- Toplum
- 10:10
- 1 441
Azərbaycan İsrailin suvarma təcrübəsini öyrənir
İnnovasiya sahəsində fəaliyyət göstərən Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində dünyanın aparıcı damcı suvarma texnologiyaları istehsalçılarından olan “Netafim” şirkətini ziyarət edib.
APA-nın İsrailə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, görüş zamanı şirkətin Tədqiqat və İnkişaf (R&D) üzrə vitse-prezidenti Esteban Sokolski və Rəqəmsal Kənd Təsərrüfatı Departamentinin rəhbəri Ofer İnbar nümayəndə heyətinə “Netafim”in yaranma tarixi, inkişaf mərhələləri, innovativ həlləri və qlobal bazarda əldə etdiyi uğurlar barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, 100-dən çox ölkədə fəaliyyət göstərən şirkət su ehtiyatlarından səmərəli istifadəni təmin edən damcı suvarma texnologiyaları, ağıllı su idarəetmə sistemləri və rəqəmsal kənd təsərrüfatı həlləri sahəsində dünya liderlərindən biri hesab olunur.
Görüş çərçivəsində Azərbaycanın innovasiya ekosistemində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə “Netafim” rəhbərliyi arasında aqrar sahədə innovativ texnologiyaların tətbiqi, rəqəmsal transformasiya, su resurslarının effektiv idarə olunması və müasir aqrotexnologiyaların Azərbaycanda tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
“Netafim” rəhbərliyi şirkətin Azərbaycanla əməkdaşlıq tarixindən də bəhs edib. Qeyd olunub ki, şirkət uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin kənd təsərrüfatı sektorunda həyata keçirilən müxtəlif layihələrdə iştirak edir. Bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrində müasir damcı suvarma sistemlərinin tətbiqi istiqamətində həyata keçirilən layihələr su ehtiyatlarından daha səmərəli istifadəyə, məhsuldarlığın artırılmasına və kənd təsərrüfatında innovativ yanaşmaların genişlənməsinə töhfə verib.
Tərəflər Azərbaycan və İsrail arasında aqrar innovasiyalar, su texnologiyaları və startap ekosistemləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Müzakirələr zamanı gələcəkdə birgə layihələrin həyata keçirilməsi, qabaqcıl texnologiyaların transferi, təcrübə mübadiləsi və insan kapitalının inkişafı istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
Görüşün sonunda tərəflər innovasiya və yüksək texnologiyalar sahəsində tərəfdaşlığın gücləndirilməsinin hər iki ölkənin iqtisadi inkişafına və kənd təsərrüfatının modernləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.