“FED-in qərarı manata yaxşı təsir edəcək” - Ekspert

ABŞ-ın Federal Rezerv Bankı (FED) uçot dərəcəsinin dəyişdirilməməsi qərarına gəlib.



2006-cı ildən bəri uçot dərəcəsinə toxunmayan amerikalı maliyyəçilər "status-kvonu" saxlamağı əlverişli sayıblar.

AzNews.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov FED-in bu qərarını şərh edib.

Bildirib ki, uçot dərəcəsinin dəyişidirilməməsi həm ABŞ-da inflyasiya səviyyəsinin aşağı olması, həm də digər ixracatçı ölkələrdə həyata keçirilən yumşaq məzənnə siyasəti ilə əlaqələndirilir: "FED gələn ay keçiriləcək toplantısında uçot dərəcəsinə yenidən baxmasını mümkün sayır. Amma, analitiklər oktyabrdakı toplantıdan sonra mətbuat konfransının nəzərdə tutulmadığını əsas götürərək FED-in sükutu pozacağını güman etmirlər. 2 faizə yaxın inflyasiya dərəcəsinə malik olan Birləşmiş Ştatlarda ilin sonunadək bu həddin qorunub saxlanılacağı gözlənilir. Bu qərar artıq dünya səhm və valyuta bazarına təsir göstərməkdədir. Dow Jones indeksində 0.39, S&P indeksində 0.26 faiz eniş qeydə alınsada, Nasdaq mövqelərini qoruyub saxlaya bilib. Dünən dollar avroya nisbətən yenidən dəyər itirib. Belə ki, bir gündə 1.2 faiz dəyər qazanan Avropa pulu almaq üçün indi 1.14 dollar ödəmək lazım gəlir. Manat da FED-in qərarına reaksiya verib. Valyuta bazarımızda dollar ucuzlaşıb. Manatın dollara nisbətən məzənnəsi bu gün 1.0477-dən 1.0473-dək möhkəmlənib. Bununla yanaşı, rəsmi məzənnədə dünən 1 avro almaq üçün 1.1838 manat ödəmək lazım gəlirdisə, bu gün 1.1935 manatdan keçmək lazım gəlir".

Ekspert hesab edir ki, ABŞ bu qərarı ilə dolların dünya bazarına mövqelərinin kəskin möhkəmlənməməsi siyasətini dəstəklədi: "Aydındır ki, dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Baxmayaraq, ABŞ-da işsizlik aşağı rəqəmlə ifadə edilir, iqtisadi artım tempini qoruyub saxlayıb. Dolların kəskin möhkəmlənməsi Amerikanın ixracatına mənfi təsir göstərir. Xüsusilə əsas rəqibi olan Çin yuanı ucuzlaşdırıb və ixrac imkanlarını genişləndirib. O baxımdan FED sıfra yaxın faiz dərəcəsini qoruyub saxladı. Bununla yanaşı, ABŞ pulunun dünya bazarına mövqelərinə təsir göstərən bu qərar təbii ki, heç də dolların yaxın zamanlarda kəskin ucuzlaşması anlamına gəlməməlidir.


Milli valyutamızın məzənnəsi üçün FED-in bu qərarını məqbul hesab etmək olar. Belə ki, bu addım qlobal valyuta bazarındakı dəyişikliklərin manata təzyiqini azaldacaq. Manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti deyil, məhz dollar avro münasibəti nəzərə alınır. Bu ilin fevral ayından Mərkəzi Bank 2 valyutalı səbətdən istifadə edir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir. Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Buna görə də, FED-in son qərarı dolların manata təzyiqini azaltmaqla yanaşı gələcəkdə dünya bazarında avronun möhkəmlənəcəyi halda manatın da dollara nisbətən güclənməsinə gətirib çıxaracaq".

Vüqar Bayramov ABŞ-ın "möhkəm dollar" mərhələsinə qədəm qoymadığını qeyd edib: "Qlobal valyuta bazarının dərhal reaksiya verdiyi bu qərara manat da yerli bazarda dolları "cüzi sıxışdırmaqla" münasibət göstərdi".

Sevinc Yasinqızı
AzNews.az