SOCAR-dan Avropaya mesaj - VİDEO

Azərbaycan “Türk axını” kəmərindən istifadə edə bilər.



ANS TV-nin məlumatına görə, SOCAR-ın vitse prezidenti Elşad Nəsirov bildirib ki, "Türk axını" ilə "Cənub Qaz Dəhlizi" rəqib deyil. Çünki Azərbaycanın qaz həcmləri 25 ilə satılıb, alıcılar onu qəbul etməlidirlər. Gələcək yataqlar üçün yeni boru kəmərləri lazımdır.

Elşad Nəsirov onu da bildirib ki, "Abşeron", "Ümid" və "Babək" kimi yataqlar gələcəkdə Azərbaycanda qaz hasilatını artırmağa imkan verəcək. Azərbaycanın isə iki variantı var: TANAP və TAP-ın genişləndirilməsi və ya üçüncü Enerji Paketi çərçivəsində "Türk axını"na çıxış.

Məsələnin iqtisadi tərəfini şərh edən mütəxəssislər bunu kifayət qədər əsaslı sayır. Onların fikrincə, söhbət daha çox TAP-dan gedir. Bu kəmərin genişləndirilməsinə çəkilən xərclərdənsə "Türk axını"ndan əlavə həcmlər üçün istifadə ağılabatan qərardır. Azərbaycanın Rusiya ilə əməkdaşlığa getməsinin başqa zərurəti də ola bilər.

Energetika üzrə ekspert Elnur Soltanovun fikrincə Qazprom və SOCAR güzəştli şərtlərlə rəqabət apararaq öz mallarını dünya bazarına çıxarsalar, burada udan alıcı olacaq.

Amma məsələ yalnız iqtisadi qanunauyğunluqlardan ibarət deyil. Siyasi tərəflər daha həlledicidir. Məlumdur ki, Yunanıstan Avropa birliyinə qarşı təzyiq vasitəsi kimi TAP-dan istifadə edir. Yunanıstan isə Rusiya ilə yaxınlaşır. Azərbaycanın "Türk axını"na pozitiv yanaşması Rəsmi Afinanın mövqeyini yumşalda bilər. Nəhayət, Elşad Nəsirovun açıqlaması rəsmi Brüsselə bir mesaj ola bilər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan prezidenti də ölkənin bazar problemi olmadığını, Şahdəniz qazının Türkiyəyə satıla biləcəyini açıqlamışdı.