Nəsib Nəsibli: “Bu gün Güneydə ana dili məsələsi əsas yerdə durur”

Nəsib Nəsibli “ana dili uğrunda mübarizənin həm Quzey Azərbaycan, həm Güney Azərbaycanda millətləşmənin əsas istiqamətlərindən biri olduğunu” ifadə etməklə bərabər “dil faktorunun Güney Azərbaycan və İranda yaşayan türklər üçün daha önəmli olduğuna” dair fikirləri də təsdiq edir. Tarixçi alim həmçinin Arazın hər iki tayında gedən millətləşmə prosesində din, tarix və mədəniyyət kimi faktorların da rolunu şərh edir.

Ankara Universiteti müəlliminin sözlərinə görə, Arazın şimalında olduğu kimi 1991-ci ildən bəri İran Azərbaycanında da türk dilinin rəsmi statusa sahib olması tələb edilməkdədir:

İranda şiəlik ümumidir, tarix keçmişinin ümumi cəhətləri var, kültürdə də bəzi ümumiliklər var, amma ən böyük fərq ana dilindədir.

“Ana dili uğrunda mübarizə hər iki tərəfdə millətləşmənin əsas istiqamətlərindən biri olub. 19-cu yüzildə Quzey Azərbaycanda daim ana dilində təhsil demişlər, daim ana dilinin rəsmi statusa sahib olmasını tələb etmişlər... Bu gün millətləşmə prosesi Güney Azərbaycanda da xeyli vaxtdır ayaq açıb və irəliləyib. Özəlliklə 1991-dən sonra sürətlə inkişaf edib. Son dövrlərin hadisələrini, sloqanlarını göz önünə alsaq, görərik ki, əsas şüarlarda ana dilinə rəsmi status verilməsi tələbi var və mərkəzi mövqedədir”.

Nəsib Nəsibli İran Azərbaycanında cərəyan edən milli hərəkatda ana dili məsələsinin mərkəzdə durduğunun səbəblərini də dəyərləndirir.

“Güney Azərbaycana qarşı assimilyasiya siyasəti dil üzərində oldu. Yəni İranda şiəlik ümumidir, tarix keçmişinin ümumi cəhətləri var, kültürdə də bəzi ümumiliklər var, amma ən böyük fərq ana dilindədir,” deyə Azərbaycan Respublikasının İrandakı sabiq səfiri söyləyir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında millətləşmə prosesi fərqli yolla gedib. Buna görə ki, qonşuları din, tarix və kültür baxımından fərqli etniklərdir və Quzey Azərbaycanda millətləşmə prosesinin başladığı son 200 ildə yad rejimlər var idi. Xristian dövlətlər idi. Amma İranda durum başqadır.

Quzeydə millətləşmə prosesi fərqli yolla gedib. Buna görə ki, qonşuları din, tarix və kültür baxımından fərqli etniklərdir və Quzey Azərbaycanda millətləşmə prosesinin başladığı son 200 ildə yad rejimlər var idi. Xristian dövlətlər idi. Amma İranda durum başqadır.

Tarixçi Arazın iki tayında gedən millətləşmə prosesində ana dilinin rolu və önəminə dair müqayisəli analizlərin aparılması təqdirdə maraqlı nəticələrin əldə ediləcəyini deyir.

“Əlbəttə ki, Quzey Azərbaycanda da dillə bağlı mübarizə olub və bu gün belə biz onun davamını görürük. Amma Güney Azərbaycanda bu məsələ çox ciddi qoyulur və doğru olaraq [millətləşmə] dilin üzərində gedir. Məhz buna görə də görürük ki, həm şah, həm İslam rejimi assimilyasiya siyasətini dil üzərindən yürütdü. Amma bu siyasət ümumiyyətlə iflas etdi”, - deyə o bəyan edir.

“Azərbaycan Milli Hərəkatı hədəflərini doğru müəyyən etdi. Dil məsələsi mərkəzdə durdu. Eyni zamanda ən böyük təzyiq də dilin üzərində oldu. Dünyanın çox az yerində belə nümunəyə rast gəlmək olar ki, 21-ci əsrdə 30 milyonluq, ölkə əhalisinin təxminən 40 faizini təşkil edən bir etnosun dili qadağan olunur”, - deyə Nəsib Nəsibli əlavə edir.

Hazırladı: Aysel Turan

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” layihəsi çərçivəsində dərc olunur