Laçın balı, Kəlbəcər şanı... - ARAŞDIRMA

İşğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında istehsal olunan bal yenidən dillərdə dastan olub. Hazırda mövsümlə əlaqədar arıçılıq təsərrüfatları həmin rayonlara köçürülüb. Kəlbəcərdə və Laçında "məskulaşmış" arı ailələrindən bu ilki gözləntilərlə bağlı AzNews.az-ın əməkdaşı qısa araşdırma aparıb.

“Artıq üçüncü ildir ki, bir çox arıçılıq təsərrüfatları işğaldan azad olunmuş ərazilərə, yaylaqlara aparılır. Bəli, Laçının, Kəlbəcərin təbiəti çox əsrarəngizdir. Bu da arıçılıq sahəsinin inkişafına öz müsbət təsirini bağışlayır”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov AzNews.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, ötən iki ildə həmin ərazilərdə yerləşən təsərrüfatlarda yüksək keyfiyyətli balın istehsal olunub:“Çəkilən ballar oktyabr ayında keçirilən bal yarmarkasında satışa çıxarılıb. Bu məhsullar böyük maraqla qarşılanıb. Hesab edirəm ki, yaylaqlarımızdakı floranın zənginliyi arıçılığın daha da inkişaf etməsinə imkan verəcək”.

Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov isə deyib ki, işğaldan azad olunmuş yerlərə 2021-ci ildə iki mindən çox arı ailəsi köçürülüb: “2022-ci ildə isə 22 min arı ailəsi sözügedən ərazilərə yerləşdirilib. Bura Kəlbəcər, Laçın, Xocavənd, Qubadlı və Zəngilan rayonları aiddir. 300 tona yaxın əlavə bal istehsal olunub. Bu il üçün dəqiq rəqəmlər vermək indidən mümkün deyil. Təxminən, bu il 40 mindən çox arı ailəsinin həmin ərazilərə köçürülməsi planlanlaşdırılıb. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərə 300 mindən çox arı ailəsinin köçürülməsi nəzərdə tutulur”.

B. Həsrətov onu da qeyd edib ki, balın istehsalının artması Azərbaycanı bal ixrac edən ölkəyə çevirəcək: “Nəticədə büdcəyə əlavə valyuta daxil olacaq. Bizim yerli bal tələbatımız 6 min tondur. İşğaldan azad olunmuş ərazilərə bal arıları yerləşdirilərsə, təxminən 4 min 500 tona yaxın əlavə bal istehsal ediləcək”.

Kəlbəcərə ilk arı köçünü gətirən, 40 ildir arıçılıqla məşğul olan Sabir Mustafayev isə bildirib ki, ilk köç 2021-ci ildə baş tutub: “İşğaldan əvvəl də mən Kəlbəcərdə arıçılıqla məşğul olmuşam. Mənim atam da, babam da arıçı olub. İndi də estafeti oğluma ötürürəm. Ötən il bir arı ailəsindən 55-60 kiloqrama yaxın bal əldə etdik. Bu da Azərbaycanda bir rekord idi. Kəlbəcər arıçılıq üçün daha əlverişli rayondur. Buranın bitki örtüyü zəngin olduğu üçün balımız çox keyfiyyətlidir. Əvvəllər Sovet dövründə xalq təsərrüfatları sərgisi keçirilirdi. Kəlbəcər balı mükafata layiq görülmüşdü. Başqa bölgələrə nisbətən Kəlbəcərdə vəziyyət yaxşıdır. Çünki burada çiçəklərin bol olması da çox önəmlidir”.

S. Mustafayev Kəlbəcərdə Prezident İlham Əliyevlə görüşməsindən də söhbət açıb: “Xatırlayırsınızsa, Cənab Prezident bizim təsərrüfatın qonağı olmuşdu. Bizim təsərrüfatımızla bağlı çox xoş sözlər söylədi. Arıçılıq, təsərrüfatın genişləndirilməsi ilə bağlı səmimi söhbətimiz oldu. 2021-ci ildə arı ailələrinin hamısını köçürməmişdik. Bu barədə ehtiyat edirdik. Amma keçən il 500-ə yaxın arı ailəsini Kəlbəcərə daşıdıq. Kəlbəcər balının özünəməxsus dadı var”.

O sonda arı ailələrinin qiyməti ilə bağlı danışarkən bunun hava şəraitindən asılı olduğunu vurğulayıb: “Qarşıdan bal yığımı gəlir. Arı ailəsinin satışı bu zamanlar baha olur. Məsələn, arı ailələrini bu yaz 200 manata satmışıq. Payızda isə arı ailəsi daha ucuz qiymətə satılır. Hava şəraiti arıları tələf edə bilər deyə bir çox yerlərdə qiymətlər aşağı düşür”.

Ayan Rzayeva,

AzNews.az

QEYD: Məqalə regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə təqdim olunur.