Azərbaycan arxeologiya elmi 30 ildə

Geridə qoyduğumuz 2023-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun yaradılmasının 30 ili tamam oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 iyul tarixli Qərarı əsasında Azərbaycan EA-da Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılmışdır. Bu elmi müəssisə 2020-ci ildən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlanır. Yaxın vaxtlarda Arxeologiya və Antropologiya İnstitutu adlandırılması gözlənilir. Bununla belə, gələcəkdə ayrı-ayrılıqda “Arxeologiya İnstitutunun” və “Etnologiya və Antropologiya İnstitutunun” yaradılacağına ümidlərimiz itməyib. Bu, müasir elmi reallığın tələbidir. 1993-cü ilə qədər Tarix İnstitutunun tərkibində sektor kimi fəaliyyət göstərən bu elm sahələri müstəqil elmi tədqiqat institutunda birləşdilər. Etnoloq alimlərimizin əməyini zərrə qədər kiçiltmədən qeyd etmək lazımdır ki, İnstitutun fəaliyyətinin əhəmiyyətli hissəsini məhz arxeoloji tədqiqatlar təşkil etmişdir. Bu, ilk növbədə arxeologiya sahəsində çalışan kadrların say çoxluğu, arxeoloji qazıntıların Respublikanın bütün regionlarını əhatə etməsi və ümumiyyətlə bu elm sahəsinin spesifikası ilə bağlıdır. Bu yazıda da son 30 il ərzində arxeoloq alimlərimizin apardıqları araşdırmaların nəticələrinə qısa nəzər salmaq yerinə düşərdi.

Azərbaycanın yazıya qədərki qədim dövr tarixinin öyrənilməsinin yeganə vasitəsi yalnız arxeoloji tədqiqatlardır. Çox da zəngin olmayan yazılı mənbələrin mövcud olduğu Antik və Orta Əsrlər dövrlərinin də tarixinin tam tədqiqini arxeoloji qazıntılar aparmadan təsəvvür etmək mümkün deyil. Ölkə ərazisinin məskunlaşmasının, xalqımızın etnogenez tarixinin erkən mərhələsinin, min illər öncəki yaşayış məskənlərinin və qəbir abidələrinin, maddi və mənəvi mədəniyyətinin, erkən dövlətçilik ənənələrinin, qədim sivilizasiyalarla bağlılığının və s. mühüm məsələlərin tarixinin tədqiqinin ən etibarlı, bəzən isə yeganə üsulu məhz arxeoloji qazıntılardır.

Arxeoloji kəşfiyyat və abidələrdə aparılan qazıntı işləri arxeoloji tədqiqatların ilk mərhələsini təşkil edir. Arxeoloji araşdırmaların sonrakı effektivlik səviyyəsi məhz arxeoloji tədqiqatların ilk mərhələsindən – çöl işlərinin səmərəli təşkil edilməsindən birbaşa asılıdır. Müstəqillik illərində əvvəllər elmə məlum olmayan onlarla abidələr aşkar edilmiş, iri miqyaslı arxeoloji qazıntı işləri aparılmışdır.

XX əsrin 90-cı illərində bütün sahələrdə olduğu kimi elmdə də tənəzzül mərhələsi kimi yadda qalmışdır və bu illərdə çöl arxeoloji tədqiqat işləri demək olar ki, aparılmırdı. Ulu öndər Heydər Əliyev həmin illərdə müasir Azərbaycan dövlətçiliyinin müstəqilliyini möhkəmlətmiş və gələcək inkişafı üçün möhkəm özüllər yaratmışdır. Arxeologiya elminin inkişafı sahəsində də dönüş məhz onun fəaliyyəti ilə bağlıdır. Belə ki, 2001-ci ildə Heydər Əliyevin birbaşa göstərişi əsasında Ordubad rayonunda yüksək dağlıq ərazidə yerləşən Tunc dövrünə aid Gəmiqaya abidələrinin öyrənilməsi üçün geniş tərkibdə ekspedisiya göndərilmişdir. Məhz bu ekspedisiyanın fəaliyyəti müstəqillik dövründə arxeologiya sahəsində ilk iri miqyaslı elmi layihə idi. 2001-2003-cü illərdə bu ekspedisiyanın fəaliyyəti nəticəsində Gəmiqaya kompleksində 1500-ə qədər qayaüstü təsvirlər qeydiyyata alınaraq tədqiq edilmiş, Gəmiqayada, o cümlədən Naxçıvan MR-ın digər ərazilərində çoxsaylı abidələr aşkar edilərək qazıntılar aparılmışdır.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə başa çatan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri beynəlxalq tikinti layihəsi çərçivəsində 2002-2005-ci illərdə və 2013-2019-cu illərdə Gəncə-Qazax bölgəsində həmin kəmərlərin dəhlizində 100-ə yaxın sahədə geniş arxeoloji qazıntı işləri aparılmışdır. Bu qazıntılar arealına, tədqiq edilmiş abidələrin sayına və müxtəlifliyinə, aşkar edilmiş materialların zənginliyinə görə ən böyük arxeoloji tədqiqat layihəsidir. Bu araşdırmaların gedişində o zaman üçün Cənubi Qafqazda ən qədim, son Xalkolit dövrünə aid Soyuqbulaq kurqan nekropolu, bu abidə ilə birlikdə Leylatəpə mədəniyyətinə aid Böyük Kəsik və Poylu yaşayış yerləri (Ağstafa), İlk Tunc dövrünə aid Şəmkirçay kurqanları, Orta Tunc dövrünə aid Həsənsu kurqanı, Xocalı-Gədəbəy mədəniyyətinə aid Zəyəmçay və Tovuzçay nekropolları, Antik dövrə aid torpaq və küp qəbirləri və s. abidələr tədqiq edilmişdir. Bu layihə Azərbaycan arxeologiya elminin inkişafına böyük təkan vermişdir.

2008-2009-cu illərdən başlayaraq arxeoloji ekspedisiyaların fəaliyyətinin arealı daha da genişlənmiş, arxeoloji qazıntı işləri daha intensiv xarakter almışdır. Bütün arxeoloji dövrlərə aid yaşayış yerləri və qəbir abidələri tədqiqatlara cəlb edilmişdir. Ən qədim tarixi dövrə – Paleolit dövrünə aid araşdırmaların mühüm yeniliklərindən Mingəçevir yaxınlığındakı Qaraca düşərgəsində daş alətlərin aşkar edilməsini göstərmək olar. Bu alətlər Azıx mağarasının ən alt – VII-X təbəqələrinin (Quruçay arxeoloji mədəniyyətinin) əmək alətlərinə tam uyğundur. Məhz bu tapıntılarla Quruçay mədəniyyətinin daha geniş ərazidə yayılması təsdiq olundu və bu mədəniyyət beynəlxalq elmdə qəbul edildi.

Neolit dövrünə – ilk əkinçi-maldar tayfaların mədəniyyətlərinə aid abidələrdə daha geniş qazıntılar aparılmışdır. Ağstafa rayonundakı Həsənsu və Çağrıtəpə yaşayış yerlərindəki arxeoloji qazıntılar bu vaxtadək mübahisəli qalan Neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinə xeyli aydınlıq gətirmiş, bu mədəniyyətin yerli köklərə bağlı olmasını təsdiq edən çoxsaylı materiallar vermişdir.

Mühüm elmi əhəmiyyətə malik istiqamətlərdən biri Xalkolit/Eneolit dövrünə (e.ə. V minilliyin sonu-IV minilliyin birinci yarısına) aid Leylatəpə arxeoloji mədəniyyətinin abidələrinin tədqiqatlarıdır. Qarabağda – Ağdam ərazisində hələ keçən əsrin 80-ci illərində eyni adlı yaşayış məskəninin tədqiqatları əsasında müəyyən edilmiş Leylatəpə mədəniyyətinə aid 2004-cü ildən başlayaraq Ağstafada Böyük Kəsik, II Poylu yaşayış yerləri, Soyuqbulaq kurqanları, Qəbələ rayonunda Qalayeri yaşayış məskəni və s. abidələr aşkar edilmiş, geniş qazıntı işləri aparılmışdır. Leylatəpə mədəniyyəti abidələrinin tədqiqatları göstərmişdir ki, bu mədəniyyət mənşəyi ilə Şimali Mesopotamiya-Şərqi Anadolunun qədim sivilizasiyaları ilə bağlı olub onlarla eyni mədəni ənənələr mühitində inkişaf etmişdir. Eyni zamanda, bu tədqiqatlar nəticəsində Leylatəpə arxeoloji mədəniyyəti beynəlxalq elmdə öz təsdiqini tapmışdır.

Cəlilabadda çoxtəbəqəli Xudutəpə yaşayış yerində aparılan qazıntılar Xalkolit dövrü Muğan mədəniyyətinə aid maraqlı tapıntıların aşkar edilməsi ilə nəticələnmişdir. Eyni zamanda bu abidə Muğanda Xalkolit, Tunc və İlk Dəmir dövrlərinin stratiqrafik ardıcıllığının müəyyən edilməsi üçün əhəmiyyətlidir.

Xaçmaz, Şərur, Goranboy və Şabran rayonlarında İlk Tunc dövrünə aid yaşayış yerlərində geniş qazıntılar aparılmış, Kür-Araz mədəniyyətinin (və yaxud Mədəni-Tarixi Birliyinin) mənşəyi, yayılma arealı, bu mədəniyyətin daşıyıcılarının təsərrüfatı və həyat tərzi barədə zəngin elmi informasiya toplanmışdır. Müəyyən edilmişdir ki, e.ə. IV-III minilliklərdə Qafqaz və Yaxın Şərq ölkələrində yayılmış Kür-Araz mədəniyyətinin yaranma mərkəzlərindən biri məhz qədim Azərbaycan əraziləri olmuşdur. Ağstafa, Goranboy, Tovuz, Xızı, Qəbələ, və s. rayonlar ərazisində İlk Tunc dövrünə aid sadə torpaq, kurqanaltı sərdabə, daş qutu tipli qəbir abidələri tədqiq edilmişdir. Bütün bu araşdırmalar Azərbaycan ərazisində İlk Tunc dövrü mədəniyyətlərinin öyrənilməsinə, onların bir sıra lokal xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan yaratmışdır. Son illər Qəbələdə Qaraçay torpaq qəbirlərinin və Şabranda Çaqqalıtəpə yaşayış yerinin qazıntıları Kür-Araz MTB-nin Şirvan, Quba-Xaçmaz və cənubi Dağıstanı əhatə etmiş lokal variantının müəyyən edilməsinə imkan yaratmışdır. Qəbələdə qazılmış Əmili kurqanları isə İlk Tunc dövründə Şimali və Cənubi Qafqaz əlaqələrinin tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir. Yardımlı yaylaqlarında İlk Tunc dövrü abidələrinin aşkarlanması və tədqiq edilməsi həmin bölgələrin yüksək dağlıq ərazilərinin məhz qeyd edilən dövrdən məskunlaşması barədə yeni fikirlər irəli sürməyə əsas vermişdir. Ordubad rayonu ərazisində Tunc dövrünün bütün mərhələlərinə aid abidələrdə geniş qazıntılar aparılmış, məhəlli xüsusiyyətlərə malik dəfn adətləri tədqiq edilmişdir.

Qazax və Ağstafa rayonlarında Son Tunc-İlk Dəmir dövrünə – e.ə. II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərinə aid Xocalı-Gədəbəy mədəniyyətinin çoxsaylı abidələrində intensiv araşdırmalar aparılmışdır. Onilliklər ərzində bu mədəniyyətə aid əsasən qəbir abidələri tədqiq edilmişdir. Son illər Qazax rayonundakı Sarvantəpə və Ağstafa rayonundakı Yastıtəpə yaşayış yerlərində aparılmış qazıntılar Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin həyat tərzi, təsərrüfatı və məişəti barədə zəngin informasiya vermişdir. Bu abidələrdən aşkar edilmiş çoxsaylı möhür/pintaderləri xüsusilə qeyd etmək lazımdır. Bu möhürlər xüsusi mülkiyyətin ifadəsi ilə yanaşı, görünür həm də müəyyən ayinlərin icrası zamanı da istifadə edilmişdir.

Gədəbəy və Daşkəsən rayonlarında Xocalı-Gədəbəy mədəniyyətinə aid çoxsaylı daş qutu tipli qəbirlər tədqiq edilmişdir. Bunlardan Daşkəsən rayonunda Zəylik, Əmirvar, Qaraqollar kəndləri yaxınlığındakı çox iri ölçülü daş qutu tipli meqalitik məzar odalarının qazıntılarını xüsusilə qeyd etmək lazımdır. Əmirvar qəbrinin içəri divarında boya ilə çəkilmiş rəsmlər qeydə alınmışdır. Belə böyük ölçüdəki kurqanaltı meqalitik qəbir kameraları, və onlarda rəsmlərin çəkilməsi faktı Azərbaycan ərazisində ilk dəfə olaraq qeydə alınmışdır. Tarixi Azərbaycan torpaqları olan Göyçə gölü sahillərində vaxtilə nisbətən iri ölçülü daş qutu qəbirləri tədqiq edilmişdir. Əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Göycə hövzəsi ərazilərində bu tip qəbirlərin yayılmasını Xocalı-Gədəbəy mədəniyyətinin lokal/məhəlli variantı kimi nəzərdən keçirmək olar. Daş qutu tipli daha iri, üzərlərində kurqan örtüyü qurulmuş meqalitik qəbirlərdə (Zəylik, Əmirvar) isə çox ehtimal ki, yüksək sosial statusu ilə fərqlənən insanlar dəfn edilmişdir. Bununla əlaqədar keçən il Ağstafa rayonunda, Ceyrançöl ərazisində tədqiq edilmiş Qarasoy kurqanlarını qeyd etmək lazımdır. Buradakı qəbir kameralarının üstü bəzən iri qayalardan yonulmuş insan bütləri ilə örtülmüşdür. Bu tapıntılar o dövrün ideoloji məsələlərinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir.

Son illər Goranboy rayonundakı Dəmir dövrünə aid Muncuqlutəpə nekropolunda aparılan qazıntılar maraq doğurmaqdadır. Buradan aşkar edilmiş arxeoloji materiallar 1978-1983-cü illərdə tədqiq edilmiş Şəmkir nekropolunun tapıntıları ilə eyniyyət təşkil edir. Hər iki nekropolun eyni mədəni ənənələrə malik olması şübhə doğurmur. Bu abidələr Xocalı-Gədəbəy mədəniyyətinin son dövrünün (e.ə. IX-VIII əsrlər) və sonrakı dövrə aid alban mədəniyyətinin ilk mərhələsinin (e.ə. VI-V əsrlər) bəzi xüsusiyyətlərini özündə birləşdirib, hər iki dövr arasında keçid mərhələsini təşkil edir. Eyni zamanda, e.ə. VIII-VI əsrlərə aid (radiokarbon analizlər bu xronologiyanı daha da dəqiqləşdirməyə imkan verəcəkdir) Mingəçevir kurqanlarını, Mil düzündə Kiçik kurqanı və Qaratəpə yaşayış yerinin alt təbəqəsini, Şəmkir, Muncuqlutəpə nekropollarını və bu dövrə aid, analoji materiallara malik digər abidələri artıq erkən dövlətçilik mərhələsinə aid müstəqil mədəniyyətin abidələri kimi də dəyərləndirmək olar. Mənşəyi ilə Xocalı-Gədəbəy mədəniyyətinə bağlı olan bu mərhələdə keyfiyyətcə yeni istehsal üsulları, yeni mədəni ənənələr meydana çıxmışdır. Bu abidələri fərqləndirən başlıca tapıntılar nəfis hazırlanmış qara cilalı, özünəməxsus keramika məmulatıdır.

Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında beynəlxalq tərkibli ekspedisiya (Azərbaycan-Almaniya) Əhəmənilər imperiyası dövrünə – e.ə. V-IV əsrlərə aid saray kompleksinə malik böyük bir yaşayış yerində geniş arxeoloji qazıntılar aparmışdır. Tədqiqatlar bu abidənin imperiyanın Cənubi Qafqazdakı satraplığının administrativ mərkəzi olduğunu göstərmişdir.

2011-ci ilin avqust ayında AMEA-nın birinci vitse-prezidenti, həmin vaxt AMEA prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov Qaracəmirlidə və Orta əsr Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntı işləri ilə yerindəcə tanış olub.

Akademik Arif Həşimov Qaracəmirli qazıntılarında. 2011-ci il.

Antik dövrə (e.ə. V əsr - b.e. III əsri) aid qazıntılar sırasında Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərində aparılan qazıntıları xüsusilə qeyd etmək lazımdır. Buradakı tədqiqatlar göstərmişdir ki, Antik Qəbələ özündən əvvəlki dövrə aid şəhər tipli yaşayış yerinin üstündə, onun davamı kimi meydana çıxmışdır. Bu fakt alban mədəniyyətinin Azərbaycan tarixinin daha qədim dövrləri ilə irsi bağlı olduğunu maddi faktlarla sübuta yetirir.

Ağcabədi rayonu ərazisindəki Qalatəpə qədim yaşayış yerində Antik dövrün möhtəşəm şəhər qalıqları aşkara çıxarılmışdır. Bu ərazidə şəhər tipli yaşayış məskəninin olması hələ Antik və Orta əsrlər dövrü müəlliflərinin əsərlərində qeyd edilmişdir. Arxeoloji qazıntılar bu yazılı məlumatların düzgün olduğunu bir daha təsdiq etdi və burada Albaniyanın bu vaxtadək aşkar edilməyən, yazılı mənbələrdə adı “Ayniana” və ya “Yunan” kimi hallanan şəhər abidəsinin qalıqlarını üzə çıxardı.

Orta əsrlərə aid Qəbələ və Şəmkir şəhər yerlərində aparılmış geniş arxeoloji qazıntı işləri Azərbaycanın Orta əsrlər dövrü şəhər mədəniyyətinin, mədəni-iqtisadi əlaqələr və dövlətçilik tarixinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qazıntılar Orta əsrlər dövrü sənətkarlığı, incəsənəti, pul dövriyyəsi və s. mühüm məsələlərin tədqiqi üçün zəngin elmi baza yaratmışdır.

Akademik Arif Həşimov Şəmkir qazıntılarında. 2011-ci il.

Bütün bunlarla yanaşı Azərbaycanın müxtəlif rayonlarında yerli və əcnəbi arxeoloqların iştirakı ilə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərmişdir. Belə ki, Qazax (Damcılı düşərgəsi), Tovuz (Göytəpə, Mentejtəpə, Hacı Ələmxanlı yaşayış yerləri), Ağcabədi (Kamiltəpə yaşayış yeri), Goranboy (Qaraçinar yaşayış yeri), Ağstafa (Tavatəpə yaşayış yeri), Şəmkir (Qaracəmirli yaşayış yeri), Lerik (Piboztəpə nekropolu), Qəbələ (Qəbələ şəhər yeri), Şəki (Kiş məbədi) və s. rayonlarda İnstitutun arxeoloqları Yaponiya, Almaniya, ABŞ, Fransa, İtaliya, Cənubi Koreya, Norveç və digər ölkələrin arxeoloqları ilə birgə qazıntı işləri aparmışlar. Birgə araşdırmaların nəticəsi olaraq Azərbaycanın tarixi-arxeoloji abidələri barədə dolğun məlumatlar beynəlxalq elmdə özünə əsaslı yer tapmışdır.

Arxeoloji tədqiqatların növbəti mərhələsi kəşfiyyat və qazıntı işlərinin nəticələri barədə hesabatların, elmi kitab və məqalələrin yazılıb nəşr edilməsindən ibarətdir. Bununla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, hər il bu işlərin nəticələrinə dair elmi sessiyalar keçirilmişdir. Bu sessiyalardan biri Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini 50 illiyinə həsr olunmuşdur.

2003-cü ildən İnstitut “Azərbaycan arxeologiyası və etnoqrafiyası” adlı elmi jurnal nəşr etməyə başlamışdır. Bu jurnalda həm arxeoloji, həm də etnoqrafik tədqiqatların nəticələrinə dair elmi məqalələr çap olunmuşdur. Bundan əlavə, arxeoloji qazıntı işlərinin intensivliyi nəzərə alınaraq 2008-2016-cı illərin çöl tədqiqatlarının yekunları barədə həmin illərdə “Azərbaycanda arxeoloji tədqiqatlar” toplusu nəşr olunmuşdur.

İnstitut 30 il ərzində mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli elmi konfranslar keçirmişdir. Bu müddət ərzində İnstitutun alimləri bir an da olsa işğal altında qalmış torpaqlarımızı unutmamış, Qarabağın və Şərqi Zəngəzurun arxeologiyasına və etnoqrafiyasına həsr olunmuş konfranslar keçirmiş, çoxsaylı kitablar və məqalələr nəşr etmişlər.

2003-cü ildə İnstitutun yaradılmasının 10 illiyinə həsr olunmuş Respublika konfransı, 2013-cü ildə isə 20 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Təəssüf ki, İnstitutun 30 illik yubileyi unuduldu.

Beləliklə, Arxeologiya və Etnoqrafiya İnstitutu müstəqil elmi tədqiqat müəssisəsi kimi 30 il ərzində Vətənimizin qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malik araşdırmalar aparmışdır. Əlbəttə, yalnız bir məqalə çərçivəsində böyük bir İnstitutun otuz il ərzindəki elmi fəaliyyətini hətta qısa şəkildə də arzu edilən dərəcədə şərh etmək mümkün deyil. Düşünürəm ki, zaman keçdikcə İnstitutun bu fəaliyyətinin böyük elmi əhəmiyyəti daha aktual səviyyədə görünəcəkdir.

Nəcəf Müseyibli

Tarix elmləri doktoru, professor.

01.01.2024