Yay vaxtının ləğvi Mərkəzi Banka problem yaradacaqmı?

Azərbaycan Mərkəzi Bankı (AMB) yay vaxtına keçidin ləğv edilməsi ilə əlaqədar Hökumət Ödəniş Portalının işində heç bir problem gözləmir.


AzNews.az xəbər verir ki, bunu Trend-ə Mərkəzi Bankdan deyiblər.

AMB-dən qeyd ediblər ki, Nazirlər Kabinetinin ötən gün qəbul etdiyi qərarla bağlı Mərkəzi Bankda istismar olunan bütün ödəniş və informasiya sistemlərində tələb olunan işlər görülüb, buna görə də onların işində heç bir problem gözlənilmir.

Mərkəzi Bankdan qeyd ediblər ki, Hökumət Ödəniş Portalının texniki arxitekturasına daxil olan bütün şəbəkə və mərkəzi server avadanlıqlarında vaxt göstəricisi real vaxt rejimində beynəlxalq vaxt sinxronizasiya servisləri ilə əlaqə əsasında tənzimlənir. Bu mənbələrdə isə artıq Nazirlər Kabinentinin qərarı ilə bağlı dəyişiklik nəzərə alınıb.

AMB-dən əlavə ediblər ki, Mərkəzi Bankda 7/24 rejimi ilə işləyən informasiya sistemlərinin fəaliyyətinə daim nəzarət olunur.