“İskəndər” Rusiyanındır - bəs onun düyməsini kim basıb? - ŞƏRH

Atılan raket nüvə başlıqlı olsaydı, məsuliyyəti üzərinə kim götürəcəkdi?

İkinci Qarabağ müharibəsi Ermənistan ordusu və hərbi texnikası ilə bağlı bir çox məqamların da üzərinə işıq saldı. SSRİ-nin dağılmasının son illərindən müstəqilliyi bərpa olunana və ondan sonra ta indiyədək Ermənistan ordusu xaric dövlətlərin hesabına hərbi texnika və avadanlığa sahib olur. Sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüşlər zamanı Ermənistanın istifadə etdiyi “ianə edilən” hərbi texnikanın keyfiyyəti də ortaya çıxdı. Ermənistan hərbçilərinin Azərbaycanın mülki obyektlərinə atdığı raketlərlə bağlı məsələ hələ də müzakirə edilir.

Aprelin 2-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib ki, Şuşada “İskəndər-M” raketinin qalıqları aşkar olunub. Onun sözlərinə görə, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur: “Bizdə raketin atıldığı istiqamət və tarix barədə hazırda məlumat yoxdur”. Rusiya iddia edir ki, Ermənistana bu raketin atılması üçün “açar” verilməyib, yaxud onlara bu silahdan verməyib. Ancaq fakt faktlığında qalır: Azərbaycan ərazisinə “İskəndər-M” raketi atılıb. Ermənistanın baş naziri Nikol Paşinyan iddia edib ki, Azərbaycan ərazisinə atılan bu raketlərin 10 faizi partlamayıb. Hərbçiləri isə onu təkzib edirlər. Nə baş verir: Ermənistan ordusunda belə silahları kim atır? İdris İsmayılov bildirib ki, qırıntılar bir-birindən 780 metr məsafədə olub. Onun sözlərinə görə, raketin nişan nömrəsinin (9M723) yoxlanılmasının gedişatında müəyyən edilib ki, qalıqlar "İskəndər" raket kompleksinə aiddir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan isə bu xəbərləri şərh etməkdən imtina edib: “Heç nə deyə bilmirəm, çünki informasiya açıqlana bilməz”.

Yeri gəlmişkən, Kremlin nümayəndəsi Dmitri Peskov bu məsələni şərh edərək bildirib ki, Qarabağ münaqişəsində "İskəndər" raket kompleksləri tətbiq edilməyib: “Mənim bildiyimə görə, bu, yeni informasiyadır”. Sözçüdən "İskəndər" raketinin atıldğı yer barədə soruşublar. O, cavabında deyib: “Yox, biz bu barədə informasiyaya malik deyilik”. Göründüyü kimi, Peskovun cavabları çox primitivdir, inandırıcı deyil. Ermənistanda bütün məsələlərdən xəbərdar olan Rusiyanın “İskəndər”in atıldığı yeri bilməməsinə inanmaq sadəlövhlükdür. Rusiya Müdafiə Nazirliyinin məsələ ilə bağlı bəyanatında bildirilib: “Bizdəki təsdiq edilmiş obyektiv və səhih məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişatında bu tip raket komplekslərinin heç biri tətbiq edilmirdi”.

Bu ilin fevralında Rusiya hərbçiləri bildirmişdi ki, raketlərin bütün döyüş sursatı Ermənistan Silahlı Qüvvələrinin anbarındadır. Dağlıq Qarabağda olmuş ukraynalı mütəxəssis Roman Boçkala isə qeyd edib ki, aşkar edilmiş raketlər böyük qalmaqal yarada bilər: “Axı Şuşaya atılan raket Rusiyanın əl işinə oxşayır”. Raketin atıldığını erməni rəsmiləri və müxalifət liderləri də təsdiqləyiblər. Ermənistanın baş naziri Nikol Paşinyan həmin vaxt bildirib ki, Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında "İskəndər" raketləri partlamayıb və ya atılan raketlərin yalnız 10 faizi partlayıb. Serj Sarkisyan isə raketin gec atılmasından şikayətlənib.

Rusiya rəsmiləri iddiaları təkzib etdiyindən belə bir sual yaranır: Rusiyadan Ermənistana silah qaçaqmalçılığı edilir? Keçmiş SSRİ düşdüyü iqtisadi böhrandan çıxmaq üçün malik olduğu adi silahları dəyər-dəyməzinə satırdı. Bu proses Boris Yeltsinin prezidentliyi illərində də davam etdi. O vaxtkı baş nazir Yeqor Qaydarın komandası silah alveri ilə məşğul olurdu. Belə çıxır, Rusiyada bu ənənə hakimiyyətdən kənar qüvvələr vasitəsilə həyat keçir. Bu yaxınlarda Moskva vilayətinin Mıtişin rayonunda 61 yaşlı sahibkar Vladimir Bardanovun evindən qanunsuz silah arsenalı aşkar edilib. O, Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarına silahlı müqavimət göstərərkən zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiyaya görə, belə demək olar ki, sahibkar qanunsuz silah alveri ilə məşğul olub və s.

Samvel Babayan

Samvel Babayan

Bir neçə ilə əvvəl Rusiyadakı silah qaçaqmalçılarının bir əli Ermənistanda görünüb. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycanın Xankəndi şəhərində “vəzifəyə” təyin edilən Samvel Babayan (“Syamo”) məşhur silah qaçaqmalçısıdır. O, 2017-ci ilin martında qeyri-qanuni silah, döyüş sursatları, partlayıcı maddə və qurğu əldə edilməsi, saxlanması, satışı, nəqli və ya daşınması, eləcə də ilkin sövdələşmə əsasında bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq maddəsi üzrə ittiham olunub. “Syamo”nun adı 2017-ci ildə başqa bir cinayət işində hallanıb. Həmin il Babayan və daha iki şəxs Rusiya istehsalı olan “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığına görə mühakimə olunub. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Bu əməlinə görə ona 6 il iş kəsiblər. Hadisə qonşu Gürcüstanda da ciddi şəkildə nəzarət altında saxlanılmışdı. Bu ölkənin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ermənistana qanunsuz yolla “İqla” zenit-raket kompleksinin keçirilməsi işi üzrə axtarışda olan 40 yaşlı Ermənistan vətəndaşı Robert A.-nı tutmuşdu. İnformasiyaya əsasən, kompleksi Ermənistanın 3 vətəndaşı Gürcüstan ərazisindən qaçaq yolla keçirmək istəyibmişlər.

Britaniyalı müəllif, ekspert Harold Keyn “Narko Qarabağ” (“Narco Karabakh”) adlı kitabında da ermənilərin silah qaçaqmalçılığından bəhs edib. Kitabda Ermənistanın Rusiyadan silah almağa davam etməsi və “Moskvanın strateji peyki”nə çevrildiyi vurğulanıb. Müəllif bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə görə başqa ölkələrin Ermənistana silah satışına embarqo tətbiq etdiyi bir vaxtda Rusiya silah tədarüklərinə davam edib. Məsələn, 2005-ci ildə ABŞ-ın hüquq-mühafizə orqanları Artur Solomonyanı və bir qrup şəxsi Yerevandan Rusiya istehsalı olan qumbaraatanlar, “Stinger” raketləri, “AK-47” avtomatları və minalarını ABŞ-a qaçaq yolla gətirdiklərinə görə həbs etmişdilər. Belə ki, Federal Təhlükəsizlik Bürosu tərəfindən irəli sürülən ittihama görə Solomonyan Çeçenistanda rus hərbçilərindən satın alınaraq Ermənistana gətirilən silahlardan olan 200 qumbaraatanı qanunsuz yolla ABŞ-da satmaq istəyirmiş.

Ötən il Ermənistanın baş naziri Nikol Paşinyanın da adı silah, siqaret, brilyant qaçaqmalçılığında hallanıb. Ermənistanın Vatikandakı keçmiş səfiri, hazırda Moskvada olduğu iddia edilən Mikael Minasyan bildirib: “Nikol Paşinyan siqaret və brilyant qaçaqmalçılığı ilə bağlı qalmaqaldan sonra Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib. Ermənistan Rusiyadan daxili bazar qiymətlərinə silah-sursat almaq hüququna malikdir. Ermənistan Respublikası və Rusiya ordusu federasiya istehsalçılarından silah və döyüş sursatlarını eyni qiymətlərlə ala bilər. Bu qiymətlər beynəlxalq qiymətlərdən 65 faizə qədər fərqlənir”. O deyib ki, N.Paşinyan bu işi David Qalstyana həvalə edib: “Nikol Paşinyan ona Müdafiə Nazirliyi vasitəsilə Ermənistan Respublikası adından şərti olaraq 100 növ silah sifariş vermək imtiyazını verir. Bunun 60 növünün pulunu Ermənistan ofşor təşkilatlarda ödəyir, 40 növünü isə Rusiyadan birbaşa üçüncü ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir. Oradan da silahlar 4-cü ölkədə meydana çıxa bilər".

Aprelin 6-da Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşlarının Ermənistana tankın ehtiyat hissələrinin göndərilməsinə cəhdin qarşısını alması barədə məlumat yayılıb. Bildirilib ki, hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator tankın idarə edilməsində istifadə olunur. Stabilizatoru Uralın cənubundan olan, Çelyabinsk vilayətinin sakini göndərib. Məlumata görə, bu stabilizatorlar hərbi texnikalarda, o cümlədən “T-72” markalı tanklarda istifadə olunur. Fakt üzrə cinayət işi başlayıb.

Rusiya rəsmilərinin “İskəndər”lə bağlı təkziblərinə əsasən ehtimal etmək olar ki, bu raketlərin satışı və mühafizəsində boşluq var. Rusiyadakı silah qaçaqmalçılığı, Ermənistan vətəndaşlarının onlarla əlaqələri “İskəndər”in qanunsuz olaraq ələ keçirildiyini deməyə əsas verir. O zaman bir sual doğur: Atılan raket nüvə başlıqlı olsaydı, məsuliyyəti üzərinə kim götürəcəkdi?