Azərbaycan banklarının likvid vəsaitləri normativ tələbləri 4 dəfə üstələyir. Azərbaycan banklarının likvid vəsaitləri normativ tələbləri 4 dəfə üstələyir.

Banklar nə vaxta kimi kredit verməyəcək?

Azərbaycan banklarının likvid vəsaitləri normativ tələbləri 4 dəfə üstələyir.


AzNews.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS-ə müsahibəsində deyib.

R.Aslanlı qeyd edib ki, bu gün bank sektorunda izafi likvidlik var: "Bütün normalara görə bu gün bankların müxbir hesablarında, kassalarında tələb olunandan 4 qat artıq likvid vəsait var. Əgər banklar kredit vermirlərsə, deməli, öz mənfəətlərindən imtina edirlər. Heç bir biznes öz mənfəətindən könüllü olaraq imtina etmir. Məsələ ondadır ki, kreditləşməsi üçün müraciət olunan layihələrə dayanıqlı və mənfəətli olmalıdır. Yəni bu layihələrin gələcəkdə uğurlu olacağına bank təhlilçiləri əmin olmalıdırlar. Belə olan halda o kreditlər veriləcək".

O əlavə edib ki, 2016-cı ilin birinci rübünün yekunlarına bankların verdikləri kreditlərin 73 faizi biznes xarakterli kreditlər olub. Yalnız 27 faizi istehlak xarakterli kreditlər olub. Bu kreditlərin bir qismi məhz xarici investorların Azərbaycanda həyata keçirdikləri layihələr çərçivəsində verilib.

Palata rəhbərinin sözlərinə görə, vütövlükdə isə Azərbaycanda investisiya mühitini qiymətləndirən və bunu dəyərləndirən çoxlu sayda beynəlxalq təşkilatların rəyləri var: "Bu, Dünya Bankının "Doing Business" hesabatıdır, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik İndeksidir, İnsan İnkişafı göstəriciləridir. Xarici investorlar da investisiya qərarı qəbul etməzdən əvvəl bu nüfuzlu beynəlxalq təşkilatların qiymətləndirmələrinə baxırlar. Və bütün bu göstəricilərə görə Azərbaycan heç də aşağı rəqabətli ölkələr sırasında deyil".

O, Azərbaycanın bank sektorunda vaxtı keçmiş kredit probleminə də toxunub: "Mayın əvvəlinə problemli kreditlərin xüsusi çəkisi cəmi kredit portfelinin 1/5-dən bir qədər azdır. Bu problemli kreditlər məsələsini həll etmək üçün nə etmək lazımdır? Birincisi, kreditlərin şərtləri dəyişdirilir, yumşaldılır ki, bu da borcalan üçün bir qədər ödəmə imkanlarını artırır, təbii, bankların gəlirlərini azaldır, bununla belə, banklar itkilərindən xilas olurlar. Yəni bir növ iqtisadi situasiyanın dəyişməsindən yaranmış itkilər borcalanla bank arasında bölüşdürülür. Ötən dövrdə bizim bankların əksəriyyəti borcalanların belə problemli kreditlərinin şərtlərini əsasən yumşaldıb, dəyişdiriblər, bir sözlə, restrukturizasiya ediblər. İndi biz izləyirik ki, bu yumşaldılmış şərtlərlə davam edən kreditlər nə dərəcədə borcalanlar tərəfindən intizamla ödənilir".

Problemli kreditlərlə bağlı bəzi millət vəkillərinin qaldırdığı təşəbbüslərə gəlincə R.Aslanlı bildirib ki, bu təşəbbüslər sadəcə problemli kreditlərlə bağlı deyildi, bütövlükdə maliyyə dayanıqlığı məsələləri ilə əlaqədar idi: "Bu təkliflərin böyük əksəriyyəti məhz bizim gündəliyimizdə olan təşəbbüslərlə üst-üstə düşürdü və onlar bizim uzun və qısamüddətli tədbirlər planında əksini tapıb. Bızi məsələlərlə əlaqədar fikir ayrılığımız var idi ki, onları da həmin millət vəkillərinə və müvafiq orqanlara bildirmişik".