Koronavirus mübhəmləri: fəlakət qədər yalanlar...

Sifariş yarasalardan insana yeni koronavirusun keçməsi riskinin dəyərləndirilməsi ilə bağlı idi

"Bu virusun süni şəkildə yaradıldığına və ya onun səhvən, ya da qəsdən laboratoriyadan buraxıldığına dəlalət edəcək heç bir sübut yoxdur. Belə iddialar mənasız və əsassızdır. Ümumiyyətlə, koronavirusla manipulyasiya etmək çox çətrin, hətta mümkünsüzdür. Ən azı ona görə ki, onların çox böyük DNT-si var".

ABŞ-dakı Ayova Universitetinin (University of Iowa) mikrobiologiya və immunologiya professoru Stenli Perlman belə deyir. Tanınmış professorun açıqlalamaları, müsahibələri çoxdur və hamısında da eyni fikir təkrarlanır.


Ona inanmıram, bağışlayın.

Perlman kimi mütəxəssis "koronavirusun DNT-dən" bəhs edirsə, ya bilərəkdən yanlış məlumat verir, ya da yalan danışır. Çünki koronaviruslarda DNT yox, RNT olur.

DNT, yəni dezoksiribonuklein turşusu canlı orqanizmlərin inkişafını və yaşamını təmin edən genetik proqramı gerçəkləşdirərək onu qoruyan və nəsildən nəsilə ötürən makromolekuldur.

RNT, yəni ribonuklein turşusu isə bütün canlı orqanizmlərin hüceyrələrində olan, genlərin kodlaşdırılması, oxunması, tənzimlənməsi və təzahüründə çox önəmli rol oynayan üç əsas makromolekuldan biridir.

Məşhur alim, əslində belə danışmalıdır və burada təəccüblü heç nə yoxdur.

Səbəb trivialdır: sifariş, göstəriş.

Çünki...

Alimlər hələ illər əvvəl bilirdilər ki, Çində koronavirus "partlayışı" ola bilər.

"Son onilliklər ərzində biz heyvanlardan yoluxan yeni virusların törətdikləri respirator infeksiyaların bir neçə pandemiyasını gördük. Atipik pnemvoniya (SARS-CoV koronavirusu), Yaxın Şərq Respirator Sindromu (MERS-CoV koronavirusu) və donuz qripi kimi infeksiyalar qlobal iqtisadiyyatla dünya səhiyyə sisteminə çox ciddi təhdidlər oldular. Antibiotiklərdən yanlış istifadəni və beynəlxalq səyahətlərlə səfərlərin kütləviliyin nəzərə alsaq, karbepenemə dayanıqlı bakteriyaların yayılma sürəti ciddi narahatlıq doğurur. Epidemik və pandemik potensiallı bu infeksiyalar Asiya-Sakit Okean regionunda ictimai səhiyyə üçün dəhşətli təhdiddir. Onların qarşısının alınması üçün daha effektiv qabaqlayıcı mübarizə və nəzarət sistemlərinə ehtiyac duyulur", - hələ ötən ilin yayında Cənubi Koreyadakı Hallim, Şanxaydakı (Çin) Fudan və Malayziyadakı Beynəlxalq İslam Universitetlərinin alimlərinin birgə bəyanatında belə deyilirdi.

4 yanvar 2019-cu il. Hesabat bir daha təkrarlandı.

Amma Çinin hakimiyyət dairələri və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) susdular - heç nə olmamış kimi.
13 yanvar. Honkonq Universitetinin alimləri byan etdilər: yarasalar koronavirusu "ən effektiv" yayan canlılardır. Onlar hətta yeni koronavirusun yarana biləcəyi məkanı da göstərdilər: "Yeni epidemiya Çinin cənubunda yaranacaq və ildırım sürətilə dünyaya yayılacaq".

6 sentyabr 2019-cu il. Sinqapur alimləri (Duke-NUS İnstitutu) bəyanat yaydılar: "Çində "Hendra" və "Nipah" tipli yeni SARS koronavirusu yarana bilər. Fikrimizcə, Ebola virusu və MERS koronavirusunda olduğu kimi, bu dəfə də yarasalar virusun yayılmasının mənbəyi olacaqlar. Yarasalar ümumiyyətlə, tam əksəriyyəti insana keçə bilən, indiyədək məlum və habelə, naməlum virusların daşıyıcılarıdır. Yaraların biologiyasını və immuonologiyasını bilmirik. Virusların yarasalardan insana keçməsinin əsas amillər ilə bağlı aydıqlıq da yoxdur".

4 fevral. ABŞ-ın Milli Biotexnologiya Mərkəzinin (National Center for Biotechnology Information, NBCİ) saytında "Yarasaların koronaviruslarının qlobal epidemiologiyası" məqaləsi dərc olunur. Hazırda xeyli ixtisar olunmuş forma almış məqaləin həmin gündəki variantında deyilirdi: "Yarasalar məməlilər arasında sayına görə ikinci növ olmaqla yanaşı, ən müxtəlif virusların daşıyıcılarıdır. Onlar yeganə məməlilər qrupudur ki, uzunmüddətli uçuşlara qadirdir. Bu səbəbdən də virusları yayaraq növlərarası yoluxmaya səbəb olurlar".

6 mart. Tokio Universitetinin alimləri açıqlama yayır: "2000-ci illərdəki atipik pnevmoniya epidemiyasına qədər yarasalar koronavirus daşıyıcıları kimi bilinmirdilər. Lakin son 15 ildə aparılan tədqiqatlar onların orqanizmlərində sekvenasiya olunmuş tam genomlu 32 koronavirus aşkarlayıb. Genom ardıcıllığı olmayan koronavirusların sayı isə daha çoxdur".

17 aprel. Honkonq alimlərindən daha bir bəyanat: "Çinin cənubunda yerləşən, yarasaların satıldığı və bişirildiyi bazarlarla restoranlar həddən ziyadə böyük təhlükə mənbəyidir. Bu məkanlar yeni, öldürücü təsirli koronavirus pandemiyasına səbəb ola bilər". Bəyanat ÜST-ə göndərilir. ÜST yenə susur.

2 may. Kembric Universitetində aparılan tədqiqatlar sübut edir ki, yarasalar növlərarası koronavirus yoluxmasına təkan verərək qlobal pandemiya yarada bilərlər.

16 iyun. Çinin cənub vilayətlərində yarasalarda yeni koronavirus olduğu barədə iddialar artır. Honkonq Universitetinin virusoloqları yeni hesabat yayırlar. Hesabatda deyilir: "2016-2017-ci illərdə Çinin cənub vilayətlərində tədqiqatlar zamanı 1779 yarasa tutulmuşdu. Onların 32-nin koronavirus daşıyıcısı olduğu təsbitlənib".

18 iyun. ÜST-ə daha bir hesabat göndərilir. Elmi işdə deyilirdi: "Çinin Quandun vilayətində asılqan yarasalarda və Quyçjou vilayətində böyük bambuk yarasalarında yeni "Rhinolophus sinicus HKU32" (Rs-BatCoV HKU32) və "Tylonycteris robustula HKU33" (Tr-BatCoV HKU33) alfa-koronavirusları aşkarlanıb. Bu alfa-koronaviruslar sübut edir ki, Çinin cənubundakı yarasalar istənilən an koronavirus epidemiyasına səbəb ola bilərlər". ÜST heç bir cavab vermir.

21 iyul. Honkonq Universitetinin mikrobiologiya, yeni yaranan infeksion xəstəliklər Departamenti ilə Elmi-Tədqiqat İnfeksiyalar və İmmunologiya Mərkəzinin birgə bəyanatı açıqlanır. Bəyanatda yeni koronavirus epidemiyasının mümkün, ehtimal yayılma xəritəsi də vardı. Həmin xəritə COVİD-19 koronavirusunun yayılmağa başladığı ən ciddi "partlayış" məkanlarını tam təkrarlayır: Çin, Cənubi Koreya, Yaponiya, İran, İtaliya və İspaniya…

14 avqust. Sinqapur və Honkonq alimləri yazırlar: "Yeni koronavirus pandemiyası başlana bilər. Ən ağır nəticələr İranda, İspaniyada, İtaliyada və ABŞ-da olacaq. Pandemiya Çindən yayılacaq". Çin və ABŞ-ın rəsmi qurumlarından heç biri (!) hansısa reaksiya vermir.

2 sentyabr. Sinqapur və Honkonq alimləri yeni xəritə yayırlar. "Yeni koronavirus pandemiyasının yarasalardan keçəcək alfa-koronavirus və beta-koronavirusların mümkün yayılma arealı" adlanan xəritə yenə də COVİD-19-un ən ağır zərbələr vurduğu ölkələrlə tam (!) üst-üstə düşür.

11 oktyabr. Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunun xüsusi patogenlər və biotəhlükəsizlik laboratoriyası yarasaların yeni koronavirusun mənbəyi olacağını təsdqləyir. Onlarla hesabatlar dərc olunur.

24 noyabr. Uhan alimləri "Rhinolophus" yarasalarında unikal genom cizgili yeni alfakoronavirus aşkarlayırlar. Həmin virusu sonra dünya COVİD-19 adlandıracaqdı. Uhanlı alimlər "yarasaların orqanizmlərinə virus süni yolla yeridilə bilər: bu prosesin xüsusi laborator sızması olduğu istisna edilmir" deyirlər. Fəqət, bu hesabat dərc olunduğu saytdan 3 gün sonra silinir. 4 uhanlı alimə isə "ABŞ ilə münasibətləri korlayacaq provokativ və düşünülməmiş bəyanatlar yaymamaq, şayiələr istehsal etməmək" tapşırığı verilir.

19 noyabr. Uhan alimləri Çinin cənub vilayətlərində yarasalarda yeni koronavirus olduğunu bir daha təsdiqləyirlər.

2 dekabr. Uhan Virusologiya İnstitutunda seroloji metodla tədqiqatlar aparılır və nəticələr "Yarasalardan insana SARS koronavirus infeksiyasının keçə biləcəyinə dəlalət edən sübutlar" adlanır.

Uhanlı alimlər sübut edirlər ki, yeni koronavirus insan orqanizmində hemaqlütanasiyanı dayandıra, habelə akqlütonasiya və passiv hemoqlütinasiya ilə presipitasiya proseslərində fəsadlar yarada bilər. Araşdırmada bakterioliz kimi mürəkkəb seroloji reaksiyaların nəticələri də var idi.

5 dekabr. Uhanlı alimləri hesabatı institutun rəsmi saytında "yoxa çıxır".

12 dekabr. Çinli alimlərin ABŞ-ın Nyu-York şəhərindəki "EcoHealth Alliance" ilə sıx və məxfi tərəfdaşlıqlarına dəlalət edən faktlar yayılmağa başlayır.

"EcoHealth Alliance" ABŞ-ın USAİD proqramının "Yaranmaqda olan pandemik təhlükələr" proqramının çox aktiv iştirakçısı olaraq Asiyanın bir sıra ölkələrində qapalı tədqiqatlar aparır.

Bu strukturun Çindəki Şenyan Kənd Təsərrüfatı Universiteti, Pekindəki Patogen Biologiya İnstitutu və Uhandakı Virologiya İnstitutu ilə birgə tədqiqatları var. Lakin onların heç biri barədə geniş rəsmi açıqlamalar hələ də verilmir.

"EcoHealth Alliance"in prezidenti Piter Daşakın dediyinə görə, amerikalı alimlər illərdir Çindəki laboratoriyalardan faydalanırlar: "Hələ atipik pnevmoniya dönəmindən əməkdlaşlıq edir, dünya miqyasında insanların sağlamlığını təmin etməyə çalışırıq. Uhanda da heç bir laboratriyada işlər aparmamışıq. Bütün fəaliyyətimih tam şəffafdır!"

Daşak, çox yumşaq desəm, həqiqətləri gizlədir. Çünki "EcoHealth Alliance" ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin (Department of Homeland Security, DHS) elm və texnika direktoratlığı ilə Təhlükələr Təhdidlərinin Azaldılması Agentliyinin (Defense Threat Reduction Agency, DTRA) məxfi sifarişlərini yerinə yetirib, indi də belədir.
DHS və DTRA isə ABŞ ilə yanaşı, dünyanın bir neçə ölkəsində çox məxfi, tam qapalı biolaboratoriyalar şəbəkəsinə malikdir. Həmin biolaboratoriyalarda kimyəvi və bioloji silahlarla bağlı tədqiqatlar aparılır.
2019-cu ildə "EcoHealth Alliance" 566 min dollarlıq 2 illik müqavilə alıb. Təşkilatın saytında barəsində olduqca az məlumat verilən bu müqavilələr əslində "yeni koronavirus epidemiyasının qarşısının alınmsı üçün patogenlərin sürətli dəyərləndirilməsi, habelə xaricdən ABŞ-a gələ biləcək zootonik viruslara qarşı vaksinlərin yaradılması"nı nəzərdə tuturdu.

COVİD-19 koronavirusu məhz zootonik virusdur...

"EcoHealth Alliance" israrla vurğulayır və az qala and-qəsəm edir ki, ABŞ-ın xüsusi xidmət orqanları ilə "heç bir əməkdaşlığı" olmayıb, "onların sifarişlərini yerinə yetirməyib".

Tamam, araşdıraq.

ABŞ-da bütün dövlət strukturlarının tender, müqavilə və sifarişlərinin əks olunduğu Federal Alışlar Agentliyinin ( Federal Business Opportunity, FBO) saytına baxırıq.

Məlum olur ki, son 4 ildə "EcoHealth Alliance" təşkilatının Təhlükələr Təhdidlərinin Azaldılması Agentliyi (Defense Threat Reduction Agency, DTRA) ilə 2,3 və 4,5 milyon dollarlıq iki müqaviləsi olub.

"Müdafiə" kateqoriyasındakı hər iki müqavilənin mövzusu biotexnologiyalar sahəsində araşdırmalar və tədqiqatlardır.

Daha bir fakt: "EcoHealth Alliance" ötən ilin sonlarında DTRA-dan aldığı 2,9 milyon dollarlıq qrant layihəsini başa vurub. Layihə belə adlanır: "Qərbi Asiyada və habelə, Çinin cənubunda yarasalardan insana keçə biləcək xəstəlik risklərinin dəyərləndirilməsi".

Və ən nəhayət: "EcoHealth Alliance" ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyindən (Department of Homeland Security, DHS) aldığı bir sifarişi ötən ilin sonlarında, daha dəqiq olsaq, dekabrın 28-də başa vurub.

Sifariş yarasalardan insana yeni koronavirusun keçməsi riskinin dəyərləndirilməsi ilə bağlı idi.
6 gün sonra Çinin Uhan şəhərində COVİD-19 koronavirusu "partlayışı" olacaqdı.

Ardı var...

Elçin Alıoğlu