tez dediyi kimi, siyasi bir razılaşma olmadığına diqqət yetirilməlidir. Bu – hərbi qarşıdurmaya son qoymağı hədəfləyən üç ölkə liderlərinin birgə bəyanatıdır. O, sülh prosesinin “səbətlərindən” yalnız birini – keçmiş DQMV-dən kənar ərazilərin işğaldan azad edilməsini nəzərdə tutur. Fəqət ikinci “səbət” – mübahisəli bölgənin, əslində, zamanında münaqişənin başlanğıcı rolunu oynayan statusunu nəzərə almır. Hətta bəyanatlarda bu qeyd edilmir.

Səssizliyin səbəbi aydındır. Prioritet vəzifənin döyüş əməliyyatlarını dayandırmaq olduğu mərhələdə atəşkəs üçün ilkin şərt kimi həmin məsələni qaldırmaq mümkün deyildi. Bu, istər-istəməz sülh təşəbbüsünü uğursuzluğa düçar edəcəkdi; Rusiya, Fransa və ABŞ tərəfindən irəli sürülən əvvəlki üç təklifin taleyini təkrarlayardı.

Lakin məsələ həll gündəmindən itməyib, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın 11 yanvar 2021-ci ildə Moskvada keçirdiyi üçtərəfli görüşdən sonra verdiyi bəyanat da sübut edir. Azərbaycan, əksinə, ərazi bütövlüyünün bərpası ilə bağlı status problemini faktiki olaraq həll edilmiş sayır.

Paşinyanın inadkarlığının böyük ölçüdə Ermənistandakı daxili siyasi vəziyyətlə əlaqəli olduğu da nəzərə alınmalıdır. Yerevanın Bakıya verdiyi güzəştlərdən narazılıq çox böyük olaraq qalır. İkinci Qarabağ müharibəsindən sonra kəskin aktuallaşan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həlli hələ də mövcuddur. Yeni, hətta cüzi ərazi güzəştləri ehtimalı Paşinyan üçün əlavə risklər yaradır. Ancaq bu hekayət təkcə ayrı-ayrı siyasətçilərlə məhdudlaşmır”.

Rusiyalı ekspert Sergey Markedonovun fikrincə, hərbi əməliyyatların dayandırılması hüdudlarından kənara çıxacaq, bir növ, hərtərəfli razılaşma hazırlamaq olduqca vacibdir. İlk baxışdan o artıq mövcuddur. Bunlar 2009 danışıqları üçün əsas olan “təməl prinsiplər”dir. Ancaq bu prinsiplər köhnə status-kvo altında qəbul edilib və onların əhəmiyyətli hissəsi danışıqlar masasında olmasa da, döyüş əməliyyatları zamanı həyata keçirilib.

Sovet İttifaqının dağılmasından sonra ilk dəfə Qarabağda sülhməramlılar yerləşdirilib. Həm Bakıda, həm də Yerevanda onların rolu müsbət qiymətləndirilir. Bununla birlikdə, sülhməramlıların səlahiyyətləri 5 illə məhdudlaşır, məsələn, Abxaziya, Cənubi Osetiya və ya Dnestryanıda belə deyil.

Aydındır ki, Yerevan və Bakı Rusiya missiyasına diametral əks ümidlər bəsləyirlər. Bu gün bir tərəfdən DQMV ətrafındakı ərazilərin Azərbaycana inteqrasiyasını, digər tərəfdən, tanınmamış “Dağlıq Qarabağ Respublikası” infrastrukturunun azaldılmış formada qorunub saxlandığını görürük. Ərazidə yerli administrasiyası fəaliyyət göstərir, kadr dəyişikliyi aparılır və gələcək planlar Bakının yurisdiksiyası xaricində hazırlanır.

Özü-özlüyündə bu cür toqquşmalar yox olmayacaq. Böyük xarici oyunçuların Qarabağı necə formalaşdırmaq barədə fərqli fikirləri də ortadan qalxmayacaq. Rusiya, İran və Türkiyə bir-biri ilə qarşılıqlı əlaqədə olmağı və “Qərb tərəfdaşları”nın iştirakının minimum səviyyədə qalmasını istəsələr də, 3 Avrasiya nəhəngi Qafqazın perspektivlərini və bu bölgədəki problemlərin həllində iştiraklarını fərqli qiymətləndirir.

Beləliklə, həlsiz qalan Ermənistan-Azərbaycan ziddiyyətləri (Qarabağın son statusu və yeni sərhəd delimitasiyası) ilə yanaşı, geosiyasi amil də əhəmiyyətli dərəcədə “əlavə dəyər” daşıyır. Bu şərtlər daxilində, hərbi atəşkəs çərçivəsində bir həll axtarılacaq.

Rusiya hərbi münaqişəni dayandırmağa və yeni status-kvo çərçivəsində danışıqlar prosesində liderliyi ələ almağa müvəffəq olduqdan sonra kollektiv Qərb, Qarabağ məsələlərində bir oyunçu olaraq kənarlaşdırılıb. Ancaq ABŞ və müttəfiqlərinin daha aktiv iştirakı tamamilə qapalı bir mövzu kimi görünmür. Bu gün Vaşinqton və Paris (ATƏT-in Minsk qrupunun iki həmsədri) Moskvanın fəaliyyətini və lider mövqelərini izləyir. Lakin bu, passiv müşahidədən uzaqdır. ABŞ Konqresinin Qarabağla bağlı ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoruna ünvanladığı son təşəbbüsə baxmaq kifayətdir.

Moskva ilə Bakı, ya da Moskva ilə Yerevan arasındakı münasibətlərin pisləşməsi, həm də Türkiyə ilə qarşıdurma nəticəsində yaranacaq Rusiyanın Qafqazdakı istənilən uğursuzluğu Qafqaz regional gündəminə müdaxiləni artırmaq üçün istifadə ediləcək.

Buna görə də, hazırda Rusiya tərəfi yalnız münaqişənin həlli barədə danışmaq üçün deyil, həm də münaqişə tərəflərini ortaq iqtisadi layihələr yolu ilə effektiv sülh axtarışına bağlamağa çox çalışır. Gürcüstan ssenarilərinin Qarabağ torpağında təkrarlanması, bölgənin beynəlmiləlləşməsi, Rusiya və NATO qarşıdurması ilə müqayisədə, daha mürəkkəb format alacaq. Bu baxımdan, Moskvanın Ermənistan və Azərbaycanla, Türkiyə və İranla, eləcə də ATƏT-in Minsk qrupundakı tərəfdaşları ilə münasibətlərdə tarazlığı qoruyaraq, yəni “Scylla və Charybdis” (“iki od”) arasında hərəkət etməsi son dərəcə vacibdir. ABŞ və müttəfiqləri Rusiya ilə hazırkı kövrək konsensusa yenidən baxmağa başlayana qədər (və əgər belə olasa) Moskvanın Qarabağla bağlı Qərblə əlavə gərginlik yaratmağa ehtiyacı yoxdur.