2014-cü ildə vergi daxilolmaları artacaq


"2014-cü ildə dövlət büdcəsinə vergi daxil olmaları 4,4 faiz artacaq".


AzNews.az-ın məlumatına görə, bunu 2013-cü ilin yekunları və 2014-cü ildə görüləcək işlərə həsr olunan mətbuat konfransında vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov bildirib.

Onun sözlərinə görə, bu il müxtəlif sahələrdən Vergilər Nazirliyi 7 mlrd. 102 milyon manat vəsaitin daxil olacağını proqnozlaşdırır:

"Hesab edirik ki, bu ilin sonunadək bu məbləğ 100 faizdən də artıq proqnozla yerinə yetiriləcək".

O vurğulayıb ki, ötən il ərzində nazirlik tərəfindən dövlət büdcəsinə 6 mlrd. 663.6 mln. manat vəsaitin ödənilməsi təmin olunub: "Bu da 2013-cü ilin dövlət büdcəsində müəyyənləşdirilmiş proqnozlara nisbətən 263.6 milyon manat və ya 4.1 faiz, 2012-ci illə müqayisədə isə 638.1 milyon manat və ya 10.6 faiz çoxdur. Qeyri-neft sektorundan daxil olan vergilərin məbləği 2012-ci ilə nisbətən 479.9 mln. manat və ya 14.4 faiz artaraq, 3 mlrd. 761.6 mln. manat təşkil edib".

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, vergi inzibatçılığında səmərəli mexanizimlərin tətbiqi sayəsində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının məbləği ötən il 9 faiz azalıb, borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 3.4 faizə qədər azalıb.

Bu ildə vergi orqanları qarşında duran vəzifələrə toxunan nazir müavini dövlət büdcəsində vergi daxilolmaları, qeyri-neft sektoru üzrə büdcə proqnozları, vergi orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədədə də məlumat verib.

Amid
AzNews.az