- Köhnə - İqtisadiyyat
- 12 Sentyabr 2018 11:14
- 4 802
Ukrayna Azərbaycanla ticarətdə yeni milyard rəqəmi hədəflədi...
“İki ölkə arasında əmtəə dövriyyəsinin artırılması üçün çoxşaxəli potensial var”
Rəsul Cahangirli: “Azərbaycan bir sıra sənaye məhsullarını və kənd təsərrüfatına lazım olan texnikaları Ukraynadan ala bilər”
Ukrayna Azərbaycanla əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq üçün addımlar atmaq niyyətindədir. Bu barədə mətbuata Ukrayna hökumətindəki mənbə bildirib. Mənbə qeyd edib ki, artıq 2018-ci ilin 5 ayının yekunları üzrə ölkələr arasında əmtəə dövriyyəsi 357 milyon dollar (Ukrayna gömrüyünün məlumatı) təşkil edib, bu isə 2017-ci ilin yanvar-may aylarının göstəricisindən 43,5 faiz artıqdır.
Azərbaycanın Ukraynaya ixracı idxaldan 80 milyon dollar artıq təşkil edib: "Ukrayna Azərbaycanla əmttəə dövriyyəsinin artırılmasında və əvvəlki həcmin bərpasında çox maraqlıdır. 2010-cu ildə ölkələr arasında əmtəə dövriyyəsi 1 milyard dollara yaxın idi. Əvvəlcə biz əvvəlki göstəricilərə qayıtmaq, sonra isə ticarət əməkdaşlığını yeni səviyyəyə çatdırmaq istəyirik".
Bu kontekstdə mənbə “Transxəzər” beynəlxalq nəqliyyat marşrutunun (TBNM) inkişafının, bu marşrut üzrə sərfəli tariflərin tətbiqinin, eləcə də Ukrayna və Gürcüstan arasında bərə ilə yük daşınmasının bərpasının vacibliyini vurğulayıb: "Azərbaycan logistika şəbəkəsinə çevrilir. Buna o cümlədən "Şimal-Cənub" və "Yeni İpək Yolu" kömək edir. Bütün bunlar bizim biznes üçün maraqlıdır. Azərbaycan tərəfi də əlaqələrin genişləndirilməsində maraqlıdır".
Mənbənin sözlərinə görə, nəqliyyat və energetika sahələrində əməkdaşlıq Ukraynada xüsusi maraq kəsb edir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ilin ilk yarısında Ukrayna ilə əmtəə dövriyyəsi 343,87 milyon dollar təşkil edib. Bunun 146,57 milyon dalları Azərbaycan mallarının ixracının payına düşür.
Bütövlükdə, Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması nə dərəcədə mümkündür?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, prinsipcə, yaxın dövrdə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq mümkündür: “Bunu şərtləndirən bir sıra faktorlar var. Məsələ ondadır ki, Azərbaycanın regionda tranzit ölkə olaraq önəmi artan xətt üzrə inkişaf edir. Bununla bağlı ölkədə yaradılan yol infrastrukturu müasir tələblərə cavab verir. İki ölkə arasında əmtəə dövriyyəsinin artırılması üçün çoxşaxəli potensial var. Xüsusən də nəqliyyat və enerji sektorunda. Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətə başlaması bununla bağlı yeni imkanlar açır. Nəzərə almaq lazımdır ki, Ukraynadan Qara dəniz vasitəsilə yüklərin Gürcüstan üzərindən Azərbaycana gətirilməsi məsafə baxımından daha əlverişlidir. Hesab edirəm ki, bu amil əmtəə dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər. Digər tərəfdən, Azərbaycan bir sıra sənaye məhsullarını və kənd təsərrüfatına lazım olan texnikaları Ukraynadan ala bilər. Azərbaycandan Ukraynaya bir sıra neft məhsullarının ixracının artırılması mümkündür. Həmçinin, iki ölkə arasında müxtəlif sahələrlə bağlı birgə müəssisələrin yaradılması perspektivləri var. Hesab edirəm ki, bu istiqamətdə səyləri artırmaq lazımdır”.
AzNews.az