- Araşdırma
- 8 İyul 2024 11:31
- 3 680
Pişəvəri hərəkatının tarixdə qalan izi: Milli azadlıq hərəkatı

Seyid Cəfər Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatı başladı və 1945-46-cı ildə 21 Azər hərəkatı ilə milli hökumət quruldu. Təxminən bir il müddətində davam gətirən həmin hökumət Güney Azərbaycanda milli zəmində çox işlər gördü, Güney Azərbaycanda qurulmuş Azərbaycan milli hökuməti Azərbaycan türkcəsi haqqında belə bir qərar qəbul etdi:
1. "Bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili elan olunur...
2. Bütün idarələr (dövlət, milli, ticarət və ictimaiyyət) öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar...".
1946-cı il aprelin 7-də bazar günü Təbriz radiosu hər gün günortadan sonra saat 4-də orta dalğa 310 metrdə ilk dəfə verilişə başladı.
Güney Azərbaycanda həmin dövrdə Azərbaycan türkcəsində dövlət himni yaradıldı. Azərbaycan milli himnini xalqımızın qocaman və mübariz şairi Seyid Mehdi Etimad Natiq yazmış, musiqisini isə Cahangir Cahangirzadə bəstələmişdir.
Həmin milli himn belədir:
Ey vətənim Azərbaycan,
Əbədi odlardan nişan
Adlı, şanlı keçmişim var
Sən böyütdün qəhrəmanlar
Qoca şərqin çırağısan
Azadlığın bayrağısan
Tarix boyunca yadigar,
İftixarlı asarın var.
Sənsən bizə Ana vətən
Sənsən bizə nemət verən.
Sənsən bizə ruhi-rəvan,
Yaşa-yaşa Azərbaycan!
Təəssüflər olsun ki, həmin ərəfədə qərblə-şərq blokunun dünyanı paylaşması ilə Güney Azərbaycanın müstəqilliyinə son qoyuldu. Pəhləvi ordusu yenidən 1946-cı ildə Güney Azərbaycanı işğal etdikdən sonra əvvəlkindən də daha sərt və şovinistcəsinə Azərbaycan xalqına və onun dil və mədəniyyətinin inkişafına mane oldu. Pəhləvi rejimi Azərbaycan türkcəsini bütün elm, mədəniyyət, incəsənət və rəsmi dövlət orqanlarında yasaq etdi. Azərbaycan türkcəsində yazılıb, yaradılmış böyük bir mədəniyyəti, həmin dildə olan kitabların kütləvi şəkildə yandırıb məhv etməyə çalışdılar.
50 illik Pəhləvi rejimi dövründə Azərbaycan xalqı öz doğma yurdu Güney Azərbaycanda dözülməz təzyiqlərə məruz qaldı. Heç kimin bir dənə də olsun Azərbaycan türkcəsində kitab çap etdirməyə haqqı yox idi.
Ağır şəraitdə Azərbaycan dili və mədəniyyətinə çox böyük zərbələr vuruldu. Amma belə ağır şəraitdə də Azərbaycanın qeyrətli oğul və qızları hər zaman xalqı maarifləndirməyə və dilimizə aid gizli şəkildə əsərlər yazıb-yaymağa başladılar. Hətta, Azərbaycan ədəbiyyatının XX əsrdə gözəl şah əsəri olan Şəhriyarın "Heydər babaya salam" əsəri də bu dövrdə yazıldı. Bulud Qaraçorlu (Səhənd) Azərbaycan mübarizə şeirinə misilsiz töfhələr verdi. "Sazımın sözü" kimi dəyərli əsərlər də məhz bu dövrdə yazılıb yayıldı.
1979-cu il İslam inqilabı baş verdikdən sonra İran İslam Respublikasının Ana qanununun 15-ci maddəsində qeyd edilirdi ki, İranda yaşayan başqa millətlər fars dili ilə yanaşı, öz dillərində təhsil ala bilərlər. Lakin bu maddə və eyni zamanda İranın Ana qanununun 19-cu maddəsində nəzərdə tutulan xalqların hüquqlarının bərabərliyi təmin olunmadı və indiyə kimi də həmin maddələr icra edilmir.
Tehran, Təbriz, Ərdəbil, Urmiyə, Zəncan şəhərlərində müxtəlif dərgilər, qəzetlər nəşr olunmağa başladı. "Varlıq", "Dədə Qorqud", "Ülkər", "Koroğlu", "Günəş", "İnqilab yolunda" və "Yoldaş" kimi dərgilər nəşr edilirdi. Bu dərgilərin bəzilərinin ömrü qısa oldu. Elə oldu ki, bir sayı işıq üzü gördü. Şahlıq rejiminin şovinist siyasəti yeni formada baş qaldırdı və müxtəlif vasitələrlə türkdilli mətbuatın geniş vüsət almasına imkan vermədi.
Dilimiz və mədəniyyətimizlə bağlı Güney Azərbaycanın gənc nəsli çox əzmlə və əsaslı şəkildə tədqiqatlar aparmağa can atır və dilimizin yasaq olması ilə yaranmış boşluğu doldurmağa çalışırlar.
Güney Azərbaycanın müxtəlif şəhərlərində ədəbi dərnəklər və ocaqlar da fəaliyyət göstərir. Əlbəttə, həmin ocaqların ədəbi iclasları evlərdə və həftənin bəzi günlərində izn alınaraq mədəniyyət mərkəzlərində keçirilir.
Güney Azərbaycanda son zamanlar dilimiz, ədəbiyyatımız və tariximizlə bağlı çox qiymətli əsərlər də yazılmışdır və nəşr edilmək üçün icazə gözləyir. Azərbaycan türkcəsinin işlənmə dairəsi get-gedə genişlənir. İctimai-siyasi, iqtisadi və mədəni zəmində bütün sahələri əhatə etməyə doğru inkişaf edir.
Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində dərc olunur
Pərvanə