Arayiki Moskvaya kimlər və niyə aparır?

O, qandallanmalı və Azərbaycana təhvil verilməlidir!

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının lideri Araik Arutyunyan növbəti dəfə Moskvaya səfər edib. Bu dəfə o, Rusiya paytaxtına həyat yoldaşı ilə birgə gedib.

Erməni mətbuatı bu haqda məlumat yayıb və bildirilib ki, səfər heç də könüllü xarakter daşımır: “Araik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də Araiki özünə qaytarmağa cəhd göstərirlər”...

Nəşrin məlumatına görə, separatçıların rəhbəri Araik Arutyunyan səfəri çərçivəsində özünə Moskvada ev də alıb.
Nəzərə çatdıraq ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Araik artıq üçüncü dəfədir ki, Moskvaya səfər edir.
O noyabrın sonlarında Rusiya paytaxtına yollanmışdı. Erməni mediası bunu “gizli səfər” kimi qələmə verirdi. Ancaq bu hansısa dairlərin iz azdırmaq cəhdinə oxşayırdı, separatçıların rəhbərinin Moskvaya təyyarə ilə gizli getməsi təbii ki, mümkün deyil.
Məsələnin ən vacib və hesab sorulacaq cəhəti ondan ibarətdir ki, Araik Arutyunyan müharibə cinayətkarıdır və Azərbaycan Baş Prokurorluğu onun barəsində cinayət işi başlayıb, barəsində axtarış elan edilib. Beynəlxalq hüquq normalarına görə, Araik Moskva aeroportunda qandallanmalı və Azərbaycana təhvil verilməlidir.

Ancaq biz bunun əvəzində nəyin şahidi oluruq? Sanki Rusiyada hansısa dairələr onu himayə edir, Moskvaya çağırıb təlimatlandırır, hətta ev verməklə nələrəsə şirnikdirirlər...

Əlbəttə, bu səfərin kimlər tərəfindən təşkil olunması, hansı məqsədi daşıması barədə suallar haqlıdır. Digər açıqlama tələb edən məqam ondan ibarətdir ki, A.Arutunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib? Ermənistan vətəndaşı kimi, yoxsa hələ də qondarma “DQR vətəndaşı” olaraq?

Bəlkə də iddia oluna bilər ki, Araik Ermənistan pasportu ilə enib Moskva aeroprtuna. Mümkündür. Ancaq istənilən halda Arutyunyan müharibə cinayətkarıdır. O, özü də etiraf edib ki, ikinci Qarabağ savaşı zamanı Azərbaycanın ərazilərində dinc əhaliyə (Gəncəyə, Bərdəyə, Tərtərə və s.) raket atmaq əmri verib. Müharibə cinayətkarının, separatçı rejimin hər hansı ölkəyə, o cümlədən Rusiyaya səfəri təbii ki, qəbuledilməzdir, beynəlxalq hüquq normalarının pozulmasıdır. Azərbaycan üçün isə bu, dözülməz hal kimi səciyyələndirlir.
Nə qədər demoqiji səslənsə də, bu bir faktdır ki, Rusiya separatizmin nə olduğunu bilir, öz təcrübəsində bunu görüb. Və separatizmlə bağlı müxtəlif şəxslərin barəsində axtarış elan edib, cinayət işi başlayıb. Moskva həmin şəxsləri əməkdaşlıq etdiyi ölkələrə səfər edən görsə, hansı reaksiyanı verər? Təbii ki, böyük bir hay-küy salar, tələblər qoyar, inciyər və s. Belə olduğu halda bir müharibə cinayətkarının, seraratçının Moskvada qarşılanması, görüşlər keçirilməsi başadüşülən deyil və izahat tələb edən məsələdir.

Üstəlik nəzərə alaq ki, Rusiyanın Qarabağda sülhməramlı missiya həyata keçirir və 10 noyabr anlaşmasına görə erməni silahlılarının Qarabağdan çıxarılmasına dair bənd də var. Eyni zamanda sülhməramlıların öz mandatına uyğun davranmaması ilə bağlı iradların da olduğu bir zamanda, Arutunyanın Moskvaya səfərinin təşkili Rusiyanın bu istiqamətdə fəaliyyətinə də kölgə salır...
Ancaq görünən və fakt budur ki, Arutyunyan Moskvaya növbəti dəfə gedir və bunun nə məqsəd daşıması haqda rəsmi bir açıqlama da verilmir.

Məsələyə pozitiv yanaşanlar da var, belə iddialar səslənir ki, Arutyunyanı Moskvaya Qarabağada sepratizmə son qoymaq üçün “başa salmağa” çağırıblar. Ancaq bu o qədər də inandırıcı deyil və Araik elə bir nüfuz lideri deyil ki, onunla hansısa bir anlaşmaya getməyə ehtiyac olsun. Digər tərəfdən separatçı ilə danışıq olmur, onu ya məhv edirlər, ya cəzalandırırlar, ya da sahibi təpinir, geri çəkir...

Ötən il noyabrın sonlarında Araik Moskvada olarkən mediada belə bir versiya səslənirdi ki, Rusiyada müəyyən dairələr ciddi-cəhdlə Qarabağda başı əzilən qondarma separatçı rejimi diriltmək istəyir. Araik Arutyunyanın Moskvaya səfərinin bununla bağlı olduğu deyilirdi. Hətta onun həmin vaxt Moskvada kimlər tərəfindən müşayiət olunmasını əks etdirən foto da yayılmışdı...

araik.jpg (69 KB)
2021-ci il yanvarın sonunda isə “gizli” şəkildə Moskvaya gedərkən erməni mediasında belə bir iddialar yer alırdı ki, Araik Arutunyan Ermənistanın baş naziri olmağa çalışır və bunun üçün Rusiyadan dəstək almağa çalışır. Bu belə izah edilirdi ki, Nikol Paşinyan Rusiyanı qane etmir, onun yerinə Rusiyanın oyuncağı olan bir şəxsin gətirilməsi mümkün ola bilər. Ehtimal olaraq səslənirdi ki, Araik Paşinyanın kontrolundan çıxaraq özünü Rusiyanın qoltuğuna vermək istəyir.

Mümkündür ki, Rusiyada hansısa dairələr Araikin bu cəfəng iddialarını “mümkün” saysın, ancaq aydın məsələdir ki, belə bir caninin, üstəlik də əhalinin xain, satqın adlandırdığı adamın Ermənistanda baş nazir olmaq şansı yoxdur. Rəy sorğuları da göstərir ki, hələlik Ermənistanda Paşinyanın tərəfdarları çoxdur, erməni separatçılarına isə ciddi nifrət var, çünki onların ucbatından Ermənistanın azı 50 il inkişafdan qaldığına dair rəylər hakimdir...

Bu ehtimal daha çoxdur ki, Arutyunyanı Moskvada hansısa dairələr separatçı rejim "lideri" olaraq istiqamətləndirmək və ondan müxtəlif məqsədlər üçün yararlanmağa çalışırlar. Bu, Kremlin siyasəti olmaya bilər, ancaq bəllidir ki, Rusiyada Kremldən idarə olunmayan siyasi qütblər, xüsusi xidmət orqanlarına bağlı çevrələr də var...
Bütün hallarda Rusiya Şuşaya atılan “İsgəndər M” məsələsi ilə yanaşı, Moskvaya səfəri təşkil olunan Araikin himayədarlarının kimliyinə, ora nə məqsədlə aparılmasına və niyə beynəlxalq hüquqa əsaslanaraq onun RF paytaxtında qandallanıb Azərbaycana təhvil verilməməsinə də bir aydınlıq gətirməlidir.

Elşad MƏMMƏDLİ
Musavat.com