“Hamı gözünü 35 milyarda dikib” – Qubad İbadoğlu

“Ölkədə hamı gözünü Azərbaycanın 35 milyard dollarlıq valyuta ehtiyatlarına dikib”.


AzNews.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

O, təklif edib ki, valyuta ehtiyatlarını unudub, əlavə maliyyə qaynaqları axtarılmalıdır: "Biri deyir ki, onu girov qoyaq borc götürək, o biri təklif edir ki, onunla büdcəni balanslaşdıraq, başqa birisi manatın sabitliyini qorumaq üçün xərcləyək. Unudun bu pulu! İslahatlar haqqında düşünün, əlavə maliyyə qaynaqları axtarın, yeni inkişaf modeli tapın, əvvəlki kimi bədxərclik etməyin. Bilin ki, bu ehtiyat ona görə yaranmayıb ki, böhrana qədər və ya böhran dövründə onu küləyə verək sovuraq".

Q.İbadoğlu vurğulayıb ki, son 10 ildə 80 milyard dollar neft pulu xərclənib: "Yaratdığımız 35 milyard dollar da gələcək nəsillər adına yığılıb. Məqsəd olub ki, guya bununla neft gəlirlərinin nəsillərarası ədalətli bölgüsünü təmin edək və göstərək ki, sivil ölkələrdə olduğu kimi biz də gələcək nəsilləri düşünürük. Eyni zamanda yalnız neft-qaz satışından deyil, onun gəlirlərinin idarəedilməsindən də qazanmaq niyyəti güdürük. Ona görə də valyuta ehtiyatlarını qorumaq lazımdır".

Ekspert qeyd edib ki, valyuta ehtiyatlarından istifadəni tənzimləyən qaydalar hazırlanmalı və bu zaman aşağıdakı təkliflər nəzərə alınmalıdır:

1.Dövlət Neft Fondunun məqsədləri rasional və aydın olmalıdır. ARDNF-in iki məqsədi olmalıdır:
1) valyuta ehtiyatlarını gələcək nəsillər üçün saxlamaq və səmərəli idarə etmək; 2) neft gəlirlərinin büdcəyə daxil olmasında qısa və orta müddətli dəyişkənliyi sabitləşdirmək;

2. Gələn ilin büdcəsinin müzakirəsindən əvvəl neft gəlirlərinin dövlət büdcəsinə transferini tənzimləyən fiskal qaydalar qəbul olunmalıdır.

3. Qeyri-neft büdcə kəsirinin azaldılması üçün qeyri-neft büdcəsi ilə carı xərcləmələr tarazlaşdırılmaldır.

4. Büdcədən yalnız ictimai və sosial xarakterli layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılmalıdır, bütün digər layihələr hökumətin neft və qeyri-neft gəlirlərindən kənar mənbələri hesabına maliyyələşməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az