“Dəmirbank” çökür - 6 milyon zərər

“DəmirBank” ASC 2015-ci ilin ilk 2 ayını 5 milyon 918.85 min manat zərərlə başa vurub.

AzNews.az xəbər verir ki, bu barədə "Marja" saytı məlumat yayıb.

Sayt bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında "DəmirBank"ın faiz gəlirləri 12 milyon 165 min manat olub. Bank qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manat zərər edib. Beləliklə, bankın cəmi gəlirləri 7 milyon 358 min manat təşkil edib.

Devalvasiyada 6,2 milyon manat itirib

"DəmirBank"ın qeyri-faiz əməliyyatları üzrə gəlir əldə etməməsinin səbəbi, məzənnə dəyişməsi (devalvasiya) nəticəsində 6 milyon 164 min manat zərər etməsidir. Bank, bir sıra qeyri-faiz əməliyyatları üzrə 1 milyon 357 min manat gəlir əldə etsə də, məzənnə dəyişməsi nəticəsində yaranmış 6 milyon 164 min manatlıq zərər qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manatlıq zərərin yaranması ilə nəticələnib.

Xərcləri gəlirlərindən çox olub

Cari ilin yanvar-fevral ayları ərzində "DəmirBank"ın cəmi xərcləri 9 milyon 152 min manat olub ki, bu da cəmi gəlirlərindən 20%-ə yaxın və ya 1 milyon 794 manat çoxdur.

"DəmirBank" 1 milyon 794 min manatlıq əməliyyat zərərindən başqa, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 834 min manat ayırma nəzərdə tutduğundan, bankın vergilər ödənilənədək xalis zərəri 5 milyon 807 min manata çıxıb. 111.7 min manat mənfəət vergisi daxil, bankın xalis zərəri 5 milyon 918 min manat olub.

Qeyd edək ki, Bank bu ilin yanvarında 338.17 min manat xalis mənfəət əldə etmişdi. Zərər, 21 fevralda baş vermiş devalvasiyadan sonra yaranıb.