- Köhnə - İqtisadiyyat
- 5 Sentyabr 2017 22:31
- 3 120
Neft Fondunun icraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir
Sentyabr ayının 5-7-də Qazaxıstanın Astana şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) illik iclası keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir.
AzNews.az ARDNF-in ictimaiyyətlə əlaqələr departamentinə istinadən xəbər verir ki, iclas zamanı SFBF üzvləri arasında 2016-cı ildə Yeni Zelandiyada keçirilmiş görüşdə müəyyən edilmiş öhdəliklər barəsində fikir mübadiləsinin və daxili idarəçilik məsələləri ətrafında təcrübə mübadiləsinin aparılması, investisiya və risklərin idarə edilməsi üzrə fərqli təqdimatlar, panel sessiyalarının təşkil olunması nəzərdə tutulur.
Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il oktyabrın 8-9-da Bakı şəhərində keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.