“Cənub Qaz Dəhlizi” fundamental olaraq enerji landşaftını dəyişəcək” - OPEC

“Bakı neft sənayesinin beşiyi olmaqla, özünün dayanıqlı inkişafı, eləcə də dünyada və regionda inkişafı və rifahı ilə seçilməkdədir”.

“APA-Economics”in məlumatına görə, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan son 30 ildə qaz sənayesinin sürətlə inkişaf etdiyi ölkədir: “Hamımız bilirik ki, 1871-ci ildə ilk neft hasilatı Azərbaycanda olub. 1877-ci ildə də ilk neft tankerini dünyada məhz Azərbaycanda hazırlanıb,” – deyə M. Barkindo qeyd edib.

M. Barkindo 1994-cü ildə imzalanan neft müqavilələrini xatırladaraq Azərbaycanın məhz bu dövrdən inkişaf etdiyini bildirib: “”Əsrin Müqaviləsi”nin imzalanması ilə Azərbaycan çox sərfəli neft müqaviləsi imzalayıb və beynəlxalq konsorsiumla əməkdaşlığa başlayıb. O zamandan bəri neft sənayesində artım və böyümə müşahidə olunub. Günümüzdə də bu neft şirkətləri özünün zəngin neft və qaz potensialı olduğunu dilə gətirirlər”.

M. Barkindo ”Şahdəniz” layihəsinin ikinci fazasından söz açaraq onu multimilyardlıq meqalayihə adlandırıb: “Bu layihə dünyaya və bütün regiona müsbət töhfə verəcək. Cənub Qaz Dəhlizi fundamental olaraq enerji landşaftını dəyişəcək”.

AzNews.az