”Qara işləri" Mollağa Quliyev görürdü ”Qara işləri" Mollağa Quliyev görürdü

Türkan torpaq mafiyasının caynağında - icra nümayəndəsi və bələdiyyə sədrinə ittihamlar

”Qara işləri" Mollağa Quliyev görürdü

“Yeni icra nümayəndəsi həbs edilən sələfinə rəhmət oxutdurur, bələdiyyə sədri olan qaynı ilə birlikdə qəsəbəni talayırlar”

Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, mənimsənilməsi məsələsi yenidən gündəmdədir. Bu dəfə yeni icra nümayəndəsi Vüqar Balayev və bələdiyyə sədri Böyükağa Yarıyevin adı torpaqlarla bağlı qalmaqallı olaylarda hallanır. “Yeni Müsavat”a müraciət edən qəsəbə sakinləri deyiblər ki, əvvəlki icra nümayəndəsi Rahil Babayevin həbsindən sonra vəziyyətin yaxşılaşacağına ümidləniblər:

“Rahil Babayev torpaq zəbtində, satışında Mollağa Fəzail oğlu Quliyevlə əlbir idilər. Türkan torpaqlarını satırdılar. ”Qara işləri" Mollağa Quliyev görürdü. Gedib torpağı zəbt edir, kol-kosdan təmizləyib, satmaq üçün hazır vəziyyətə gətirirdi. Bundan sonra Rahil Babayev torpağı Daşqın Nəsirovun vasitəsilə satırdı. Bu gün Rahil Babayev, Daşqın Nəsirov həbsdədirlər. Mollağa Quliyev isə ortalıqda gəzir".

Rahil Babayev

Kənd sakinləri deyir ki, Rahil Babayevin həbsindən sonra boş qalan nümayəndə postuna gətirilən Vüqar Balayev də sələfinin yolu ilə gedir: “Rahil Babayev nümayəndə olduğu dövrdə Türkanın torpaqları zəbt olunub, qarış-qarış satılıb. O, torpaqları Mollağanın əli ilə zəbt etdirib qanunsuz satsa da, tikintiyə görə rüşvət yığmağa o qədər də həvəs göstərmirdi. 2 ahıl qadının torpağını zəbti məsələsi ortaya çıxdı, Rahil Babayev həbs olundu. Camaat da dedi ki, daha torpaqlarını zəbt edən olmaz. Vüqar Balayev 2 ay əvvəl icra nümayəndəsi vəzifəsinə gətirilsə də, artıq həbsdə olan Rahil Babayevə rəhmət oxudur. Bu adamın qaynı Böyükağa Xaləddin oğlu Yarıyev də Türkan bələdiyyəsinin sədridir. Rahil Babayevin etmədiyi özbaşınalıqları da yeznə-qayın birləşib edirlər. Kəndin ərazisində illər əvvəl aparılmış tikintiləri qanunsuz elan edib dağıtmaqla sakinlər arasında çox böyük narazılıq yaradıblar. Qanunsuz elan edilən və sökülməyən tikililər də var. Bunun üçün belə tikililərin sahibləri ağsaqqalla, yəni bələdiyyə sədrinin atası Xaləddin Yarıyevlə görüşməli, onun razılığını almalıdır. Türkanda yeznə-qayın və onlara başçılıq edən ağsaqqal peyda olub. İndi kənddə köhnə əyyamları arzulayanlar az deyil. Ən azı Rahil Babayevin qaynı bələdiyyə sədri deyildi, özü də Yarıyev kimi ağsaqqallıq iddiasından çox uzaq idi. İndi isə dəngələr dəyişib. Bu dəyişiklikləri kənddə çox ciddi problemlərin başlanğıcı kimi dəyərləndirənlər də az deyil. Bunun ilkin əlaməti kimi kənd sakini Samir Quliyevin Nəzakət Quliyevaya məxsus daş karxanasına silahlı basqını, Qərib Nadirovun hasarının heç bir məhkəmə qərarı olmadan yeznə-qayın tərəfindən yerlə bir edilməsi, sonuncunun qanunsuzluğa etiraz əlaməti olaraq öz maşınını kəndin mərkəzində odlayaraq yandırmasını misal göstərmək olar. Türkan sürətlə kriminal qaydalarla idarə olunan kənd statusunu qazanmaq üzrədir”.

Türkanda torpaq mafiyası" - milyonçuların hasarlarını sökürlər

Kənd sakinləri deyirlər ki, Türkanda ağsaqqallıq iddiasında olan Xaləddin Yarıyev az əvvəl həbsdən çıxıb: “2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Türkanda əməliyyat keçirib ”Günəş" kooperativinin rəhbəri olan Xaləddin Böyükağa oğlu Yarıyevi həbs etmişdilər. Cinayət işi üzrə “Günəş” kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2, Elşən Kazımov və Tapdıq Qasımov Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2, Cəlal Əliyev isə həmin məcəllənin 192.1 və 247-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda Xaləddin Yarıyevin dövlətə 337 min ziyan vurduğu açıqlanmışdı. Xaləddin Yarıyev bir müddət əvvəl həbsdən çıxıb və artıq oğlu və kürəkənini Türkanda vəzifəyə təyin etdirə bilib. Bu isə o deməkdir ki, “Günəş” kooperativi yenidən Türkanda istədiyini edəcək".

Türkanda 1000-dən çox abonent qazsız qalıb

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlər nəticəsində Xaləddin Yarıyev də daxil olmaqla, 22 hüquqi və 26 fiziki şəxsin qanunsuz əməlləri üzə çıxarılmışdı. Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbayel və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdi. Faktlara görə Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdı.

“Yeni Müsavat”