“Şahdəniz II” layihəsinin sərmayə proqramı gələn il başa çatdırılacaq

"Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq "Cənub dəhlizi" layihəsi regionun enerji mərkəzini formalaşdıracaq".

AzNews.az-un məlumatına görə, bunu "bp" şirkətinin Türkiyədəki nümayəndəsinin müavini Hakan Türker bildirib.

Onun sözlərinə görə, "Şahdəniz II" Türkiyənin təbii qaz təhlükəsizliyi və təminatı baxımından da böyük əhəmiyyət daşıyır. H.Türker deyib ki, "Cənubi dəhlizi" Avropaya yeni təbi qazın ötürülməsində əsas marşrut hesab olunur: "Layihənin həyata keçirilməsi ilə Türkiyə Rusiya qazından asılılığının 60 faizindən azad olacaq və ucuz təbii qaz əldə edəcək. Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq olan "Şahdəniz II" layihəsinin sərmayə proqramı 2013-cü ilin iyun ayında başa çatdırılacaq.

Belə ki, 2017-ci ildə fəaliyyətə başlayacaq təbii qaz boru xətti üçün cəmi 40 milyard dollarlıq sərmayə nəzərdə tutulur. Bunun 25 milyard dolları Azərbaycanda Xəzər dənizindəki qaz ehtiyatların çıxarılmasına sərf ediləcək. Boru kəmərinin marşrutunda iştirak edən Gürcüstana 2 milyard dollar, layihənin Türkiyə hissəsində iştirak edən və təxminən 225 kilometr uzunluğu olan Trans Anadolu Boru Kəməri (TANAP) üçün isə təxminən 10 milyard dollarlıq sərmayə qoyulacaq. 40 milyard dollarlıq investisiyanın dörddə biri Türkiyəyə ayrılacaq. Bununla da "Şahdəniz II" layihəsi ilə cənub dəhlizinə enerji yolu açılacaq və tarixdə ilk dəfə olaraq Xəzər dənizinin təbii qazı Avropaya ötürüləcək".

Xatırladaq ki, Xəzər dənizində "Şahdəniz" sahəsindən əldə edilən təbii qazın Avropaya nəqlinə dair razılaşma müqaviləsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2011-ci il oktyabrın 25-də İzmirdə imzalanıb. Layihənin əsas operatoru Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) və "bp" şirkətidir.

Vasif Həsənli
AzNews.az