Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü?

Hadisə ilə bağlı teatrın fəaliyyətində heç bir fasilə olmayacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı təxminən 10 il bundan öncə əsaslı şəkildə təmir edilib. Bu il isə teatrımızın müxtəlif hissələrində, səhnədə, zalda müəyyən kosmetik təmir işləri aparılıb.

Bu sözləri teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva Gənc Tamaşaçılar Teatrının binasının tavanının çökməsi ilə bağlı danışarkən deyib.

P.Nurəliyeva bildirib ki, teatrda heç bir fövqəladə hadisə baş verməyib:

“Bu məlumat kim tərəfindən yayılıb, xəbərimiz yoxdur. Ancaq “tavan çökdü” sözü bir qədər böyük səslənir. Teatrın tavanı çökməyib. Yay tətili müddətində tavanın bir hissəsinin suvağı qopub. Hazırda hər şey qaydasındadır. Ümumiyyətlə, bütün teatrlar yay tətili müddətində müəyyən təmir işləri görür, mövcud xırda problemləri aradan qaldırırlar. Bizim teatrın da müxtəlif hissələrində, səhnədə, zalda müəyyən kosmetik təmir işləri aparılıb”.

Teatr sözçüsü bildirib ki, hadisə ilə bağlı teatrın fəaliyyətində heç bir fasilə olmayacaq:

“Teatrımız öz yeni repertuarı ilə fəaliyyətə başlayıb. Hər halda hansısa təhlükəli vəziyyət yaransaydı, teatr təmirə dayanardı. Heç bir teatr təhlükəli halda fəaliyyət göstərməz.

Hazırda teatrda əsaslı təmir işləri aparılmır, xırda və cari, teatrın rəhbərliyi tərəfindən kiçik kosmetik işlər görülür”.

Xatırladaq ki, 2009-cu il mayın 18-də dövlət başçısının təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində ADGTT yenidən qurulub və əsaslı şəkildə təmir edilib. (Kult.az)

Report-un bu gün yaydığı xəbərə görə, Gənc Tamaşaçılar Teatrının binasının tavanı bir neçə gün öncə çöküb.