“Yeni iş yerləri açılacaq” – Ziyad Səmədzadə

"Dünyanın 130 ölkəsi arasında yaxşı mənada borclanmaya görə sonuncu üçüncü-dördüncü yeri tuturuq".

AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin 2016-cı ilin büdcə zərfinə həsr olunmuş plenar iclasında çıxışında deyib.

Onun sözlərinə görə, qlobal dünya böhranı şəraitində Azərbaycanda iqtisadi strukturlar birgə çalışırlar: "Belə ki, 2016-cı il büdcəsi göstərdi ki, bu qurumlar koordinasiyalı çox tutarlı bir sənəd hazırlayıb Milli Məclisə təqdim ediblər. Təbii ki, bizim problemlərimiz də var. Odur ki, bizim hədəflərimiz yaranmış əlverişli demoqrafik siyasətə uyğun olaraq yeni iş yerləri yaradılmasıdır. Əlbəttə ki, indiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik. Artıq bu istiqamətdə böyük işlər görülüb, yeni iş yerləri yaradılacaq".

Komitə sədri deyib ki, dövlət başçısının təşəbbüsü ilə yaxın zamanlarda Vergilər Məcəlləsinə növbəti dəfə dəyişiklik ediləcək ki, bu da birbaşa sahibkarlığın inkişafına yönələcək: "Elə sahələr var ki, orada yeni iş yerləri yaratmaqla dövlətin gəlirlərini artıra bilərik. Belə olan halda da, Neft Fondunda toplanmış vəsaitləri iri layihələrə cəlb edərik. Həmçinin gizli iqtisadiyyatın ildə iki-üç faiz aşağı düşməsini reallaşdıra bilsək, bu, iqtisadiyatın inkişafında böyük nailiyyətə səbəb olar".

Z. Səmədzadə əlavə edib ki, dünyanın ən az borcu olan ölkələrindənik: "Manatın devalvasiyasından sonra borclanma bir az artdı. Amma biz təxminən dünyanın 130 ölkəsi arasında yaxşı mənada borclanmaya görə sonuncu üçüncü-dördüncü yeri tuturuq".

Z.Səmədzadə qeyd edib ki, "Müflisləşmə və iflas qaqqında", "İnvestisiya fondları haqqında", "Banklar haqqında", sığorta fəaliyyəti haqqında" qanun layihələrində dəyişiklik Milli Məclisin Plenar iclasında müzakirə edilərək birinci oxunuşda təsdiq edilib: "Hər 3 qanuna edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb. Belə ki, "Banklar haqqında" qanuna edilən dəyişikliklə aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək. Dəyişiklikdən öncə bu müddət konkretləşməmişdi. Kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır. "Sığorta fəaliyyəti haqqında" və "İnvestisiya fondları haqqında"qanuna dəyişiklik də eyni müddəanı nəzərdə tutur. Belə ki, sığortaçının əmlakının açıq hərrac yolu satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək. "Müflisləşmə və iflas haqqında"qanun layihəsinə edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı müavfiq olaraq "İnvestisiya fondları haqqında" və "Sığorta fəaliyyətihaqqında" qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək".