Sahibkarlara 1 milyondan çox kredit verildi

Bu gün Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Samux rayonunun Lək kəndində keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə sahibkarlarla Samux rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir çörək zavodunun, istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov qeyd edib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 511 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,1 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 1200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3664 investisiya layihəsinin maliyyələşdirilməsinə 134,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, süfrə sularının, spirtli içkilərin istehsalı, meyvə-tərəvəz, süd emalı, ət kəsimi və emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilmiş kreditlər 20 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 42 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış müasir quşçuluq fabrikinin fəaliyyətinə baxış keçirilib.

AzNews.az