Manatın devalvasiyasından sonra əhalini iki sual narahat edir. Pul ehtiyatlarını hansı valyutada saxlamaq sərfəlidir və banklarda əmanət saxlamaq təhlükəsizdirmi? Manatın devalvasiyasından sonra əhalini iki sual narahat edir. Pul ehtiyatlarını hansı valyutada saxlamaq sərfəlidir və banklarda əmanət saxlamaq təhlükəsizdirmi?

Pulları banklara əmanət etmək olarmı? Ekspert faktlarla cavab verir

Manatın devalvasiyasından sonra əhalini iki sual narahat edir. Pul ehtiyatlarını hansı valyutada saxlamaq sərfəlidir və banklarda əmanət saxlamaq təhlükəsizdirmi?


AzNews.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov əhalinin bank əmanətlərinin nə dərəcədə siğortalı olması məsələsini şərh edərkən bu suallara aydınlıq gətirib. O, əhalinin əksəriyyətinin dollara etibar etdiyini deyir:

"Neftin qiymətinin ucuzlaşması üstəgəl Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması devalvasiyanın davam etməsi riskini xeyli artırır. Mərkəzi Bank da heç bir tədbir görmür. Hətta ölkədən valyuta axınının qarşısını almaq üçün qanunla ona verilmiş səlahiyyətlərdən belə istifadə etmir. Buna görə də əhali ehtiyatlarını manata deyil, dollara etibar edir. Düzdür, istisnalar da var: bəziləri hələ də düşünür ki, manat hələ bahalaşacaq. Mərkəzi Bank da son günlər sanki bu növ insanların ümidini qırmayaraq manatın məzənnəsi ilə oynayır: cüzi olaraq gah artırır, gah azaldır. Bu psixoloji fənd nəticəsində heç olmasa bir qisim vətəndaşlarımız hələ də ehtiyatlarını manatda saxlayır. Bununla belə bankların manatla kredit verməkdən imtina etməsi bu məsələdə həlledici amildir. Banklar da manata və Mərkəzi Banka etibar etmirsə, digərləri niyə etibar etməlidir?!"

Əkrəm Həsənov banklarda əmanət saxlamağın təhlükəsizliyi məsələsinə də rəy bildirib. O, banka pulunu etibar edən şəxsin zamanın və məkanın onun "başında çatlaya biləcəyi" ehtimalını gözünün önünə almalı və zəif bənd ola biləcəyi ilə hesablaşmalı olduğunu düşünür. O verilən vədlərə inanmamağa çağırır:

"İstənilən (zaman və məkanın fərqi yoxdur) bank sistemi piramidadır (burada sələmçiliklə yanaşı qumar elementləri də mövcuddur). Yəni əvvəl-axır dağılır və onun zəif bəndləri zərərə məruz qalır. Sizə müxtəlif vədlər və gözəl sözlər deyə bilərlər. Amma dövlətin və bank sisteminin vəsaiti tükənibsə, bunların heç birinin əhəmiyyəti yoxdur. 2 il öncə Avropa Birliyinin üzvü olan Kiprdə əmanətçilərin başına gələni xatırlayın: dövlət faktiki olaraq əmanətlərin bir qismini (azı 20%-ni!) vergi adı ilə müsadirə etdi. Bu hələ ən yaxşı misaldır. SSRİ dövründəki qoyulmuş əmanətlərin taleyi hamımıza bəllidir.

Qeyd edilənləri (o cümlədən zaman və məkan baxımdan) nəzərə alaraq, ikinci sualı başqa cür ifadə etmək düzgün olardı: Azərbaycan banklarının yaratdığı piramida tezliklə dağıla bilərmi? Əslində, bu suala heç kəs dəqiq cavab verə bilməz. Çünki subyektiv və obyektiv, daxili və xarici meyarların sayı çoxdur. Onların hamısını ölçüb-biçmək çətindir. Bəzi məlumatlar isə yalnız dar çərçivəyə daxil olan şəxslərə məlumdur. Buna görə də mən burada yalnız üç, lakin çox mühüm, həlledici və üzdə olan amilə toxunmaq istəyirəm:
1) bankların maliyyə mənbələri;
2) Mərkəzi Bankın əmanətləri qorumaq istiqamətindəki fəaliyyəti;
3) əmanətlərin sığortalanması.


1. Əmanətlərdən savayı bankların iki əsas maliyyə mənbəyi var: 1) xaricdən cəlb edilən kreditlər; 2) Mərkəzi Bankdan alınan kreditlər. Devalvasiyadan sonra banklar üçün xaricdən vəsait cəlb etmək xeyli çətinləşib. Mərkəzi Bank isə yalnız dar çərçivəyə daxil olan banklara qeyri-şəffaf şərtlərlə bank sisteminin tələbatını qarşılamayan həcmdə kredit verir. Təsəvvür edirsiniz: Mərkəzi Bank banklara 3,5%-lə (rəsmi uçot dərəcəsi ilə) pulunu etibar etmir, amma imkan yaradır ki, banklar əhalidən 12%-lə əmanət cəlb etsin?! Özünə rəva bilmədiyini başqasına rəva bilməyin adı nədir – bəllidir! Nəticədə banklar əmanətlərdən asılı vəziyyətdədirlər (sığortalanan əmanətlər üçün yuxarı faiz dərəcəsinin birdən-birə 9%-dən 12%-dək artırılması bunu təsdiq edir: məqsəd nəyin bahasına olursa olsun əhalini şirnikləndirərək əmanətlərin çıxarılmasının qarşısını almaqdır). Yəni əmanətlərin çıxarılması prosesi davam edərsə, bankların vəsaiti qısa müddətdə tükənə bilər.

2. Mərkəzi Bank haqqında Qanunun 46.1-ci maddəsinə əsasən Mərkəzi Bankın banklar üzərində həyata keçirdiyi nəzarət ilk növbədə əmanətçilərin maraqlarını qorumaq məqsədini daşıyır. Manatın devalvasiyasından sonra Mərkəzi Bank bank nəzarətini yumşaldıb, bəzi alətlərindən isə hətta imtina edib. Məsələn, açıq valyuta mövqeyi limitini ləğv edərək (özü də gizli və qanunsuz şəkildə!) bankların valyuta risklərini başlı-başına buraxıb, verilmiş kreditlər üzrə ehtiyat normasını azaldaraq bankların kredit risklərini artırıb və s. Bir müddət öncə yüzlərlə əmanətçinin zərər çəkməsi ilə nəticələnmiş RoyalBankın ləğvi göstərdi ki, Mərkəzi Bank heç adi vaxtda da banklara normal nəzarət etmir, illərlə onların pozuntularına göz yumur. İndi təsəvvür edin ki, Mərkəzi Bankın bank nəzarəti üzrə hazırkı rəsmi yumşaq siyasəti əmanətçilər üçün nə qədər təhlükəli ola bilər.

3. Hazırda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fiziki şəxsin hər bankda 30 000 manat həddində olan və faiz dərəcəsi 12-ni ötməyən əmanətini sığortalayır. Bəziləri düşünür ki, əmanətlər dövlət tərəfindən sığortalanır. Bu əsla belə deyil. Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən dövlət yalnız səhmlərinin 50%-dən çoxu ona mənsub olan banklardakı (Beynəlxalq Bank və Azər-Türk Bank) əmanətlərə görə məsuliyyət daşıyır. Digər banklardakı əmanətlərə görə yalnız ƏSF cavabdehdir.

ƏSF qeyri-müəyyən statusa malik olan adi hüquqi şəxsdir. Dövlətin orada nə payı var, nə də ona hər hansı maliyyə dəstəyi verir. ƏSF-nin fəaliyyəti bütövlükdə banklar tərəfindən maliyyələşdirilir. Bununla belə ƏSF Mərkəzi Bankın simasında dövlət tərəfindən idarə olunur, lakin onun öhdəliklərinə görə dövlət və Mərkəzi Bank məsuliyyət daşımır ("Əmanətlərin sığortalanması haqqında" Qanunun 3.4-cü maddəsində əsasən). Əslində, bu, dünya təcrübəsinə uyğun deyil. Belə ki, xaricdə belə fondlara dair əsasən iki yoldan biri seçilir: 1) banklarla yanaşı dövlət də fonda maliyyə dəstəyi verir və əmanətlərə görə məsuliyyəti ən azı qismən öz üzərinə götürür, buna görə də fondu idarə edir; 2) dövlət bu məsələyə qarışmır, fond (və ya fondlar) özəldir, bütövlükdə banklar tərəfindən maliyyələşdirilir və idarə olunur. Bizdə isə maliyyəşdirməni banklar, idarəetməni isə Mərkəzi Bank həyata keçirir. Bu zaman heç bilinmir də ki, ƏSF (oxu: Mərkəzi Bank!) bankların maliyyə vəsaitlərini harada və necə saxlayır. Başqa sözlə, bankların ƏSF-yə ödədiyi vəsait faktiki olaraq Mərkəzi Banka verilən "xərac"dır. Sığortalanan əmanətlər üçün yuxarı faiz dərəcəsinin birdən birə 9%-dən 12%-dək artırılması o cümlədən bunu da təsdiq edir. Belə ki, devalvasiyadan sonra nəyin bahasına olursa olsun əhalini şirnikləndirərək əmanətlərin çıxarılmasının qarşısını almaq üçün banklar əmanətlər üzrə faiz dərəcələrini 9%-dən yuxarı qaldırdı. Yəni geniş şəkildə sığortalanmayan (ƏSF-yə "xərac" ödənilməyən) əmanətlər cəlb etməyə başladılar. ƏSF də yuxarı həddi artırdı ki, banklar əmanətlər üzrə "xərac"ı ödəməyi davam etsinlər.

Buna görə də burada iki mühüm risk var. Əvvəla, ƏSF sərəncamında olan maliyyə vəsaitini batıra bilər. Nəzarət və şəffaflıq olmayan yerdə hər şey ola bilər. Buna görə də ƏSF-nin idarə edilməsi banklara mənsub olmalıdır ki, onlar ödədikləri pula nəzarət edə bilsinlər. İkinci risk daha mühümdür: eyni zamanda bir neçə bankın müflis olduğu təqdirdə ƏSF-nin vəsaiti istənilən halda bütün əmanətçilərin tələblərini ödəməyə çatmaya bilər. Bu halda dövlətin üzərində heç bir məsuliyyət yoxdur. Başqa sözlə, əmanətlər batsa, dövlətin kompensasiya ödəmək vəzifəsi yoxdur. Buna görə də əhali bilməlidir ki, "Əmanətiniz sığortalanıb!" ifadəsinin arxasında qeyri-müəyyən statusa malik olan, qeyri-şəffaf qaydada idarə olunan və dövlətin ona heç bir aidiyyatı olmayan adi hüquqi şəxs dayanır".