Neft Fonduna aid vəsaitlərin 90%-ə yaxını xarici valyutalarda cəmləşib

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin 99,3%-i qədər və 37,77 mln. ABŞ dolları təşkil edib.

AzNews.az Fonda istinadən xəbər verir ki, bu vəsaitin 50,1%-i elə dollarda, 33,6%-i avroda, 4,8%-i isə ingilis funtsterlinqində yerləşdirilib.

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 88,5% təşkil edib. Digər valyutalara gəlincə isə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,9%, Rusiya rublu 0,9%, Koreya vonu 1,2%, Çin yuanı 1,3%, Yaponiya yeni 1,6%, digər valyutalar 1,5%, qızıl isə 3,5% paya malikdir.

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 76,4%, səhmlərin payı 14,1%, daşınmaz əmlakın payı 6%, qızılın payı isə bir qədər əvvəl deyildiyi kimi, 3,5% təşkil edib.