Bu gün kredit borcuna görə 34 yaşlı kişinin özünü yandırması olayı gündəmi zəbt edib. Bu gün kredit borcuna görə 34 yaşlı kişinin özünü yandırması olayı gündəmi zəbt edib.

“İntihara cəhd halları artacaq” – İqtisadçıdan bədbin proqnoz

Bu gün kredit borcuna görə 34 yaşlı kişinin özünü yandırması olayı gündəmi zəbt edib.

Bu olay ölkədə hər 3 nəfərdən birinin kredit borcun olduğunu, problemli kreditlərin isə həddən çoxluğunu və buna görə ölkədə artıq neçənci intihar və intihara cəhd hadisəsinin baş verdiyini bir daha gündəmə gətirdi.

Məsələ ilə bağlı AzNews.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov növbəti dövrlərdə prosesin daha da dərinləşəcəyini proqnozlaşdırıb: "Yüksək faizli kreditlər təqdim edən Azərbaycanda bu sahə çox həssasdır. Fevral devalvasiyasından sonra vəziyyət dəyişərək daha da mürəkkəbləşdi. Prosesdən sonra bir çox borclar kəskin şəkildə bahalaşdı. Yəni, bu insanların aylıq gəlirlərinə uğyun olmadı, nəticədə ödənişlərin verilməməsi, borc öhdəliklərinin yerinə yetirilməməsi əlavə olaraq, yeni borc yükü yaratdı. Kredit faizləri şişdi, borclara əlavə cərimələr əlavə olundu. Bunun nəticəsində də həm vətəndaşlar, həm də bankların özü üçün cox ciddi riskli dövr yarandı. Hazırda rəsmi rəqəmlər göstərir ki, 6,8 faizə yaxın problemli kredit var.

Bizim banklarla müzakirələrimiz də onu göstərir ki, əksər bankların problemli kredtlərinin həcmi 30 faizdən yuxarıdır. Bəzi səbəblərdən bu rəqəmlər göstərilmir. Lakin onu deyə bilərəm ki, vəziyyət həqiqətən də acınacaqlıdır".

Ekspert hesab edir ki, əhalinin gəlirlərində 2014-cü illə müqayisədə kəskin azalma müşahidə olunur: "Bir çox iş yerləri bağlanır, şirkətlər, müəssisələr iflas edir, xüsusi ilə də orta sahibkarlıqda böyük problemlər yaranır. Vətəndaşlar öz borc öhdəliklərini yerinə yetirə bilmirlər. Bu məsələdə vətəndaşlar bəzi banklar tərəfindən təzyiqlərlə üzləşirlər. Qeyri-rəsmi olaraq vətəndaşların hansısa formada güc strukturları ilə hədələnməsi, bank borclarına görə məhkəmə proseslərinin başlanması onlarda pessimizmin yaranmasına səbəb olur. Növbəti illərdə isə vəziyyətin daha da çətin olacağını nəzərə alsaq, bu kimi halların artacağını da istisna etmək olmur. Vətəndaşlar çətin vəziyyətlə üz-üzə qalıb. Belə bir vəziyyətdə bankları və hökuməti bu məsələ ilə bağlı düşünməyə və qərarlar qəbul etməyə çağırmaqdan başqa əlimizdən heç nə gəlmir".

Bahar RÜSTƏMLİ
AzNews.az