Fazil Mustafa da narazıdır

"Siyasi partiyalar haqqında" Qanuna görə, 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin məbləği məlum olub.

Gələn il partiyaları maliyyələşdirmək üçün ilk dəfə olaraq dövlət büdcəsindən 2 milyon manat ayrılacaq. Bu vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların sayına proporsional bölünür. Bununla bağlı Böyük Quruluş Partiyası müraciət qəbul edib.

AzNews.az həmin müraciəti təqdim edir: "Demokratik cəmiyyətlərdə dövlət büdcəsindən ayrılmalar müəyyən edilərkən ilk növbədə siyasi partiyalar diqqətə alınır. Qeyri-Hökumət Təşkilatları, Mətbuat adətən dövlətdən ya asılı olmayan və yaxud da az asılı olan müstəqil qurumlar kimi fəaliyyət göstərirlər. Təəssüf ki, olkəmizdə bu təcrübə reallaşmadı.

Böyük Quruluş Partiyası dövlət büdcəsindən partiyaların nəhayət ki, maliyyələşməsini müstəqil Azərbaycanın tarixində ilk addım kimi əlamətdar olduğunu təqdir etməklə bərabər, ayrılan vəsaitin miqdarının yetrəli olmadığı qənaətindədir.

Qeyri-hökumət sektoruna ayrılan vəsaitin 10 faizi miqdarında siyasi partiyalara maliyyənin ayrılması əslində ölkədə siyasi partiyalar sisteminin normal təşəkkül tapmasına, siyasi mühitin inkişafına, partiyaların ideoloji və təşkilati işlərinin normal qurulmasına əhəmiyyətli təsir etməyəcək. Ümid edirik ki, Nazirlər Kabineti öz qərarını yenidən gözdən keçirəcək və ayrılacaq vəsaitin miqdarının partiyaların real tələbatına yaxınlaşdırılması üçün optimal məbləği müəyyən edəcək".

İlkin Pirəli
AzNews.az