Gürcü "qanuni oğru" Laşa Şuşanaşvili Yunanıstanda 14 il azadlıqdan məhrum edilib. Beynəlxalq cinayətkar qruplaşmanın rəhbəri hesab edilən Şuşanaşvili soyğunçuluq, sui-qəsdə cəhd, eləcə də rus mafiyasının tanınmış nümayəndələrinin qətli kimi cinayətlərdə ittiham edilib. Dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən dəstə ilə bağlı ittihamları rədd edən "qanuni oğru"nun məhkəməsi iyulun 10-da başlayıb və yüksək təhlükəsizlik şəraitində keçirilib. Şuşanaşvili 2012-ci ilin yanvarında saxta pasportla Afinanın yaxınlığında saxlanılıb. İspaniya hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi Şuşanaşvilinin əvvəlcə bu ölkəyə təhvil verilməsi nəzərdə tutulsa da, sonradan məhkəmənin Yunanıstanda keçirilməsi qərar alınıb. İspan mətbuatının yazdığına görə Şuşanaşvili uzun müddət həbsdən gizlənmək üçün yunan polisini satın alıb və bu məqsədlə 800 min avro rüşvət verib.
Elnur
AzNews.az