Ermənistanda çörək bahalaşıb

Bu ilin avqustunda Ermənistanda çörəyin qiyməti 10 faiz bahalaşıb

Bu barədə Parisdə yerləşən "Nouvelles d`Arménie" saytı xəbər yayıb. Məlumata görə, bu bahalığı aztəminatlı ailələr daha çox hiss edirlər:

"Çörək bu kateqoriyadan olan insanların əsas qidasını təşkil edir. Hazırda mağazalarda çörəyin qiyməti növündən asılı olaraq 25-45 sent arası dəyişir. Bahalaşmaya əsas səbəb kimi dünya bazarında dənli bitkilərin qiymətinin artması göstərilir.

İllik taxıl ehtiyacı 650 min ton olan Ermənistan bu tələbatın 60%-dən çoxunu idxal hesabına ödəyir". Sayta müsahibə verən alıcılar çörəyin qiymətinin artması ilə yanaşı çəkisinin də azaldığını deyiblər.

İstehlakçılar birliyinin rəhbəri Armen Poqosyan isə artımı əsasən daxili faktorlarla əlaqələndirib. Onun fikrincə, hökumət qiymət artımının qarşısını almaq üçün tədbir görməlidir. Əks halda kasıb təbəqənin vəziyyəti daha dözülməz olacaq. Ekspertlər hesab edirlər ki, çörəyin bahalaşması inflyasiyanı da sürətləndirəcək.

AzNews.az