Maksim Malyutin: "Azərbaycanın bank sektoru COVID-19-dan əvvəlki səviyyədən daha dayanıqlı olub"

Azərbaycanın bank sektoru hazırda COVID-19-dan əvvəlki dövrə nisbətən daha dayanıqlıdır.

Aznews.az xəbər verir ki, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin maliyyə institutları – banklar üzrə kiçik direktoru Maksim Malyutin "Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri" adlı vebinarda bildirib.

Onun sözlərinə görə, sektor daha gəlirli olub, adekvat qaydada kapitallaşdırılıb, təkmilləşdirilmiş risk-menecment sistemlərinə və daha çox şaxələndirilmiş resurs bazasına malikdir: "Bu amillər hətta iqtisadi artımın yavaşlaması şəraitində belə bankların maliyyə dayanıqlığını dəstəkləyir".

O qeyd edib ki, aktivlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi son illərdə əsas göstəricilərin davamlı yaxşılaşmasını təmin edib.

"Mikroprudensial alətlər pərakəndə seqmentin yavaşlamasında getdikcə daha səmərəli olur. Aktivlərin keyfiyyətinin əsas göstəriciləri ardıcıl üçüncü ildir ki, tarixi minimuma çatıb və cari ildə cüzi təzyiqə baxmayaraq, mötədil səviyyədə qalacağı gözlənilir. Hesab edirik ki, sektorda üçüncü mərhələ kreditlərinin (Stage 3) payı ilin sonuna qədər ötən ildəki təxminən 3,5 %-dən təxminən 4,5 %-ə qədər arta bilər, ikinci mərhələ kreditlərinin (Stage 2) payı isə ümumilikdə sabit qalacaq", - M.Malyutin bildirib.

Onun sözlərinə görə, Azərbaycanda pərakəndə kreditləşmənin nüfuzetmə səviyyəsi əvvəlki kimi aşağı olsa da, fiziki şəxslərin borcunun gəlirə nisbəti keçən il 20 %-ə yaxınlaşıb, altı il əvvəl isə bu göstərici 12 %-ə bərabər olub.

"Biz bu səviyyənin hələ də idarə olunmasını mümkün hesab edirik. Bununla yanaşı, borc yükü əmsalı (DTI) 45 %-dən çox olan borcalanların kreditlərinin payı sabit şəkildə yüksək olaraq qalır və pərakəndə portfelin təxminən 40 %-ni təşkil edir. Eyni zamanda, yerli banklar ehtiyatlar yaradılmazdan əvvəl yüksək mənfəət əldə etməyə davam edir. Faiz marjası təxminən 7 % səviyyəsində qalır, kreditləşmənin yavaşlaması və maliyyələşdirmə xərclərinin artması fonunda onun azalacağı gözlənilir", - o əlavə edib.