“Göyçə-Zəngəzur Respublikası”nın yaradılması “Zəngəzur dəhlizi”nin reallaşmasını istəməyən qüvvələrin – İran və Ermənistanın maraqlarına xidmət edir" “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması “Zəngəzur dəhlizi”nin reallaşmasını istəməyən qüvvələrin – İran və Ermənistanın maraqlarına xidmət edir"

“Göyçə-Zəngəzur Respublikası” kimin avantürasıdır? - ARAŞDIRMA

“Göyçə-Zəngəzur Respublikası”nın yaradılması “Zəngəzur dəhlizi”nin reallaşmasını istəməyən qüvvələrin – İran və Ermənistanın maraqlarına xidmət edir"

Rizvan Talıbov adlı şəxsin “Göyçə-Zəngəzur Respublikası” ideyası avantüradır və Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmaq məqsədi güdür.

İlk dəfə təxminən bir il bundan öncə belə bir ideya ortaya atıldı, lakin iddia heç bir rezonans doğurmadı. Lakin bu günlərdə həmin avantüranın yenidən gündəmə gətirilməsi bunun məqsədli şəkildə ictimai rəyə sırındığını deməyə əsas verir.

Rizvan Talıbov

Rizvan Talıbov Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən, Çəmbərək rayonunun Yanıqpəyə kəndindəndir. 2005-ci ildə Əli İnsanovun həbsi ilə əlaqədar “Qərbi Azərbaycana Qayıdış” Birliyi adlı qondarma təşkilat yaratdığını elan edib, ilk işi Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsini “yaratması” və ona sədrlik etməsi olub.

Xuliqanlıqda (CM-nin 221.2 maddəsi) ittiham olunan R.Talıbova məhkəmənin hökmü ilə 4 il həbs cəzası verilib və o, bu müddəti həbsdə keçirib. 2020-ci ilin mayın 9-da bir qrup şəxs qondarma “İrəvan-Türk Cümhuriyyəti” yaratdığını elan etdikdən təxminən bir il sonra - 2021-ci il martın 10-da R.Talıbov “Qərbi Azərbaycana Qayıdış” Birliyinin iclasını keçirib, “Göyçə-Zəngəzur Respublikası” yaratdığını və onun “prezidenti” olduğunu elan edib.

R. Talıbovun avantürası ilə bağlı təşkilat üzvləri etiraz bəyanatı yayaraq aşağıdakı bəyanatı yayıblar: “Rizvan Talıbovun Ali Məclis adından heç bir toplantı keçirmədən, növbəti dəfə özbaşına qərar yazıb “dövlət” elan etmə əməli siyasi dələduzluq kimi qiymətləndirilsin və QAQB sədrliyi vəzifəsindən kənarlaşdırılsın. Eyni vaxtda o və oğlu Qərbi Azərbaycana Qayıdış Birliyinin təsisçiliyindən çıxarılsın”.

Ötən müddətdə R.Talıbov özü üçün “dövlət” qurub, onun “strukturlarını” yaradıb, “baş nazir”, “nazirlər”, “komitə sədrləri” təyin edib, “parlament” yaradaraq “spiker”, “vitse-spiker” təyin edib, xəyali virtual iclas keçirib, iclasda “çıxış edib”, vatsapda “çıxışını” paylaşıb, saytlara müsahibə verib, müxtəlif hadisələrə “münasibət bildirib” və s. Bir sözlə, öz-özünü inandırıb ki, artıq yaratdığı “dövlətin” “prezidenti”dir. Hətta bəzən “nazirlərinin” üstünə acıqlanmaqdan da çəkinmir.

Özünü Qərbi Azərbaycanlıların “prezidenti” sayan bu şəxsin faktiki olaraq Qərbi Azərbaycanla bağlı heç bir elmi biliyi, heç bir araşdırması yoxdur, Qərbi Azərbaycanın nə tarixini, nə də coğrafiyasını bilir.

Onun ətrafında belə bir nəfər də ciddi adama rast gəlmək mümkün deyil, adlarını çəkdiyi, vəzifəyə qoyduğu, strukturlara daxil etdiyi adamların çoxunun heç bundan xəbəri də yoxdur.

R.Talıbov kimliyindən, siyasi baxışından asılı olmayaraq, ona salam, yaxud bir qarın qonaqlıq, yaxud da 5-10 manat verən hər kəsi ən yüksək vəzifəyə “təyin edə” və ona “səlahiyyət” verir.

İş o yerə çatıb ki, R.Talıbov artıq yaratdığı virtual qurumun “xarici əlaqələrini” qurmağa başlayıb.

Cari ilin iyulun 24-də Rizvan Talıbov Türkiyənin Batman şəhərindən Mehmet Ali Arslan adlı şəxsi özünə “vitse-prezident təyin edib” və onu “Kürdistan İslami Adalet Partisi” genel başkanı Mamusta Ali Bapirlə danışıqlar üçün İraqa “göndərib”.

Ən pis cəhəti də budur ki, Qərbi Azərbaycanlılara və ya bu ideyaya zərər vermək niyyətində olan istənilən qüvvə onun belə xasiyyətindən asanlıqla istifadə edə bilər və edirlər də.

“Kürdüstan İslami Adalet Partisi” genel başkanı ilə danışıqlar aparılması süni şəkildə bu prosesə önəm verilməsi, arzuolunmaz elementlərin daxil edilməsi yolu ilə ideyanın coğrafiyasının daha da genişləndirilməsi məqsədi daşıyır. Ankarada “Göyçə-Zəngəzur Respublikası”nın ilk bürosunun açılışı, açılışda Mehmet Ali Arslanın Zəngəzuru Osmanlı torpağı elan etməsi də ziyanlı və arzuolunmaz iddialardır.

Türkiyədəki “yardımçısına” gəlincə, ola bilər ki, R.Talıbov o adamı heç tanımır, məhz o adam (yaxud onun Azərbaycandakı adamları) R.Talıbovla əlaqə saxlayıb ki, filan adamı – Mehmet Ali Arslanı özünə Türkiyədəki nümayəndə təyin et. Bunu özü üçün böyük şərəf sayan R.Talıbov Türkiyədən də ona dəstək verilməsinə sevinərək həmin şəxsi özünə “prezident köməkçisi” təyin edib. Həmin qüvvələr isə onun bu siyasi savadsızlığından istifadə edərək, öz işlərini görür, gündəmə gəlir, “Göyçə-Zəngəzur Respublikası” adından danışır, şübhəli qüvvələrlə, bəlkə də Türkiyəyə düşmən təşkilatlarla danışıqlar aparırlar və sabah hansı məkrli addımı atacaqları məlum deyil.

Əvvəl Mehmet Ali Arslan adı ilə çıxış edən şəxs - R.Talıbovun Türkiyədəki “prezident yardımçısı” indiki “prezident yardımçısı” İsmet Kavrukla fərqli adamlar deyil, müxtəlif adlar altında eyni adamdır və ya adamlardır.

“Zəngəzur dəhlizi” məsələsinin aktuallıq kəsb etdiyi bir vaxtda “Göyçə-Zəngəzur Respublikası” yaradılmasının ictimai rəyə daşınması bu dəhlizin reallaşmasını istəməyən qüvvələrin – İran və Ermənistanın maraqlarına xidmət edir.

Məsələnin avantüra xarakteri daşıması Qərbi Azərbaycan İcmasının bəyanat verməsinə də səbəb olub. Bəyanatda deyilir: “Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər”.

R.Talıbovun bu cür avantürist hərəkətlərinin qarşısı dərhal alınmalı və onun Türkiyədəki həmin insanlarla əlaqələri və bu əlaqənin vasitəçiləri dərhal araşdırılmalıdır./APA