Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Zirvə görüşü keçiriləcək

Bu ilin mayın sonunda Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Zirvə görüşü keçiriləcək.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu gün Auditorlar Palatası, Maliyyə Menecerləri Assosiasiyası və AQC-nin birgə təşkil etdiyi "Hesabatlıq və Şəffaflıq Yeni dövrün çağırışları kontekstində" keçirilən forumda deyib.

"Bununla da Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezident səlahiyyətləri Qazaxıstandan Azərbaycana, vitse-prezidentlik isə Azərbaycandan Türkiyəyə dövr ediləcək", - V. Oruc bildirib.

Onun sözlərinə görə, ötən ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın daimi, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ qaydada üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması, birliyin struktur vahidlərinin formalaşdırılması türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın inkişafında yeni mərhələ oldu.

O həmçinin 2023-cü ilin sonunda "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulu ölkə qiymətləndiricilərinin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab edir.

"Qanuna müvafiq olaraq Azərbaycan Qiymətləndiricilər Palatası təsis ediləcək və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq bu prosesdə də yaxından iştirak edəcəyik", - V. Oruc əlavə edib.

Qeyd edək ki, indiyənədək 1998-ci ildə qəbul olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun güvvədə idi.