İlham Əliyevin sosial rifah siyasəti

2003-cü ilin oktyabr ayının 15-də keçirilən seçkilərdə xalqımızın yüksək etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev 20 illlik fəaliyyəti dövründə Azərbaycan vətəndaşının rifahını daim öz siyasətinin mərkəzinə qoymuşdur. Təsadüfi deyil ki, Azərbaycanda yüksək rifah cəmiyyətinin qurulması dövlətin əsas prioritetlərindən biri olaraq müəyyən edilib.

Azərbaycan Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi yoxsulluğun azaldılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirir. Reallaşdırılan tədbirlərin nəticəsi olaraq ölkəmizdə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49%-dən hazırda 5,5%-ə qədər enməsi təmin edilib. Azərbaycanda hazırkı dövrdə işsizliyin səviyyəsi isə cəmi 5% səviyyəsindədir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə istehsal edilən və xarici bazarlara təqdim olunan məhsul və resurslar nizamlı şəkildə idarə olunur və əldə olunan gəlirlərdən səmərəli şəkildə istifadə edilir. Ölkədə yoxsulluğun və işsizliyin azaldılması əsas sosial indikatorlar kimi dayanıqlı və davamlı inkişafın mühüm göstəricisidir.

İlham Əliyevin ölkə prezidenti olduğu iyirmi il ərzində dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artmışdır. Azərbaycanda bu dövr ərzində minimum əməkhaqqı 38 dəfə artaraq 345 manata, orta aylıq əməkhaqqı isə 12 dəfə artaraq 925 manata çatmışdır. Minimum pensiya məbləği müvafiq dövr ərzində 10 dəfə artmışdır. Orta pensiya məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,2% artaraq 435 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7% artırılaraq 2023-cü ilin əvvəlində 280 manata çatdırılıb.

İlham Əliyevin sosial rifah siyasətinin əsas xüsusiyyəti ölkədə resursların ədalətli bölgüsünü təmin etmək və yardıma ehtiyacı olan bütün vətəndaşlara dövlət qayğısı göstərməkdir. Bu siyasətə müvafiq olaraq 2006-cı ildə ölkədə ünvanlı sosial yardım proqramı qəbul olunub. Kasıb kateqoriya üçün nəzərdə tutulan bu proqramın təşəbbüskarı bilavasitə Prezident İlham Əliyev olub.

Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilir. Belə ki, 2007-ci ildən başlayaraq bu kateqoriyadan olanlar üçün Prezidentin aylıq təqaüdü müəyyən edilib. Hazırda bu təqaüdlər 2007-ci illə müqayisədə orta hesabla 6 dəfə artırılıb.

Ümumilikdə son beş ildə ölkədə sosial məzmunlu 4 islahat paketi reallaşıb. Bu islahatlar 4 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə vəsaitlərin miqdarı 7 milyard manata çatıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” əhalinin sosial rifahının daha da yüksəldilməsini təmin edəcək.

2024-cü ildə dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitlərin həcminin artırılması, növbəti ildə də sosial müdafiənin prioritet olacağını əsaslandırır. Belə ki, cari ildə büdcə xərclərinin 45%-i sosialyönümlü olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsasında vətəndaşların rifah halının davamlı olaraq artması dayanır.

Elşən MƏMMƏDOV

Azərbaycan Resbublikasının qabaqcıl təhsil işçisi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC-in) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent