Rusiyanın milyarderi Paşinyanın dizini yerə qoya biləcəkmi? - Ermənistanda qarşıdurma

Ara Abramyan İrəvanda dəngələri dəyişir

Ermənistanda qarşıdan gələn parlement seçkilərinə milyarder Ara Abramyan da qatıla bilər.

Bir neçə gün əvvəl, mayın 21-də rəhbəri olduğu “Rusiyadakı erməni icmasının” saytında onun adından müraciət də yayımlanıb. Müraciətində Ara Abramyan qeyd edir ki, nə hakimiyyət, nə də müxalifət ölkəni böhrandan çıxarmaq iqtidarında deyil: “Ölkə konstitusiyası mənim dövlətin seçkili orqanlarında vəzifə tutmağıma imkan verməsə də, bu, bizim böyük potensialımızın - təcrübə və biliyimizin vətəni xilas etmək üçün xidmətlərimizə maneə olmamalıdır”. Ara Abramyan 2016-cı il aprel hadisələrindən sonra da seçkilər yolu hakimiyyətə gələcəyini bildirmişdi.

Ermənistandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosiyan onun seçkilərdə ciddi bir nəticə əldə edəcəyinə inanmır. Şərhçi deyir ki, o, Rusiya icmasında yaxşı tanınan bir fiqurdur: “Onun Rusiya prezidenti Vladimir Putinlə, Kremllə çox yaxşı əlaqələri var. Onun Rusiyadakı erməni icmasının rəhbəri kimi əsas rolu Rusiyada yaşayan erməniləri qarşıdan gələn seçkilərdə daha da fəal etməkdir. Keçmişdə də Abramyan bir neçə dəfə hakimiyyətə gələcəyini demişdi, amma onun bu vədi heç vaxt gerçəkləşməyib. Ermənistan mediasında onun qarşıdan gələn seçkiyə də qatılacağı yazılır. Amma mən onun bu seçkidə elə də ciddi bir rolu olacağını düşünmürəm. Bu, sadəcə olaraq, seçki kampaniyasına Rusiya yönümlü elementlər qatacaq, amma seçkidə ciddi bir siyasi gücə çevrilə bilməyəcək. Xüsusilə də ona görə ki, Abramyan Ermənistanda elə də məhşur deyil”.

Riçard Giraqosiyan hesab edir ki, Rusiyanın qarşıdan gələn seçkidə müxalifəti dəstəkləməyəcəyi ehtimalı da Abramyanın şanslarını azaldır.

64 yaşlı Ara Abramyan sovet dönəmində, 1981-ci ildə SSRİ Elektron Sənayəsi Nazirliyində idarə müdiri vəzifəsində çalışıb. Onun özü “Kommersant” qəzetinə müsahibəsində deyib ki, sərvətini qiymətli daş-qaşların biznesindən əldə edib.

Riçard Giraqosiyan deyir ki, onun kimi şəxslər ABŞ-da kriminal, Azərbaycan və Ermənistan kimi ölkələrdə isə oliqarx kimi tanınır. Onun fikrincə, Abramyanın bu qədər sərvəti necə əldə etməsi şübhəlidir.

Təhlükəsizlik Aradırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Ara Abramyanın karyerasındakı yüksəlişi yaxından izləyib. Ekspert deyir ki, adi bir mühəndis kimi Elektron Sənayəsi Nazirliyində işə başlayan Abramyanın təhlükəsizlik xidməti ilə sıx əməkdaşlığı olub: “Rusiya xüsusi xidmət orqanları ilə münasibətləri kifayət qədər güclüdür. SSRİ dağılandan sonra bunu istiqamətləndiriblər Afrikaya. Afrikada neft sahəsində ilk işləri Qəzzafi ilə olub. Milyarda qədər pul qazanıb. Düzdür, Qəzzafi öləndə onun pulunun bir hissəsi itib. Onun məşhur bir ifadəsi vardı. Deyirdi ki, Qəzzafi ölkəsini itirdi, mənsə pullarımı”.

İlham İsmayılın fikrincə, Abramyan Rusiya nə deyirsə, onu edən, Rusiyanın siyasətini icra edən bir fiqurdur. Onun sözlərinə görə, milyarderin seçkiyə qatılmağı da Rusiyanın istəyi ilə baş verir. Əsas məqsəd Ermənistan parlamentində Rusiya xüsusi xidmət orqanları ilə əməkldaşlıq edənlərin sayının çox olmasıdır: “Seçkiyə bir aydan az vaxt qalıb. Yəqin ki, onun partiya yaratmaq, bunu qeydiyyatdan keçirməyə vaxtı çatmayacaq. Ona görə də, hansısa bir blokla seçkilərə gedəcək. Qalib gəlməsə də, əsas məqsəd parlamentə düşə bilməkdir”.

Azərbaycanla münasibətlərinə gəlincə isə, İlham İsmayıl düşünür ki, Rusiya münasibətləri necə istəsə, Abramayan da elə quracaq./“AzPolitika.info”