Bakı metrosu: ADB ilə əməkdaşlıq imkanlarına dair ilkin müzakirələr aparılır

"Bakı Metropoliteni" QSC Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq imkanları ilə bağlı ilkin müzakirələr aparır.

Aznews.az xəbər verir ki, Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, hazırda proses danışıqlar mərhələsindədir və maliyyələşmə məbləği, eləcə də vəsaitin istifadə istiqamətləri üzrə yekun qərarlar qəbul edilməyib.

Xatırladaq ki, ADB Azərbaycana "Bakı Metropoliteni"nin inkişafı üçün 1 milyard ABŞ dollarına qədər kredit verməyə hazırdır. Layihənin məqsədi gələcəyin "ağıllı" və dayanıqlı şəhər nəqliyyatının yaradılmasıdır.

Kredit ümumi dəyəri 2 milyard ABŞ dolları olan daha geniş investisiya proqramı çərçivəsində nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması və "təmiz enerji" texnologiyalarının tətbiqi yolu ilə metronun modernləşdirilməsinə yönəlmiş texniki yardım da təklif olunur. Texniki yardım enerji istehlakını, istismar xərclərini azaltmaq məqsədilə infrastrukturun modernləşdirilməsi imkanlarının qiymətləndirilməsini nəzərdə tutur. Eyni zamanda, günəş enerjisi və Batareya Enerji Saxlanc Sistemi (BESS) kimi bərpa olunan enerji həllərinin inteqrasiyası planlaşdırılır. Texniki yardım çərçivəsində həmçinin profilaktik xidmət və təkmilləşdirilmiş analitik məlumat emalı daxil olmaqla, əməliyyatları optimallaşdırmaq üçün müvafiq tətbiqlərin və "ağıllı" enerji idarəetmə sistemlərinin tətbiq edilməsini araşdırmaq təklif olunur.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

Hazırda tərəflər 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını müzakirə edirlər.