Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 42 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiya iqtisadiyyatına 38 milyon 923 min ABŞ dolları birbaşa investisiya qoyub.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 %-dən 1,9 %-a düşüb.

9 ay ərzində Rusiya isə Azərbaycan iqtisadiyyatına 181 milyon 208 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ müqayisədə 85,1 % çoxdur.

Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 3,8 %-ə qalxıb.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7 % çox) təşkil edib.