“Azercell“dən tələbələrə jest

Azercell növbəti Tələbə Təqaüdü Proqramına başlayır



Azercell Telekom MMC tələbələr üçün növbəti təqaüd proqramına start verib. Şirkətdən "Qafqazinfo"ya verilən məlumata görə, bu ilin oktyabrın 1-dən başlayan Tələbə Təqaüd proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Bu proqram çərçivəsində seçim mərhələlərindən uğurla keçən tələbələr cari tədris ilində Azercell-in təsis etdiyi təqaüdü alacaqlar. Bundan əlavə, tələbələr üçün informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq imkanı yaradılır. Belə ki, proqram iştirakçılarına şirkətin təlimlərinə qatılmaq şansı da verilir. Həmçinin, bacarıqlı tələbələrin Azercell-də təcrübə keçməsi də mümkündür.
Tələbə Təqaüdü Proqramına Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Seçim prosesi zamanı marketinq və ya informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil alanlara üstünlük veriləcək.
Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 30-dan çox tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
Bununla da "Azercell Telekom" MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verir.
Proqrama qoşulmaq üçün tələbələr oktyabrın 31-nə qədər müraciət edə bilərlər. Ətraflı məlumat üçün tələbələr http://company.azercell.com/career/students/Bursary/ səhifəsinə daxil ola bilərlər.