Son məlumatlara görə, dünya bazarında neft ucuzlaşır, dollar isə bahalaşır. Son məlumatlara görə, dünya bazarında neft ucuzlaşır, dollar isə bahalaşır.

Qızıl ucuzlaşır

Son məlumatlara görə, dünya bazarında neft ucuzlaşır, dollar isə bahalaşır.



Bəs bütün bu proseslər dünyada ən etibarlı yatırım sahələrindən biri sayılan qızılın qiymətinə necə təsir edir? Dünyada və Azərbaycan bazarlarında qızılın durumu necədir?

Musavat.com-un bu suallarını cavablandıran iqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, hazırda dünya bazarında qızılın ucuzlaşması müşahidə olunur. Buna səbəb isə tələbatın azalmasıdır: "Hazırda dünya bazarında qızıla tələbat azalıb. Bu yaxınlarda Dünya Qızıl Şurasının birinci rüblə bağlı hesabatı açıqlandı. Onun nəticələri də göstərdi ki, dünya üzrə qızıla tələbat azalıb. Bunun səbəbi isə ən böyük qızıl istehlakçısı olan Çində qızıla tələbatın azalmasıdır. Hazırda ən çox qızıl istehlak edən ölkə Hindistandır, orada zinət məqsədilə istehlak olunan qızıla tələbat 22 faiz artıb. Banklar tərəfindən alınan qızılın həcmində isə hər hansı bir dəyişiklik olmayıb. İnvestisiya məqsədli qızılda cüzi artım olub.

Ümumən götürəndə qızıl qiymətində bahalaşma yoxdur. Buna səbəb odur ki, investorlar son dövrlər fond bazarına üz tutmağa başlayıb. Xüsusən də Avropa Birliyinə daxil olan ölkələrdə qiymətli kağızların yüksək gəlir gətirməsi ona səbəb olub ki, investorlar qiymətli kağızlara üstünlük verirlər. Bu baxımdan qızıla olan tələbat azalıb və ucuzlaşma da bununla bağlıdır".


Bu prosesin Azərbaycanın qızıl bazarına təsirinə gəlincə isə iqtisadçı bildirdi ki, bizdə qızıla olan tələbat çox azdır: "Mərkəzi Bank tərəfindən qızıl alınır və ehtiyatlara daxil edilir. Lakin zinət məqsədli qızılın istehsalı demək olar ki, yoxdur və xaricdən idxal olunur. Bu isə o deməkdir ki, dünya bazarında qızılın ucuzlaşması Azərbaycana da təsir edir. İlin əvvəlində qızılın bahalaşması müşahidə olundu. Səbəb isə o idi ki, qızıl aksiz vergisi tətbiq olunan mallar sırasına daxil edildi. İkinci səbəb isə manatın devalvasiyası idi. Çünki qızıl dollarla alındığından manatla ifadəsində dəyərini artırdı. Hazırda isə qızıla tələbat azalıb və bahalaşma müşahidə olunmur. İndi qızıl daha çox ucuzlaşmağa meyllidir".

S.Əliyevin sözlərinə görə, bundan sonrakı vəziyyət qızıla olan tələbatdan və dolların davranışından asılıdır: "Dolların dəyərindən asılı olaraq qızıl da ucuzlaşa və ya bahalaşa bilər. Bu sahəyə yatırımların edilməsinə gəlincə isə qızıl uzunmüddətli dövr üçün etibarlı yatırım vasitəsidir. Lakin qısamüddətli dövr üçün qızıla yatırım etmək elə də uğurlu variant deyil".