Prezident anons etdi: onlar vəzifədən gedəcək - Professor

Son müşavirə ölkənin bank sektorunun fəaliyyətində ciddi dönüşün başlanğıcı olacaq

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə bundan öncə keçirilmiş analoji tədbirlərdən fərqli idi. Son illər ərzində ilk dəfə idi ki, ölkə iqtisadiyyatında əldə olunmuş yaxşı nəticələrlə yanaşı, mövcud olan çatışmazlıqlara bu qədər sərt münasibət ortaya qoyulurdu.

Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirəni şərh edərkən deyib. O, ölkə başçısının korrupsiya və rüşvətxorluqla bağlı söylədiklərinin təsadüfi olmadığını bildirib:

“Prezident islahatlara əngəl törətmək istəyən komanda üzvlərinə ciddi xəbərdarlıq etməklə yanaşı, belələrinin komandanın sıralarında qalmasının mümkünsüzlüyünün də anonsunu verdi. Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında əngələ çevrilmiş ciddi problemlərdən biri rüşvət və korrupsiyadır. Dövlət başçısı toplantıda bu məsələ ilə bağlı sərt danışdı. Onun “Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz” deməsi heç də təsadüfi deyildi. Bu o deməkdir ki, bundan sonra rüşvət və korrupsiya yolu tutan məmurlara qarşı daha sərt bir mövqe sərgilənəcək. Dövlət başçısının bundan öncəki müşavirələrdə etdiyi xəbərdarlıqlara baxmayaraq, rüşvət və korrupsiya bulaşmış bəzi məmurlar bu yoldan çəkinməyi bacarmadılar və sonda ölkə başçısı onlarla yollarını ayırmaq qərarı verdi”.

F.Yusifovun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının ən önəmli məsələlərindən biri qeyri-neft sektorunun inkişafıdır:

“Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundan ixracımızın həcminin əsaslı şəkildə artırılması baş verməlidir. Bunun üçün yerlərdə yüzlərlə yeni istehsal və emal müəssisələri qurmaq lazımdır. Dövlət bu məsələdə sahibkarların yanındadır. Dövlət onlara bütün səviyyədən olan vergi və digər güzəştləri verir. Lakin dövlət bu layihələrin hamısını özü maliyyələşdirə bilməz. Ümumi daxili məhsulun həcminin 80 milyard manata çatdığı bir vaxtda sahibkarlığın inkişafına 9 ay ərzində 170 milyon manat kredit ayrılmaqla uzağa getmək mümkün deyil. Burada bank sektoru öz sözünü deməlidir. Bu sektor isə istehsal deyil, lombard prinsiplərinə söykənən istehlak kreditləri verməklə iqtisadiyyatı sabotaj edir. Ona görə də ölkənin bank sektorunda onun sökülüb yenidən qurulması qədər ciddi islahatlara ehtiyac var. Dövlət son illər bank sektorunun ayaq üstə durması və iqtisadiyyata üz tutması üçün ona milyardlarla manat dəstək verib. Ancaq nəticə demək olar ki, yoxdur. İnanmaq istəyirik ki, son müşavirə ölkənin bank sektorunun fəaliyyətində ciddi dönüşün başlanğıcı olacaq”. (Axar.az)

AzNews.az