Şahdəniz konsorsiumu – BP (operator), SOCAR, TPAO, PETRONAS, LUKOYL, NİCO və SGC, bu gün Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinin başlandığını elan edir. Şahdəniz konsorsiumu – BP (operator), SOCAR, TPAO, PETRONAS, LUKOYL, NİCO və SGC, bu gün Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinin başlandığını elan edir.

"Şahdəniz" konsorsiumu Türkiyəyə qaz nəqlinin başlandığını elan etdi

Şahdəniz konsorsiumu – BP (operator), SOCAR, TPAO, PETRONAS, LUKOYL, NİCO və SGC, bu gün Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinin başlandığını elan edir.

AzNews.az xəbər verir ki, Şahdəniz-2 layihəsi təhlükəsiz qaydada, qrafikə uyğun və büdcə daxilində həyata keçirilir və Türkiyəyə qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi 30 iyun 2018-ci ildə başlayıb.

Şahdəniz-2 ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit ən yüksək hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr (mlrd.kubmetr/il) qaz əlavə edəcəyi gözlənilir. Şahdənizin ümumi hasilatının isə birinci mərhələ də daxil olmaqla ildə 26 milyard kubmetr qaz və gündəlik 120 000 barel kondensat həcminə çatdırılacağı gözlənilir.

Azərbaycanın Şahdəniz-2 layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyasını tətbiq olunur və bu da BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri sualtı infrasrukturdur.

Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə ümumilikdə planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500km uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Bakı yaxınlığında yerləşən Səngəçal terminalındakı əsaslı genişləndirmə işlərindən və Azərbaycan ərazisində 428km uzunluğunda yeni boru kəmərini, Gürcüstan ərazisində 59km uzunluğunda yeni boru kəmərini və iki yeni kompressor stansiyasını əhatə edən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsindən ibarətdir.

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqalayihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. Şahdəniz-2 üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz demişdir: “Türkiyəyə ilk kommersiya qazının 2018-ci ildə nəql edilməsi bu iri layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. Regionun hökumətləri və Şahdəniz konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək biz bu hədəfi təhlükəsiz şəkildə, qrafikə uyğun və büdcə daxilində gerçəkləşdirdik. Bu, bizim yüksək keyfiyyətli layihələri birgə uğurla həyata keçirmək qabiliyyətimizi nümayiş etdirir. Operator olaraq, BP çox məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Ümid edirik ki, biz bu müstəsna nailiyyətimizin davamı olaraq növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx işləyəcəyik.”